Xolesterin səviyyəsini normallaşdırmağa kömək edəcək qəlyanaltı: Alimlərdən AÇIQLAMA
Bu gün, 17:04

Gündəlik qəlyanaltıların pekan (yapon) qozu ilə əvəz edilməsi qanda xolesterinin səviyyəsini aşağı salmağa və rasionun ümumi keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, bu qənaətə ABŞ-nin Pensilvaniya Ştat Universitetinin alimləri gəliblər.
Araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.
Tədqiqatda metabolik sindromun bir və ya bir neçə əlamətinin - hipertoniya, piylənmə, qanda xolesterin və qlükozanın yüksək səviyyəsi - müşahidə edildiyi 138 nəfər iştirak edib.
Yaşı 25-70 arasında dəyişən könüllülər təsadüfi olaraq iki qrupa bölünüb: bir qrup adi qəlyanaltıların əvəzinə gündə iki unsiya (təxminən 30 qram) pekan qozu istehlak edib, digər qrup isə adi pəhrizinə riayət etməyə davam edib.
12 həftə ərzində alimlər mütəmadi olaraq iştirakçıların damarlarının vəziyyəti haqqında məlumat toplayıblar və qan analizlərinə əsasən onların orqanizmindəki dəyişiklikləri izləyiblər.
Pekan qozu istehlak edən iştirakçılarda qan damarlarının divarlarına yapışa bilən ümumi xolesterin, triqliseridlər və LDL xolesterinin (aşağı sıxlıqlı lipoproteinlər) səviyyəsinin daha aşağı olduğu müşahidə edilib. Birinci qrupdan olan insanların orqanizmində "yaxşı" LDL xolesterinin konsentrasiyası, əksinə, artıb. Bu cür dəyişikliklər infarkt və insult kimi ürək-damar xəstəlikləri riskinin azaldığını göstərir.
Tədqiqatçıların izah etdiyinə görə, pekan qozunun tərkibində polifenollar - iltihab əleyhinə xüsusiyyətlərə malik olan bitki birləşmələri var. Çox güman ki, məhz bu maddələr qan damarlarının sağlamlığını qorumağa və qan axışını yaxşılaşdırmağa kömək edir.