Qərbi Azərbaycan Xronikası: "Ermənilər rayon mərkəzində insanlara hücum edirdilər"

17-09-2024, 16:58           
Qərbi Azərbaycan Xronikası: "Ermənilər rayon mərkəzində insanlara hücum edirdilər"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, iqtisad elmləri doktoru Elşən Qurbanov olub.

O, ata-baba yurdu Göyçə mahalı barədə danışıb.

Bildirib ki, orta və ali təhsil aldıqdan, xaricdə təhsilini davam etdirdikdən sonra da Basarkeçər rayonunun Nərimanlı kəndi ilə əlaqəsini itirməyib. Hər il may-avqust aylarında yay tətilini babası Fərhad Cəlilovun Nərimanlı kəndindəki evində başa vurub. Onunla bərabər, bütün nəvələr baba ocağına toplaşaraq qayğısız günlər keçiriblər.

Qeyd edib ki, Göyçədə yaşadığı günlər ömrünün ən gözəl anlarıdır.

Nərimanlının tarixindən söhbət açan professor söyləyib ki, 1927-ci ilə qədər bu yaşayış məntəqəsinin adı Hüseynquluağalı olub.

Onun sözlərinə görə, Nərimanlı qədim tarixi, əhalisinin elm və təhsilə sonsuz marağı, tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə xüsusi diqqət çəkib. E.Qurbanov ötən əsrdə ermənilərin Qərbi Azərbaycanda törətdiyi soyqırımı və deportasiyalara da toxunub.

Vurğulayıb ki, XX əsrin əvvəllərində evlərindən zorla qovulan soydaşlarımızı ermənilər Sümüktökülən adlanan dərəyə salaraq öldürüblər. Müsahib deyib ki, 1980-ci illərdə həmin ərazidə insan sümüklərinin tapılması ata-babalarından eşitdiyi bu faktı bir daha təsdiqləyib.

Professor qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı daim ayrı-seçkilik olub. Basarkeçər rayonunun mərkəzində ermənilər azərbaycanlılara çox pis münasibət göstəriblər. Hətta fürsət düşəndə, "Türkləri öldürün" qışqıraraq azərbaycanlılara hücum edib, onları fiziki-mənəvi zorakılığa məruz qoyublar.

1988-ci il hadisələrini xatırlayan E.Qurbanov bildirib ki, o dövrdə azərbaycanlı əhalidən ov silahları yığılsa da ermənilər avtomat və digər odlu silahlarla təmin olunublar. Azərbaycanlı əhalinin silahsız olduğunu bilən əli avtomatlı ermənilər soydaşlarımızın yaşadığı kəndlərə, o cümlədən Nərimanlıya daxil olub, əhalini hədələyib, yerli sakinlərdən evlərini tərk etməyi istəyiblər. Silahlı quldur dəstələrə əliyalın müqavimət göstərməyin qeyri-mümkün olduğunu, eyni zamanda qadın, uşaq və qocaların həyatı üçün böyük təhlükə yarandığını görən nərimanlılar məcburən didərginə çevrilib, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Professor vurğulayıb ki, ermənilər azərbaycanlıları deportasiya etməklə sadəcə tarixi ərazilərimizə sahiblənməyiblər, eyni zamanda milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə böyük zərbə vurublar.

E.Qurbanov ümummilli lider Heydər Əliyevin sovetlər birliyi dövründə Qərbi Azərbaycandakı soydaşlarımıza dəstəyindən, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qayıdış Konsepsiyasının hazırlanmasından, Qərbi Azərbaycan İcmasında ziyalılarla keçirilən görüşdən də danışıb. Göyçə üçün burnunun ucunun göynədiyini dilə gətirən professor söyləyib ki, Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın problemlərini beynəlxalq aləmə çatdırmaq, tarixi torpaqlarımıza qayıdışı sürətləndirmək üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.