Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub? - VİDEO
Dünən, 12:14
"Təyyarəni idarə etmək üçün ona idarəetmə orqanları lazımdır. Qəzaya uğrayan təyyarənin kənardan çəkilən görüntülərindən aydın olur ki, təyyarə ciddi zərər görüb və idarəetmədə ciddi problemlər yaşayıb".
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri AZAL-ın 15 illik təcrübəyə sahib pilotu Sərxan Məmmərrəmov "Xəzər Xəbər"ə deyib.
Onun fikrincə, belə məqamda pilot olaraq doğru qərarı vermək olduqca çətindir. Məsələn, təyyarəni suya endirmək hər zaman doğru qərar deyil və ya bu hər istəyəndə mümkün ola bilməz.
Kapitan Sərxan Məhərrəmov bildirib ki, Aktau yaxınlığında təyyarənin bir neçə dəfə dövrələr cızması təsadüfi deyil. Pilotların bunu etməkdə məqsədi 10-15 ton yanacaq tutumu olan çəni boşaltmaqdır.
Sərxan Məhərrəmov əlavə edib ki, kabindən yayılan videolarda bələdçinin "20 nəfər qabağa gəlsin" deməsi də pilotun tapşırığıdır və peşəkarlığın göstəricisidir.
“Yəni təyyarə o qədər stabillikdən çıxıb ki, bu stabilliyi bərpa etmək üçün kapitan müəyyən sayda sərnişinlərin qabağa gətirilməsini istəyir ki, heç olmasa az da olsa stabilik bərpa edilsin”,-deyə pilot bildirib.
O həmçinin deyib ki, belə faciəvi qəzada 29 nəfərin sağ qalması qəhrəman pilotların nə qədər doğru qərar verdiklərini təsdiqləyir.