Azərbaycanda abortun çoxalmasının səbəbi nədir? - VİDEO
21-09-2024, 16:43
Son illərdə ölkədə abort etdirənlərin sayı iki dəfədən çox artıb. Ötən il ölkədə 73 816 abort qeydə alınıb. Bu isə son 13 ildə abort etdirənlərin sayının 2.7 dəfə artması deməkdir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Rafiq Mahmudov "Xəzər Xəbər"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, abort etdirənlərin siyahısında yetkinlik yaşına çatmayanlar da var. 15-17 yaş aralığında olan 68 qadın abort etdirib.
Rafiq Mahmudov abortların sayının kəskin artmasını cinsi tərbiyənin düzgün verilməməsi ilə də əlaqələndirir. Onun sözlərinə görə, selektiv abortlar da üstünlük təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun nümayəndəsi Aynurə Əmirova bildirdi ki, abortlar yalnız döldə və ya hamiləlikdə ciddi problemlər olduğu zaman könüllü şəkildə mümkündür.
Qeyd edək ki, ötən il abort etdirən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığında olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.