772-ci batalyon

28-05-2015, 22:11           

772-ci batalyon

Həmsöhbətim 772-batalyonun komandir müavini
Cəbrayıl Həbidov
Batalyonun yaradılması haqqında sizə danışılanları məqalədən oxudum. Danışılanlara bircə əlavəm odur ki, batalyonun arxivi Gəncədə yandı və indi sənədlərimizdə kəsirlərimiz çoxdur...

Iyun döyüşləri.

- İyun döyüşləri haqqında bizimlə xatirələrinizi bölüşmınizi istərdim.
- Bizim kəşfiyyatçılar erməni mövqelərinin yaxnında idi bizə məlumat verdilər ki, ermənilər mövqelərimizə tərəf hərəkətə başlayıb. Onlar kəşfiyyatçılarımızın yanından ötüb keçmişdilər. Səhər saat 5-6 arası idi. Ermənilər mövqeylərimizə tərəf irəliləyirdi. Göstəriş verdim ki, atəş açılmasın, onlar iki dağın arasına enənə qədər gözləyək. İrəlidə olan kəşfiyyatçılardan əlaqə yaradaraq, irəliləyən düşmən qüvvəsinin nə qədər olması haqqında məlumat aldım. Verilən məlumata əsasən irəliləyən qüvvə bir batalyon idi. Kəşfiyyat qrupuna göstəriş verdim ki, döyüş başlayandan sonra ermənilərin arxadan gələcək mümükün köməyini vursunlar, amma irəliləyən bu batalyona qarşı heç bir atəş açılmasın.
Ermənilər dərəyə töküldükdən sonra bölük komandiri mənə dedi ki, 30-50 metrə aramız qalıb, dedim hələ gözləyin. Onlar üzü yuxarı qalxanda atəş başladı. İki saat yarıma qədər döyüş getdi. Mən vəziyyəti qiymətləndirdikdə, əvvəldən bilirdim ki, onların dərəyə düşməsinə imkan verdikdən sonra geri qaçacaq imkanları qalmayacaq. Bizim Əfqanıstanda bir döyüş taktikamız vardı: at nalı. Erməniləri bu döyüşdə də məhz bu taktikadan istifadə edərək, çətin vəziyyətə düşürmüşdüm. Erməni tərəfdən bizə AQS və minaatanlardan atəş açılırdı, bizim yaralılarımız da vardı. Bölük komandirləri çox cəsur döyüş apardılar. Erməni qüvvələri darmadağın edildi.
Komandirin iki müavini vardı, biri mən, digəri təlim-tərbiyyə üzrə bir ba. Çox gənc idi, bizə təzə gəlmişdi, 21-22 yaşı olardı. Ailənin tək övladıydı. Mən onu qorumağa çalışırdım. Döyüşdə də ona dedim ki, sən dur yuxarıda, o, imtina etdi, ilk döyüşü idi, qorxmadı və cəsarət nümayiş etdirdi. O, mənimlə aşağı endi. Mən bir qrup yerləşdirmişdim aşağıda erməniləri qarşılayacaq, onlar könüllülərdən ibarət idi, aralarında dediyim komandir müavini və rəhmətlik Bəhruz Nuriyev də vardı. O, bizimlə reyd dəstəsində də qulluq etmişdi. Bəhruz qeyri-adi cəsarətə malik bir döyüşçü idi. Əsgərlərin döyüş ruhunu qaldırmaq üçün çox addımlar atdı. Bizdə əksər döyüşçülər yeni çağırışçılar idi və ağır döyüş görməmişdilər. Onlar üçün həm fiziki, həm də mənəvi cəhətdən döyüş ağır idi. Həm də erməni var gücü ilə müqavimət göstərirdi, əsl ölüm-dirim döyüşü gedirdi. Bəhruz ayaq üstə durub, əsgərlərə patron paylayırdı, onun bu cəsarəti əsgərlərə inam verirdi, zabitin belə qorxmazlığı onlarda ruh yüksəkliyi yaradırdı.
Bu döyüşdə bizim 11-12 yaralımız, iki şəhidimiz oldu, biri hissəmizin əsgəri, digəri isə könüllü döyüşçü Bəhruz idi...
Erməninin bir batalyon əsgəri orada məhv edildi. Mən sayı dəqiq deyə bilmərəm, amma bu döyüşdən sonra ermənilərdən 6 ədəd PK götürmüşdük.
Bu arada Lüləsazı (Akom komari) biz hardasa 3 dəfə (93-ün yayında və 94-ün yanvarında) götürmüşük. İlk kəs götürəndə 6-7 çavuşumuz şəhid olmuşdu. Mingəçevir batalyonu vardı, orada zabit əvəzi gizirlər idi. O hərbi hissəyə təhvil vermişdim. Bir dəfə də Akop kamarini alaraq Tərtər batalyonuna təhvil vermişik. Digəri xatirimdə deyil, amma hər dəfəsində biz oranı şəhidlər verərək azad etmişdik.
Akop kamaridən sonra bizi Papravəndə göndərdilər. Səhər saat 7:00-dan başlayan döyüş axşam saat 21:00-a qədər davam etdi. Ermənilər hay-küy salaraq hücuma atılmışdılar. Avtomatın lüləsində olan başlığı çıxaranda, avtomat bərk səs çıxarır, sanki, PK-dan güllə atılır. Onlar da bu başlığı çıxarmış və bilərəkdən səs-küy yaradırdılar. Məqsəd vahimə yaratmaq idi...
Komandir məni ailədən 2 şəhid verdiyimiz üçün döyüşlərə buraxmasa da vəziyyət ağır olduğunda çağırırdı. Bu dəfə də komandir mənimlə əlaqə yaradaraq, hissədən nə qədər adam varsa özümlə döyüş ərazisinə gətirməmi istədi. Mən də aşbazımıza qədər hamısını götürüb getdim. Günorta saat 12:00 radələrində əraziyə yetişdik. Biz çatanda 3-cü bölüyün demək olar ki, 50%-i yaralı olmaqla döyüş qabiliyyətini itirmişdi, bölük komandiri Araz Quliyevin (ləqəbi: Saddam) yanına snaryad düşərək qolunu üzmüşdü. Mən gələn kimi ilk ona yardım etməyə çalışdım. Onu qolarıma alanda gördüm ki, qolunu sarısalar da çiyin hissəsindən boğaz nahiyyəsinə qəlpə girdiyini görməyiblər, mənim qollarımda keçindi, şəhid oldu. İndiyə qədər bu hadisə gözüm önündən getmir
Bölükdən əli silah tutan18-20 əsgər qalmışdı. Komandir əmr verdi ki, birinci bölüyün arxası açıqdır, oraya getmək lazımdır. Mən gətirdiyim kömək və 3-cü bölükdən qalan əsgərləri götürüb qalxdım yuxarı. Bölüyün arxası bağlanmalıydı ki, mühasirəyə düşməsinlər. Ağdam-Ağdərə-Papravəndin arasından yol keçir, bu yolla ermənilər Ağdam tərəfdən keçib, Ağdərəyə gəlirdilər. Özləri ilə top gətirirdilər. Tankları vuruldu, PDM2-lərlə Papravəndə qalxdılar... Çox ağır döyüş oldu.
Bundan sonra çox döyüşlərimiz oldu...

* * *

Həmsöhbətim 772-reyd dəstəsinin döyüşçüsü
Yalquzaq.

Lüləsaz (Akop kamari)

1993-cü il 8-10 iyun, ermənilər Ağdərə istiqamətində 3 aylıq nisbi sakitlikdən sonra 15 km Ağdam-Ağdərə cəbhəsi boyu irimiqyaslı hücuma keçmişdilər. Ağdamın Qalayçı kəndi daxil olmaqla artıq kəndləri işğala başlamışdılar. Bizi də mövqeyləri geri almaq üçün Lüləsaza (Akop kamari) göndərdilər. İyun ayının 13-ü idi. Oraya gedərkən Tərtər batalyonu ilə rastlaşdıq. Ərazidən saxlaya bilmədiklərinə səbəb geri çəkilirdilər. Bir gün əvvəl onların kəşfiyyat qrupu da ermənilər tərəfindən pusquya salınmışdı. Bizim yeni çağrışçılardan ibarət heyəti gördükdə ironiyayla bizə dedilər ki, bunlarla gedirsiniz döyüşə? ... Bizim şəxsi heyətin ilk döyüşü idi. Məhz bu döyüşdən sonra bizə münasibət dəyişdi.
1992-ci il noyabrda könüllülər buraxılması haqqında qərar qəbul edildi. Bizimlə Müdafiə Nazirliyi 2 illik kontrankt bağlamasına baxmayaraq, kontraktlar 7-8 aydan sonra pozuldu və könüllülər israrla ehtiyata buraxıldı. Hərbi mükəlləfiyyət qəbul edənlər orduda qaldı və rütbələr aldı, ali savadı olan döyüşçülərə bir aya rütbələr verilirdi, texniki savadı olanlar isə gizir oldu, bizim 772-nin bəzi könüllülərimiz MN-nə gedərək müraciət etdilər ki, mövcud qanunvericiliyə uyğun olaraq onlarla 3 aylıq müqavilə bağlansın və öz hərbi hissələrində qalaraq döyüşə davam etsinlər. Elələri də vardı ki, müqaviləsiz gəlirdilər. Onların bir çoxu beləcə 3 aylıq müqavilə ilə bizə gəlir və müqavilə başa çatdıqdan sonra geri qayıdırdılar. Belə könüllülərimizdən biri də Bəhruz Nuriyev idi. O, paylaşdırmada bizim bölüyə düşdü...
Biz Lüləsaz ətrafında mövqey tutduq. Bizdən xeyli hündürlükdə səngər qazdığını görürdük. 14 iyun səhər 11-də o ərazilər bizim ordu, biriqada tərəfindən artilleriya atəşinə tutuldu. Bizə döyüş əmri saat 12-də verildi, hava çox istiydi, həm də düşmən bizi açıq-aydın görürdü. Adətən isə hücum səhər erkəndən olur, düşmən gəlişini görməsin və isti yay günlərində səhər hücumu onunla da yaxşı idi ki, günortanın istisi dözülməz olurdu. Bəhruz bir tağımı götürüb, hər hansı tapşırıq əmri olmadan sol tərəfdən irəli keçdi. Mərd adam idi. Sağ tərəfdən bizim bir tağım hündürlükdən, sol tərəfdən isə digər bölüyümüz "Alma bağı" istiqamətindən hücuma keçmişdi. Cəmi bir saat döyüş getdi və bizim tərəfimizdən mövqe geri alındı. Bir gün əvvəl ərazidə səngər qazan ermənilərin meyidi də ərazidə qalmışdı. İkisinin də sənədi üstündə idi. Biri İrəvan səhərindən idi. Biz dayanmadıq və irəliləyərək hündürlüklərdə qərar tutduq. Hərbi hissəmiz 3 hissəyə bölünmüşdü, sağdan, soldan və mərkəzdən hücuma keçən tağımlarımız mövqeləri geri alaraq, ərazidə birləşdi. Bu, ilk döyüş idi, çox uğurlu alınmışdı. Uğurlu alınması isə ilk kəs döyüşə girən əsgərlər üçün böyük stimul idi. Onlar mövqeləri tutduqca erməninin onlarla meyid qoyub ordumuzun qarşısında tab gətirə bilməyib qaçmasını gördükcə daha da ürəkli olurdular, ruh yüksəkliyi yaradırdı. Sağ hündürlükdən irəliləyən bizim tağımdan bir döyüşçümüzü - Ağcayev Azəri (Balakən rayonu) itirdik. Döyüşdə yaralanmışdı, arxaya hospitala çatdıra bilmədik, yolda şəhid oldu. Bir neçə nəfər də yüngül yaralananımız olmuşdu. Tərtər kəşfiyyat qrupunun bir əsgərini azad etdik, qalanını öldürmüşdülər. Birini isə əsir aprıblarmış, bunu sonradan öyrəndik. Xilas etdiyimiz əsgər isə iki ayağından, iki əlindən və başından yüngülcə yara almışdı. Özü də bizə danışdı ki, ermənilər ona işgəncə verirlərmiş. Ola bilər ki, bu yaralar da ona işgəncə vermək məqsədi daşıyırmış.
Döyüşün bir çətinliyi də onda idi ki, bürküdən əlavə iri milçəklər də bizə daraşmışdı və döyüşməyə imkan vermirdi.
Çox susamışdıq və su mənbəsinə ehtiyacımız vardı. Xilas etdiyimiz əsgərdən su mənbəyini soruşdum, o, kəndin axırında bulaq olduğunu demişdi.
Batalyonda su ehtiyatı tükənmişdi, yaxınımızda su mənbəyi yox idi, suya ehtiyacımız isə artıqdı, hava isti olduğundan bu, artıq həyati vacib məsələyə dönmüşdü. Qərargah rəisinin etirazına baxmayaraq, özbaşına bir manqa döyüşmüylə gündüz vaxtı su qablarını götürüb, bulağı axtarmağa getdik, bir növ kəşfiyyat xarakterli əməliyyata başladıq. İlk olaraq, bizdən öncə ərazidə olmuş və geri qaçmış batalyonun qüvvələrinin çadırlarına rast gəldik. Bu, Alma bağına yaxın ərazidə idi. Bir qədər irəlilədikdən sonra ilk qarşımıza çıxan canlılardan ilan oldu. Əvvəl biz kiçik axar suya rast gəldik, acgözlüklə uzanaraq su içməyə baçladıq. Sonra bulağın yerini təyin etmək asan oldu. İrəli sıx ağaclıq olduğundan ehtiyatla suyun mənbəyinə tərəf irəliləyirdik. Qarşımıza 6 gözü olan bulaq çıxdı və əvvəl ətrafda mövqe tutaraq, müşahidə apardıq, sakitlik idi, qabları dolduraraq ərazini tələsik tərk etdik. Ərazidə ermənilər də ola bilərdi, bulağa su dalınca gəlmiş ola bilərdilər. Bu, neytral zona idi. 14-15-i su əməliyyatını yerinə yetirdik və bölüyümüzün su ehtiyatını təmin etdik.
Iyunun 16-sında səhər saat 5 radələrində ermənilər bizim istiqamətdə artilleriya hazırlığına başladılar. Bizim sol istiqamətimizdə olan ordumuzun hissələrinə PDM-lərdən atəş açdılar və ardından hücum başladılar. Ətrafı atəş səsləri bürümüşdü. Saat 6-ya yaxın ermənilərin piyada qüvvələri hay-küylə hücuma keçdilər. Bağıraraq hücuma keçmişdilər ki, bizdə panika yaratsınlar.
Döyüşün əvvəlində ermənilər rabitəylə bizim dalğaya daxil olaraq, bölük komandirinə, sağınız və solunuz qaçır - deyərək, psixoloji təsir göstərməyə çalışırdılar. O da cavab verdi ki, hünəriniz çatırsa gəlin, əcəliniz bizim əlimizdəndir, gəlin görək, kim qaçacaq.
Saşa Simonun başçılıq etdiyi tağımın əsgərləri NURS sistemi ilə düşmən mövqelərinə zərbələr endirirdilər. Mərmilər partladıqca ermənilərin səsi ərşə çəkilirdi, Lüləsazı erməni bağırtısı bürümüşdü.
4 saat davam edən döyüşdən sonra ermənilər meyidlərini də qoyaraq, artıq ermənilər bu dəfə qorxu və yara ağrısından bağıraraq geri qaçırdılar.
Saat 10 radələrində meyidlərini ərazidə qoyan ermənilər geri qaçmışdılar. Ermənilər 35-40 ədəd silahlarını (3-4 ədəd RPQ-7, 5-6 PK, 25-30 ədəd avtomat) da atıb getmişdilər. Bu döyüşdə biz bir nəfər şəhid vermişdik - Bəhruz Nuriyev və 3-4 yaralımız olmuşdu.

- Erməni meyidləri necə oldu?
- Saat 13:00 radələrində bizə əmr gəlmişdi ki, ərazini tərk edin. Biz əmrə təəccüb etmişdik, uğurlu döyüşdən sonra niyə çıxmalı olduğumuzu anlamırdıq, lakin sonradan bildik ki, bizim sağ tərəfimizdə Madaqiz ətrafında bütün mövqelər və soldakı hündürlüklər ermənilər tərəfindən işğal edilmişdi. Biz ortada qalmışdıq və arxa cəbhəmizdə olan dəniz piyadaları hərbi hissəsi bizdən 3-4 km arxada mövqe tutmuşdu. Ermənilər bizi 2 km dərinlikdə mühasirəyə ala bilərdilər. Bu səbəbdən də erməni meyidlərini götürmədik. Geri çəkildik. Sonradan 18 iyunda ərazini kəşfiyyat edən dəstəmiz müşahidə etmişdi ki, ermənilər iri yük maşınları ilə gəzərək meyidlərini toplayır.
Ağdərə şəhərində vəziyyət çətinləşdiyinə görə iyunda bizi oraya göndərdilər. Əvvəlllər də qeyd etdiyim kimi bizi əsasən vəziyyət ağır olan ərazilərə köməyə göndərirdilər, bildiyiniz kimi xüsusi təyinatlıların vəzifəsi əsasən müharibədə bundan ibarətdir. İyunun 22-də biz Ağdərə şəhərinin üstündə Qlobus deyilən mövqedə və Ağdamın Papravənd kəndinin yüksəkliklıərində mövqe tutduq. O ərazidə isə Şabanov - Daxili Qoşunların komandiri hissəni də götürüb ərazidən çıxmışdı. Ərazini sahibsiz qoymuşdu.


- Yəqin bu, həmin - 1993-cü ildə yanvar hücum kampaniyası zamanı Daxili Qoşunlara rəhbərlik edən (Sabir - K.S.) Şabanovdur ki, hücum zamanı qarşısına qoyulan tapşırığı yerinə yetirməmiş və bir addım belə irəli getməmişdi. Hətta məndə olan şahid ifadələrinə əsasən, o, qərargahda oturub, yalandan məlumat verirmiş hərbi rəhbərliyə ki, biz irəlilədik, mövqeləri götürdük, lakin bir addım belə irəliləməmiş, hətta hücuma başlamamışdı belə.
- Bəlkə də, deyə bilərəm ki, iyunun 22-sində, o, əsgərlərini də götürüb, ərazidən qaçdığına görə biz oraya kömək üçün göndərilmişdik. Təxminən 5-6 il öncə Şabanovun götürüb Bakıya gətirdiyi DQ-ın həmin hərbi hissəsində qulluq etmiş bir döyüşçüsü ilə həmsöhbət olduq, o, mənə danışdı ki, guya daxili məsələni həll etmək adıyla Şabanovun Bakıya gətirdiyi hərbi hissə sonradan elə Bakıda da dağılmışdı, döyüşçülər o hissədən getmişdi.
4 iyun hadisələri ilə əlaqəli, həmin qarışıqlıqda bizə demişdilər, gedin Gəncəyə, amma imtina etmişdik ki, biz erməniylə vuruşuruq...
İyunun 26-sında olan döyüş haqqında Mehdi danışıb, mənim elə də əlavəm yoxdur.
Arazın şəklini sizə vermək istərdim, bir də Saşa Simonun bölüyündən bir döyüşçünün - Ceyhun Yusifovun xatirəsini sizinlə bölüşmək istərdim. O, iyunun 26-sındakı döyüşdən danışır ki, Saşa onları necə ölümdən xilas edib. Onlar artilleriya atəşindən qorunmaq üçün gizləniblərmiş, Saşa onlara bağırıb ki, tez yerinizi dəyişin, onlar yerini dəyişdikdən ani sonra oraya bir neçə mərmi düşüb.

- Yəni S. Simon bu qədər peşəkar olub və az öncədən erməninin vura biləcəyi ərazini təyin edə bilib.
- Beli. Elə idi. Onun silahlardan çox yaxşı başı çıxırdı. Bakıda zavoda gedərək öz konstruksiyası ilə hissələr sifariş edir və silahı özü yığırdı.

- İyun döyüşlərindən sonra cəbhə boyu vəziyyət pisləşdi. Nələr baş verirdi?
- 26 iyun Ağdərə və bəzi kəndləri işğal edildikdən sonra ermənilər bizim istiqamətdə hücumu dayandırdı. Onlar güvvələrini Ağdam istiqamətdə topladılar. Bizim istiqamətdə nisbi sakitlik idi. Çaylı - Talışda mövqedə dayanmışdıq, bizim arxa cəbhəmiz 5-6 km geridə idi, Madaqiz tərəfə isə solumuz 6-7 km tamamilə boş idi. O tərəf Göyarx (Levanarx) kəndinin yaxını, Tərtər çayının sol sahili idi. 2-3 gündən bir maşınla öz mövqelərimizə gedərək döyüşçülərimizlə növbəni dəyişirdik. Gündüz hərəkət etdiyimizdə bizi Faqotla vururdular. Orada maşınımızı bir dəfə vurmuşdular, komandirimiz də yaralanmışdı. Gecə saatlarında maşınların işıqları söndürülmüş halda, ay işığının altında hərəkət etməyə məcbur idik.
İyulda bizim ermänilärin mövqelərinə kiçik hücumlarımız olurdu.
Artıq avqustda ermənilər aşağı, Fizuli - Cəbrayıl istiqamətində hücumlara güclərini vermişdilər...
Orduda özbaşınalıq idi. Hərbi hissələr komandanlıqsız qalmışdı. Bir çox hərbi hissələr dağıldı. İyun hadisələri Azərbaycan ordusunun bel sütununu qırdı və ermənilərin bundan istifadə etməsi, onların uğurla irəliləyib, rayonları işğal etməsi ilə nəticələndi. Heç kəs ölkədə nə baş verdiyini anlamırdı və intizam zəif olan hissələrdən əsgərlərin özbaşına hərbi hissəni tərk edib, getməsi halları kütləviləşmişdi...

Komandir yaralanmışdı, komandanlıq Qərargah rəisinin üstündə qalmışdı, hərbi hissələr ərazini tərk etdiyinə görə briqadadan bizə dincəlmək imkanı verilmirdi. Tez-tez bizi fərqlı mövqelərə göndərirdilər. Briqada komandanlığı da çıxılmaz vəziyyətdə idi, canlı qüvvə çox azalmışdı, mövqelərə göndərməyə qüvvə tapmırdılar. Hətta Ağdam işğal edildikdən sonra, avqust ayında, şəhəri geri almaq üçün bizim hərbi hissəni oraya atmaq istədilər. Baxmayaraq ki, Agdam bizim müdafiə ərazimiz deyildi. Sonradan şəhərin geri qaytarılması əməliyyatı hansı səbəbdənsə təxirə salındı. Biz Çaylı istiqamətindəki mövqelərimizi avqust-sentyabr ayında, səhv etmirəmsə, 799 saylı hərbi hissəyə təhvil verdik, lakin onlar bu mövqelərdə komandanlığın zəifliyi səbəbindən, gecə-gündüz gərəksiz yerə atəş açmaqla sursat ehtiyyatını tükətdi və atəş açmaqla düşmənə mövqelərini bəlli edərək neticədə çox itki verirdilər. Ermənilər onların bir maşınlarını da Faqotla vurmuşdu və 8 nəfər həlak olmuşdu. Bu minvalla onlar mövqedə cəmi 20 günə yaxın duruş gətirə bildilər. Hərbi hissələrindən qalan şəxsi heyyəti o mövqelərdən çıxardıqdan sonra bizi yenidən o mövqelərə göndərdilər.
Oktyabr ayında batalyon komandiri şəxsən özü bir kəşfiyyat əməliyyyatında iştirak etmişdi. Bir qrup zabit-gizir və əsgərlər bu əməliyyata seçilmişdi. Onlar düşmənin ehtiyat mərmi anbarlarını və qüvvələrinin yerini aşkarlamışdılar. Bizim hərbi hissə müəyyən edilmiş qüvvələrin məhv edilməsinə dair diversiya əməliiiayı hazırlayırdı. Bu, Madaqiz ətrafında olan ərazidə idi. Biz briqadaya bu haqqda məlumat verdikdən sonra, briqada komandanlığı gözləməyi əmr etmiş, lakin özləri bu əməliyyatı keçirməyə cəhd etmişdilər, əməliyyatı sonuna qədər aparmamış, gərəkən dərinliyə hərəkət etməyərək qüvvəni tam məhv edə bimləmişdilər. Tapşırıq bizdən xəbərsiz və qismən yerinə yetirilmişdi. Əminəm ki, bizim öz tapşırığımızı öz kəşfiyyat-diverisiya qrupumuz tam yerinə yetirərək, düşmən ehtiyyat qüvvəsini tam məhv edə bilərdi. Bundan sonra bizim komandanlıqla briqada arasında buna səbəb narazılıq yarandı.
Oktyabrın 28-29-u bizə Ağdərə şəhərinə kəşfiyyata getmək əmri verildi. Bizim qüvvələr Ağdərə şəhərinə 2 km qalmış, kanal qırağı mövqe tutmuşdular. Briqadadan bizə məlumat verilmişdi ki, Ağdərə şəhərinin bizim istiqamətdə qabağında erməni mövqeləri var və biz onları müəyyən etməliydik. Oktyabrın 31-i axşam biz 2 qrupla hərəkətə keçdik. Bir qrup isə mövqedə rezerv dayandı. Ehtiyyatla Ağdərə şəhərinə yaxınlaşdıq, səhər saat 6:00 radələrində tapşırılan əraziyə çatdıq və getdiyimiz istiqamətdə erməni qüvvələrinin olmadığını müəyyən etdik. Bu istiqamət Ağdərə şəhərinin mərkəzində olan karuselin yaxınlığında, dördyolun üzərində idi. Ətrafı tam yoxladıqdan sonra bir evin içində yerləşdik. Səhər şəhər dumana bürünmüşdü. Şəhərin arxa hissəsində hündürlüklərdən ermənilərin atəş səslərini eşıdırdik. Artıq məlum idi ki, erməni mövqeləri şəhərdə yoxdur, onlar hündürlükdə mövqelərini qurmuşdular. Qrupun bir hissəsi şəhərin mərkəzinə hərəkətə başladı. Qrupun bir hissəsinə mən, digərinə Robert Axunov başçılıq edirdi. Orada Rembatın qaracı deyilən bir yer var, onun ərazisini gəzdikdə, orada olan yanacaq quyusundan ermənilər kefir butulkası vasitəsiylə, iplə sallayaraq yanacaq götürürlərmiş. Həmən quyunun yaxınlığında maşınlarının yeni olan izləri qalmışdı. Aydın idi ki, yanacağı buradan yenicə aparıblar və təminatları buradandır. Quyunun üzərini ermənilər taxtalarla örtmüşdülər ki, içərisinə yağış yağarsa, su düşməsin. Robert burda ermənilər üçün F1 qumbarası ilə bir "sürpriz" qoydu. Quyudan yanacaq götürmək üçün taxtanı qaldıran qumbaranı işə salmış olacaqdı...
Yolun başında yanğınsöndürmə məntəqəsi vardı. Həmən yoldan aşağıda dödryol vardı və mən təklif etdim ki, hamımız burada qalaq, lakin məsləhət belə oldu ki, Robert dəstənin bir qrupu ilə qalsın, mən mövqe tutduğumuz evə qayıtdım. Biz getdikdən 10 dəqiqə keçməmiş Robert rabitə ilə xəbər etdi ki, ermənilər 8-10 nəfərlə şəhər mərkəzinə hərəkət edir. Biz həmən geri qayıtdıq. Hasarları aşaraq, həyətləri keçdik, kəsə yolla dördyol istiqamətində hərəkət etdik. Artıq ermənilər şəhərdə dağılmışdılar, yandırmaq üçün taxta, odun toplayırdılar. Biri bizim istiqamətdə gəlirdi. Biz onu məhv edərək ərazidən uzaqlaşdıq. Onları şəhərin içində tapmaq və məhv etmək çətin idi və əsas qüvvələrinin hansı istiqamətdə və nə qədər olduqlarını bilmirdik, bu səbəbdən ehtiyatla hərəkət etməyə məcbur idik. Riskə getmədik, ərazidən uzaqlaşdıq. Sonradan təəssüf etdik ki, biz onları dördyolda gözləməmişdik, orada onları həm məhv edə bilərdik, həm də ən az birini əsir ala bilərdik ki, gətirib, danışdırardıq.
İtkisiz geri qayıtdıq, mövqedə bizi briqadanın Qərargah rəisi Lənkəran Əliyev qarşıladı, komandirimiz də orada idi. Ağdərə şəhərində heç bir mövqelərinin olmadığını, hündürlüklərə yerləşdiklərini, amma şəhərə odun və yanacaq üçün tez-tez endiklərini məruzə etdik. L.Əliyev dedi ki, düşmənin rabitəsindən tutduqları məlumatdan öyrəniblər ki, ermənilər bizim kəşfiyyat qrupu haqqında məlumatı əldə edən kimi bizi tutmaq üçün hərəkətə keçiblərmiş.
Bu aylarda Papravənd kəndində bizim hissənin digər qrupu kəşfiyyat əməliyyatı aparmış, məktəbə qədər gedib çıxmış və orada ermənilərin olduğunu müəyyən etmişdilər. Oktyabr ayında olan danışdığım hadisədə olduğu kimi kəşfiyyat məlumatlarını bizdən aldıqdan sonra briqada Ağdərəyə rahat gedib-gəlməyə başlamışdı. Hətta biz Ağdərəyə növbəti kəşfiyyata gedərkən, xəbər aldıq ki, briqadanın kəşfiyyatçıları şəhərdədir, onlar geri dönmədən biz gedə bilməzdik, toqquşa bilərdik. Noyabrın 17-sində də oxşar əməliyyat apardıq, bir gün ərzində erməniləri orada gözlədik, amma şəhərə gəlmədilər. Arxada yerləşən hündürlüklərdən isə səsləri gəlirdi. Həmin aylarda biz Tərtər çayının sağ sahilində, Madaqiz kəndinin ətrafında kəşfiyyat əməliyyatı aparmışdıq. Orada erməni mövqeyini müəyyən edərək, bir ermənini məhv edib, ərazidən uzaqlaşmışdıq. Ermənilərin mövqelərini müəyyən etmək üçün bu kimi kəşfiyyat əməliyyatları müntəzəm həyata keçirilirdi. Hetta merkezi kesfiyyat idaresinin kesfiyyatcilari bölgəyə tapşırıqla gələrkən əməliyyata bizim hərbi hissənin kəşfiyyatçıları ilə bərabər gedirdilər.

* * *
Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü
Mehdi Cavadov.
- İyun döyüşlərindən sonra ərazidə vəziyyətiniz necə idi? döyüşlər oldumu?
- Yox, elə güclü döyüş olmadı. Yay aylarında Madagiz ilə Talış kəndi arasında təhlükəli mövqeydə dayanırdıq, ermənilər hündür yüksəklikdə biz alcaq yüksəklikdə, üstəlik onlar sıx meşəlikdə biz isə seyrək qaratikan kolu olan ərazidə idik. Gündüzlər qalxan kimi vururdular. Orada müəyyən qədər yaralı və 2-3 şəhidimiz olub. Həmin ərazilərdə mövqeylərimizi yaxşılaşdırılması üçün aparılan əməliyyat zamanı Valentin Seleznov şəhid oldu. Hələ reyd dəstəsindən 772-də xidmət edən döyüşçülərdən idi.
Xırda döyüşlər, kəşfiyyatlar olurdu. Ermənilərə ziyan da vururduq, itkilərə məruz qoyurduq, amma qüvvəmiz irimiqyaslı əməliyyatlar keçirməyə çatmırdı.

Ardı var...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.