Makedoniyalı İsgəndərin ailəsinin sirri: Sərkərdənin atasının cəsədi də itkin düşmüş hesab olundu
Bu gün, 12:16

Demək olar ki, 50 il əvvəl Yunanıstanın şimalındakı qədim Verqina şəhəri yaxınlığında arxeoloqlar qədim Makedoniya kral ailəsinə aid olduqları güman edilən məzarlar aşkarlamışdılar. Uzun müddət bu məzarların makedoniyalı İsgəndərin oğlu IV İskəndərin, böyük qardaşı III Filippin və atası II Filippin dəfn olunduğu düşünülürdü. Ancaq son araşdırmalar bu iddianı alt-üst etdi.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, yunan alimlərinin apardığı yeni analizlər göstərdi ki, birinci məzardakı skelet əslində II Filippə aid deyil. Radiokarbon analizi, genetik testlər və skelet yaşının təhlili göstərdi ki, bu adam öldüyündə 25-35 yaşlarında olub və e.ə. 388-356-cı illər arasında dəfn edilib. Halbuki II Filipp e.ə. 336-cı ildə, təxminən 45 yaşında öldürülmüşdü.
Bundan əlavə, məzarda aşkar edilmiş uşaq qalıqları bir yox, altı fərqli körpəyə məxsusdur və Roma dövrünə - yəni e.ə. 150-130-cu illərə aiddir. Alimlər ehtimal edirlər ki, məzar sonradan açılıb və körpə cəsədləri o zaman oraya yerləşdirilib. Bu isə o dövr üçün normal dəfn təcrübəsi sayılırdı.
Əldə olunan nəticələr göstərir ki, bu məzar nə II Filippə, nə də onun ailəsinə məxsus ola bilər. Amma tədqiqatçılar əmindirlər ki, skelet qədim Makedoniya kral ailəsinin yüksəkvəzifəli üzvünə məxsusdur.
Beləliklə, nə II Filippin, nə də İsgəndərin özünün dəqiq məzarı hələ də tapılmayıb - və bu, antik dünyanın ən böyük sirlərindən biri olaraq qalır.