“700 mini götürürdümsə, 136 mini də gözünə qatıb mənimsəyərdim”

31-08-2024, 08:24           
“700 mini götürürdümsə, 136 mini də gözünə qatıb mənimsəyərdim”
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı general Nizami Məmmədovun da olduğu 4 nəfərlik dəstənin məhkəmə istintaqı yekunlaşma yönündə davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclas müdafiə tərəflərinin vəsatətlərinin müzakirəsinə həsr edilib.

Əvvəlcə general Məmmədovun vəkilinin vəsatətlərindən başlayaq. Vəkil Rəşad Mirmehdizadə bundan əvvəlki iclasda müvəkkilindən əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş general-mayor Namiq Poladovun şahid qismində məhkəmədə dindirilməsini istəmişdi. Məhkəmə isə vəsatəti əsassız sayaraq rədd etmişdi.

Müdafiəçi bu gün eyni vəsatəti təkrar qaldırıb. Deyib ki, Poladovun dindirilməsinin zəruri olmasını sübut edən yeni əsasları var:

“Namiq Poladov bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib. Artıq iş başında da deyil. Hesab edirik ki, gəlib bizə maraqlı qalan məsələləri rahatlıqla aydınlatmaq imkanı var. Çünki söhbət 4 milyon 600 min manat müəmmalı mənimsəmə məbləğindən gedir. Müvəkkilimin ayağına yazılmış həmin məbləğ məhz onun dövrünü əhatə edir. İstintaq vaxtı ətraflı ifadə verib. İndi də gəlib burada desin ki, yox, belə deyil-elədir. Xahiş edirik, məhkəmə öz gücünü göstərib onu iclasa çağırsın”.

Namiq Poladovun iş üzrə müəyyən suallara cavab verməsi üçün növbəti prosesslərin birində məhkəməyə çağırılacağı gözlənilir.

Generalın vəkili daha sonra bu işlə bağlı ittiham olunan və hazırda istintaqı davam edən polkovnik Rafail Xələfovdan danışıb. O, Xələfovun istintaqda dediklərinin məhkəmədə dediklərindən fərqli olduğunu bildirib. Təqsirləndirilən polkovnik Cəlal Kazımov da vəkilin dediklərini təsdiq edib. Polkovnik özü Rafail Xələfovun təkrar məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Digər müttəhim Vüsal Əlizadə “Rafail verilən sualların 90 faizinə cavab verməyib”, - deyərək vəsatəti müdafiə edib.

Hakimlər bu vəsatətləri ətraflı müzakirə etdikdən sonra qərarı növbəti iclasda elan edəcəklər.

Quru Qoşunların Maliyyə Xidmətinin rəisi işləmiş polkovnik Bayram Bayramov da bu iclasda uzunmüddətli sükutunu pozub. O, Gəncə şəhəri və Daşkəsən rayonundakı əmlaklarının üzərinə həbs qoyulmasından narazılığını dilə gətirib. Polkovnik həmin əmlaklar üzərindəki həbs qərarının götürülməsini xahiş edib.

Bayram Bayramov daha sonra tabeliyindəki N saylı hərbi hissədə aşkarlanmış 4 milyon 719 min manatlıq mənimsəmə epizodundan danışıb. Polkovnik həmin məbləğin 719 min manatlıq hissəsini qəbul etmir. Deyir ki, 2020-ci ildə müharibə vaxtı hərbi hissəyə ehtiyatda olan zabit, gizir və MAXE-lər ezam edilib. 719 min manat da onlar arasında bölünüb. Sonradan da deyiblər ki, həmin vaxtı hesab sənədləri məhv edilib:

“700 mini götürürdümsə, həmin vaxt ayrılmış 136 mini də onun gözünə qatıb mənimsəyərdim. Xahiş edirəm, bu məsələ araşdırılsın”, - Bayramov əlavə edib.

Polkovnik bu məsələnin üzə çıxması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib. Hesab edir ki, həmin vaxt hərbi hissəyə ezam olunan hərbçilərin sayını müəyyən etdikdən sonra hər şey aydın olacaq.

Nizami Məmmədov və polkovnik Cəlal Kazımovun vəkili qəbul etmədikləri mənimsənilən məbləğlərlə bağlı təkrar məhkəmə-komission ekspertiza keçirilməsini, polkovnik Kazımovun müdafiəçisi isə əlavə olaraq “ölü canlar”ın adına yazılan 1 milyona yaxın pul yazılmasında iştirak edən şəxslərin məhkəməyə çağırılmasını istəyib.

Məhkəmə sonuncu vəsatətlər geniş olduğu üçün tələsik qərar vermək istəməyib.

Növbəti iclas sentyabrın 13-nə təyin edilib. Həmin iclasda həm budəfəki vəsatətlərlə bağlı qərar elan ediləcək, həm də digər vəsatətlər müzakirə ediləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri- Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.