Moto-kuryerlərlə bağlı ÖNƏMLİ AÇIQLAMA - Ciddi fəsadlar olacaq...
31-08-2024, 00:08
Ötən gün gecə saatlarında yük maşını və mopedin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə kuryer işləyən mopedin sürücü benzin daşıyan yük avtomobilinin təkərləri altında qalaraq ölüb. Faciəvi hadisə ölkədə fəaliyyət göstərən minlərlə moto-kuryerin təhlükəsizliyini bir daha gündəmə gətirir.
Digər moped sürücülərinin aqibətinin də belə olmaması üçün hansı tədbirlər görülməlidir?
Analoji qəzalarla bağlı “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı moto-kuryerlərin bəsit səhvlərə yol verdiyini vurğulayıb: socar vakansiya
“Moto-kuryerlər, ümumiyyətlə, moped, motosiklet sürücüləri ilə bağlı son vaxtlar narahatlıq doğuran vəziyyət müşahidə edilməkdədir. Onların iştirakı ilə baş verən qəzalarda primitiv səhvlərə yol verilir. Bu da acı və ağır hadisələrlə nəticələnir. Təəssüf ki, belə hadisələrə görə həmin nəqliyyat vasitələrinin sürücüləri həyatlarını itirirlər. Nəticənin faciə doğurmaması üçün sürücülərin diqqətli olması, yol hərəkəti qaydalarına əməl etməsi lazımdır. Təəssüf ki, onlar bəzən idarə etdikləri nəqliyyat vasitəsinə bir oyuncaq kimi baxırlar. Dəfələrlə bu şəxslərə xəbərdarlıq olunub, müxtəlif tədbirlər görülüb. Texniki nasaz nəqliyyat vasitələri ilə yola çıxan moped sürücüləri, eyni zamanda digər qayda pozuntularına yol verənlər də var”.
Ekspert məsələ ilə bağlı bir sıra tövsiyələr də verib:
“Belə hallarla mübarizə aparmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün təbliğat işlərinə ehtiyac var. Sözügedən nəqliyyat vasitəsinin sürücüləri hər hansı bir şirkətin əməkdaşlarıdır. Bu baxımdan, hesab edirəm ki, bu şirkətlərlə elə bir iş qurmaq lazımdır ki, onlar öz əməkdaşlarına təsir edərək, yol hərəkəti qaydalarına əməl etmələri üçün razılaşsınlar. Əks halda, çox ciddi fəsadlarla qarşılaşacağıq”.