Reuters: Dəməşq yaxınlığında azı 100 min insanın dəfn edildiyi məzarlıq aşkar edilib

Bu gün, 16:38           
Reuters: Dəməşq yaxınlığında azı 100 min insanın dəfn edildiyi məzarlıq aşkar edilib
Suriyalı insan haqları fəalları Suriyanın paytaxtı Dəməşqdən 40 km şimaldakı Əl-Qutaifdə Bəşər Əsədin hakimiyyəti dövründə öldürülən azı 100 min insanın kütləvi məzarlığı aşkar ediblər. Bu barədə ABŞ-da yerləşən Suriya Fövqəladə Hallar Qrupunun rəhbəri Muaz Mustafa Reuters agentliyinə bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, məzarlıqla bağlı məlumat Suriyadan qaça bilmiş işçilərin ifadəsinə əsaslanır.
"100 min, yalnız bir yerdə basdırılan cəsədlərin sayına dair ən təvazökar təxmindir", Mustafa bildirib.

Reuters hələlik bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib.

Əvvəllər hüquq müdafiəçiləri Dəməşqdə kütləvi edamların həyata keçirildiyi yeri tapmışdılar: onlar bu yeri təhlükəsizlik qüvvələri tərəfindən insanların edamına apardıqları videodan müəyyən edə bilmişdilər.

Mustafanın sözlərinə görə, Əl-Qutaifdə dəfn edilənlər arasında suriyalılardan başqa ABŞ, Böyük Britaniya və digər ölkələrin vətəndaşları da var.

İnsan haqları təşkilatının rəhbəri hesab edir ki, Suriyada bu kimi kütləvi məzarlıqlar insan haqları fəallarının bildiyi beş yerdən xeyli çox ola bilər. Mustafa Suriyaya Bəşar Əsəd Rusiyaya qaçdıqdan və hökumətin üsyançılar tərəfindən dağılmasından sonra gedib.

O, Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinin "işgəncə ilə öldürülənlərin cəsədlərinin toplandığı hərbi xəstəxanalardan daşınmasına cavabdeh olduğunu" iddia edib.

Cəsədləri dəfn yerinə Dəməşq bələdiyyəsinin dəfn evi aparıb, onun əməkdaşları onları soyuduculardan boşaltmağa kömək ediblər.

“Biz Suriyadan təkbaşına qaçan, kütləvi məzarlarda işləyən və ya qaçmağa kömək etdiyimiz insanlarla danışa bildik” - deyə, Mustafa bildirib.

Onun sözlərinə görə, onun komandası məzar qazmağa məcbur edilən buldozer sürücüləri ilə əlaqə saxlayıb. Hüquq müdafiəçisi deyir ki, bu sürücülər “bir neçə dəfə əmrlə cəsədləri qəbirlərə basıb, sonra isə torpaqla örtüblər”.

Əsəd hökuməti dəfələrlə Suriyada insan haqlarının pozulmasını inkar edib və rejimi kütləvi qətllərdə ittiham edənləri ekstremist adlandırıb.

Lakin hüquq müdafiəçilərinin bəyanatlarından sonra BMT-nin istintaq orqanının rəhbəri keçmiş hökumətin yüksək rütbəli məmurlarının cinayətləri ilə bağlı sübutlar toplamaq üçün Suriyaya getməyə hazır olduğunu bildirib.

Suriyada Əsəd rejiminin süqutundan sonra minlərlə insan, o cümlədən əcnəbilər həbsdən azad edilib. Dəməşq yaxınlığındakı Seydnaya həbsxanası “ölüm düşərgəsi” və “insanların qırğın yeri” kimi tanınırdı: təkcə onun yeraltı kameralarında 10 mindən çox insan illərlə saxlanılırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.