Paşinyan Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər

Bu gün, 12:34           
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin “Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” açıqlamasından ilk növbədə baş nazir Nikol Paşinyan narahat olmalı və Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə ona (oxu: Kremlə) cavab verilməlidir. Rusiyalı rəsmilər bir tərəfdən “Vaşinqton razılaşmasının detallarını öyrənirik” deyərkən, son günlər İrəvana xəbərdarlıq mesajları göndərməyə başlayıblar. Birincisi, söyləyirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alınmalıdır. Yəni rusiyalı rəsmilər və diplomatlar bununla demək istəyirlər ki, Zəngəzur dəhlizi Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmalıdır. Bunun nə dərəcədə məntiqi istək olduğunu İrəvan birlikdəki tərəfdaşlarına izah etməlidir. İkincisi, rusiyalı rəsmilər və diplomatlar Vaşinqton razılaşmasının 9 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ortaq bəyanata uyğunlaşdırılması vacibliyini səsləndirirlər. Bu da məntiqi istək deyil. Vaşinqton razılaşması 9 noyabr razılaşmasını qüvvədən düşdüyü anlamına gəlir. Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru