Dünyanın "ən qorxulu" avtomobili: Ultranadir "Shelby Cobra 427 Super Snake"

31-08-2024, 17:09           
Dünyanın "ən qorxulu" avtomobili: Ultranadir "Shelby Cobra 427 Super Snake"
Ultranadir "Shelby Cobra 427 Super Snake" avtomobili indiyə qədər hazırlanmış ən qorxulu maslkarlardan biridir.

Avtomobilin xüsusiyyətləri barədə Oxu.Az "Supercarblondie.com"a istinadən məlumat verir.

1965-ci ildə hazırlanmış "Super Snake" Kerroll Şelbinin şəxsi kolleksiyasının bir hissəsi olub.

Şelbi onu "Bütün "Cobra"ların sonunu gətirəcək "Cobra" adlandırırdı.

Bu avtomobil real gücə malikdir və yolda əsl "başağrısı" olması ilə tanınır.

Nadir "Shelby"lərin bir neçə nümunəsi var, məsələn, 1965-ci ilə aid "GT350 Shelby", yalnız 937 nüsxə istehsal edilən "Shelby GT350 Sportsroof" və s.

Ancaq nadirlərin ən nadirinə gəldikdə, bu titul "CSX 3015 Shelby Cobra 427 Super Snake"ə məxsus olmalıdır.

Özündə möhtəşəm görünüş və inanılmaz sürəti birləşdirən "Super Snake", hətta özünə ən çox güvənən sürücüləri də qorxutmağa qadir idi.

"Mən 1966-cı ildə bu ikikompressorlu "427 Cobra"nı hazırlayanda istəyirdim ki, o, yolda ən sürətli, ən "qəzəbli" avtomobil olsun", - deyə 2006-cı ildə Şelbi bildirib.

427 kub düymlük (7 litrlik) standart "Cobra V8" mühərriki ilə təchiz edilmiş "CSX 3015" bir deyil, iki "Paxton" super kompressoruna malikdir ki, onlar da 800 at qüvvəsi hasil etmək iqtidarındadırlar.

Avtomobil təxminən 321 km/saat (200 mil/saat) sürət yığa və cəmi üç saniyəyə 0-dan 100 km/saata (0-60 mil/saat) qədər sürət götürə bilirdi.

Bu, 1.81 saniyəyə 0-dan 100 km/saat sürətə çata bilən "Rimac Nevera R" avtomobili qədər olmasa da, "Cobra"nın 1960-cı illərdə istehsal edildiyini xatırlamaq vacibdir, o zaman tamamilə kobud şəkildə güc mövcud idi və heç bir texnologiya yox idi.

Avtomobilin ikinci versiyası "CSX 3303" azyaşlıya qarşı cinsi təcavüzdə təqsirli bilinərək rüsvay olan komediya ustası Bill Kosbi üçün yaradılmışdı, lakin o başa düşdü ki, avtomobili idarə etmək və nəzarət altında saxlamaq çətindir.

Daha sonra avtomobil Toni Maksi adlı şəxsə satılıb və onun da Kosbi kimi, eyni problemlərlə qarşılaşdığı bildirilir. Və nəticədə "CSX 3303" Maksini həyatdan aparıb. Bir gün o, maşın sürərkən idarəetməni itirib və qayadan yıxılaraq Sakit Okeanın sularına düşüb.

Faciə o demək idi ki, "CSX 3015" geriyə qalan yeganə "Shelby Cobra 427 Super Snake" idi.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.