Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 12:06

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Şuranın tərkibinə daxil edilib. Həmçinin, "Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri" sözləri çıxarılıb.
Modern.az-ın məlumatına görə, bir sıra sosial media səhifələrində sərəncama əsasən Milli Məclisin deputatı Tural Gəncəliyevin Şuradan çıxarıldığı barədə xəbərlər yayılıb.
Ancaq bu məlumat doğru deyil. Qarabağ Dirçəliş Fondunun yaydığı məlumatda deyilir ki, Müşahidə Şurasının üzvlərinin siyahısında dəyişiklik baş verməyib.
“Xatırladaq ki, 5 fevral 2025-ci il tarixli Prezident sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Həmçinin, Tural Gəncəliyevin rəhbərlik etdiyi “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi 2021-ci ilin aprelində fəaliyyətini dayandırıb. Prezidentin son Sərəncamında məhz bu dəyişikliklər nəzərə alınaraq Şura üzvlərinin vəzifə adlarında müvafiq düzəlişlər edilib. Həm Muxtar Babayev, həm də Tural Gəncəliyev əvvəlki kimi Müşahidə Şurasının üzvləri olaraq fəaliyyətlərini davam etdirirlər”, - deyə məlumatda qeyd olunub.