Britaniyanın Azərbaycana investisiya yatırımı sahəsində lider olmasının səbəbi nədir?
Dünən, 16:42

"Böyük Britaniyanın Azərbaycana investisiya yatırmaq sahəsində lider ölkə olmasının təbii səbəbi neft-qaz sektoru ilə bağlıdır”.
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycana investisiya qoyuluşunda Böyük Britaniyanın lider olması amilini şərh edərkən deyib:
"Böyük Britaniya ilə Azərbaycan arasında uzun illərə dayanan və çoxpilləli münasibətlər var. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlər daim inkişaf edib. Azərbaycanın neft-qaz sektoruna bp və Britaniyanın servis şirkətləri kifayət qədər aktiv investisiya yatırıblar. Azərbaycanda yeni yataqların işlənilməsilə bağlı da danışıqlar gedir. Hansı ki, artıq bu istiqamətdə müəyyən anlaşmalar da imzalanıb”.
Ekspertin fikrincə, bu mənada Böyük Britaniyadan ölkəmizə investisiyaların cari ildə daha da artacağı gözləniləndir:
"Daha yaxşı olar ki, gələcəkdə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində də Britaniya və digər Qərb ölkələrinin payı getdikcə artsın”.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, 2020-2024-cü il aralığında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 mlrd. 303 mln. 112 min ABŞ dolları təşkil edib.
Özü də bu məbləğin böyük hissəsi Böyük Britaniya tərəfindən yatırılıb. Birləşmiş Krallıq tərəfindən 2020-ci ildə 1 mlrd. 680 mln. 899 min dollar, 2021-ci ildə 1 mlrd. 586 mln. 614 min dollar, 2022-ci ildə 1 mlrd. 759 mln. 946 min dollar, 2023-cü ildə 1 mlrd. 857 mln. 64 min dollar və 2024-cü ildə 1 mlrd. 748 mln. 822 min dollar olmaqla 5 ilə toplamda 6 mlrd. 876 mln. 104 min dollar investisiya yatırılıb. Sözügedən dövrdə Azərbaycana Türkiyə 4 mlrd. 929 mln. 215 min dollar, İran isə 1 mlrd. 596 mln. 505 min dollar həcmində investisiya yatırıb.