Qərbi Azərbaycan Xronikası: Ardanış, Arqel, Arıqlı - Türk tarixinin izi

Bu gün, 16:38           
Qərbi Azərbaycan Xronikası: Ardanış, Arqel, Arıqlı - Türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Arıqlı erməni mənbələrində niyə Ariklu kimi qeyd edilib?" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Ardanış, Arqel, Arıqlı toponimi və Arıqlı oronimi haqqında söz açılıb.

Bildirilir ki, son 200 ildə ermənilərin və onların havadarlarının yeritdiyi siyasət nəticəsində azərbaycanlılara və onlara məxsus toponimlərə qarşı etnik təmizləmə aparılıb.

Ardanış - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərdanuc, Qafqazın 5 verstlik xəritəsində Ardanic formasında qeyd edilib. 1831-ci ildən burada yaşayan azərbaycanlılar 1919-cu ilin fevral-mart aylarında ermənilər tərəfindən qırğınlarla qovulub və kənd əhalisi Azərbaycana sığınıb. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinlər doğma kəndlərinə qayıdıblar. Son olaraq 1988-ci ilin noyabrında kənd əhalisi torpaqlarından tamamilə çıxarılıb.

Arqel - Qırxbulaq və Karpibasar mahallarında Ellər və Əştərək rayonlarının bir hissəsi hesabına sonralar təşkil edilmiş Nairi rayonunda kənd olub. Kənddə yaşayan azərbaycanlılar 1905-1906-cı illərdə deportasiya edilib və kəndə ermənilər yerləşdirilib. 1953-cü ildə Axta rayonunun Lusakert kəndinə birləşdirilərək ləğv edilib.

Arıqlı - Zəngəzur mahalının Sisyan rayonu ərazisində yerləşən kənddə yaşayan yerli sakinlər 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya edilib və kənd dağıdılaraq xarabalığa çevrilib.

Arıqlı - Zəngəzur mahalının Sisyan rayonunda dağ adıdır.

Sonda vurğulanır ki, XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törədərək onların deportasiyasını gerçəkləşdirib və türk izini silməyə çalışıblar: "Lakin adı çəkilən məkanları, oradakı cığırları belə heç vaxt unutmaq və unutdurmaq mümkün deyil. Çünki o yerlərin əsl sahibləri gəzdikləri cığırlara yenə ayaq basacaqlar".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.