Qarabağda torpaq bölgüsü necə aparılacaq?
14-09-2024, 00:02
İşğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri və layihələr həyata keçirilir. Artıq minlərlə sakin öz doğma yurd-yuvalarına qayıdıb.
Azad edilən ərazilərdə torpaqların bölünməsi məsələsi gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilib, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Qarabağda torpaqlardan səmərəli istifadə ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub.
Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, torpaqlar 3 kateqoriyada bölünəcək:
“İşğaldan azad edilən rayonların əraziləri məlumdur. Ərazilər hökumətin qərarı ilə artırıla və azaldıla bilər. Bu zaman, sözsüz ki, əhalinin sayı, burada həyata keçiriləcək infrastruktur layihələri nəzərə alınır. Dövlət mülkiyyətində, şəxsi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar xüsusi komissiyaların nəzarəti altında xəritələri çəkilməklə və dəqiq ərazilər müəyyən edilməklə bölgü aparılacaq. Elə insanlar var ki, azad şəhərlərdə və mərkəzdə yaşayıblar. Onların həyətyanı torpaq sahələri olur. Ancaq yenidən şəhərsalmanın tələblərinə əsasən mərkəzdə uca binalar tikildiyinə, müasir infrastruktur layihələri həyata keçirildiyinə görə həmin şəxsə digər sahələrdən, onun razılığı əsasında torpaq sahələri verilə bilər. Bələdiyyələrdə o ünvanla özlərinin torpaq sahələrinə sahib olacaqlar”.
T.Rzayev vurğulayıb ki, burada heç bir çətinlik yoxdur:
“Çünki müasir texnologiyalar əsasında peyk sistemi vasitəsilə bu torpaqların sahələri müəyyən olunur. Əlbəttə, işğaldan azad olunmuş bəzi rayonların sahəsi həddindən artıq çoxdur. Məsələn, Laçın rayonunun 100-dən artıq kəndi var. Eləcə də Kəlbəcərdə kiçik-kiçik kəndlər var. Bu kəndlərin birləşdirilməsinə ehtiyac var. Ancaq əhalinin sayına, yerləşdiyi əraziyə görə torpaq bölgüsü aparılacaq. Bu qanunauyğundur. Hesab edirəm ki, ərazilərdə yaşayan hər bir insanın əmlak və torpaq hüququ təmin ediləcək”.