“Erasmus+” dayandırıldı: təhsilə necə təsir edəcək? - "İkitərəfli mübadilə sazişləri..."
7-03-2025, 09:57

“Erasmus+” proqramının dayandırılması Azərbaycanda ali təhsilin beynəlxalqlaşmasına ciddi təsir göstərəcək və bu addım tələbələrin xarici akademik mühitə inteqrasiyasını çətinləşdirəcək, onların Avropa universitetlərində təhsil almaq imkanlarını məhdudlaşdıracaq.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
“Erasmus+” tələbələrə Avropa universitetlərində təhsil almaq, yeni bacarıqlar qazanmaq və maliyyə dəstəyi ilə xaricdə oxumaq imkanı verirdi. Onun dayandırılması xüsusilə maddi imkanı olmayan tələbələr üçün ciddi maneələr yaradacaq. Bundan əlavə, proqram universitetlərarası əməkdaşlığa, elmi tədqiqatlara və akademik mübadilələrə şərait yaradırdı”, - o bildirib.
Ekspertin fikrincə, “Erasmus+” proqramının boşluğunu doldurmaq üçün universitetlər addım atmalıdır:
“İkitərəfli mübadilə sazişləri: Avropa və Asiya universitetləri ilə fərdi mübadilə proqramları artırılmalı, beynəlxalq təqaüd proqramları: DAAD, “Fulbright”, “Chevening” kimi alternativ təhsil imkanları barədə maarifləndirmə gücləndirilməli, onlayn təhsil imkanları: “Coursera” və “edX” kimi beynəlxalq platformalar vasitəsilə tələbələrin qlobal universitetlərin kurslarına çıxışı təmin olunmalı, ikili diplom proqramları: xarici universitetlərlə birgə akademik proqramlar təşkil olunmalıdır”.
Qeyd edək ki, Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov “Erasmus+” proqramının dayandırılması barədə rəsmi Feysbuk hesabında paylaşım edib və bildirib ki, bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır.