Maşını özləri yuyanlara gizli təhlükələr barədə xəbərdarlıq: Nələrə diqqət etmək lazımdır?
21-09-2024, 10:21
Özünəxidmət yuyucu məntəqələri çoxdan sürücülər arasında populyarlaşıb. Lakin vaxt və pul qənaəti kimi aşkar üstünlüklərə baxmayaraq, bu üsul maşın üçün gizli təhlükələr daşıya bilər.
Oxu.Az-ın "Rossiyskaya Qazeta"ya istinada məlumatına görə, rusiyalı avtomobil mütəxəssisi İqor Boyarski özünəxidmət yuyucu məntəqələrindən istifadə edərkən nələrə diqqət yetirmək lazım olduğunu danışıb.
Onun sözlərinə görə, ilk növbədə, suyun keyfiyyəti əsas rol oynayır.
"Sərt, ya qarışıqları olan, xüsusilə isti və yüksəktəzyiqli su istifadə edildikdə avtomobilin vəziyyətinə mənfi təsir göstərə bilər. Bu, boya örtüyünün zədələnməsinə və korroziyanın sürətlənməsinə səbəb ola bilər", - deyə o bildirib.
Mütəxəssis, həmçinin güclü fırçalar və ya abraziv materiallardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.
"Onların üzərindəki qum və digər hissəciklər avtomobilin gövdəsində cızıqlar və sürtünmələr yarada bilər", - deyə o bildirib.
Boyarski suyun yüksək təzyiqinin də problemlərə səbəb ola biləcəyini deyib.
"Yüksəktəzyiqli su kipləşdiriciləri və rezinləri zədələyə bilər ki, bu da gələcəkdə sızmalara və digər problemlərə gətirib çıxara bilər".
Ekspert bəzi yuyucu məntəqələrində pis drenaj sisteminin təkər qövslərini və ya altlıq kimi çətin əlçatan yerlərdə suyun yığılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və bunun korroziya riskini artırdığını deyib.
"Köpüklü təmizləyicilərdən və ya yuyucu vasitələrdən tam yuyulmadan istifadə də boya örtüyünə zərər verə bilər", - deyə o əlavə edib.
"Bundan əlavə, özünəxidmət yuyucu məntəqələrindən istifadə edərkən çətin əlçatan yerlərdə, məsələn, əyləc supportunun ətrafında və ya asqıda çirk qalıqları qala bilər. Bu, uzunmüddətli perspektivdə korroziyaya və digər problemlərə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.
O, özünəxidmət yuyucu məntəqələrindən istifadə edərkən suyun keyfiyyətinə, istifadə olunan materiallara və avadanlıqlara diqqət yetirməyi, həmçinin çətin əlçatan yerlərin diqqətlə təmizlənməsini unutmamağa çağırıb. Mütəxəssisin sözlərinə görə, yalnız bu yolla potensial zərəri minimuma endirmək və avtomobilinizi əla vəziyyətdə saxlamaq olar.