Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır
4-06-2025, 15:10

2007-ci ildə Portuqaliyanın Praia-da-Luj kurort şəhərində itkin düşən 3 yaşlı Medlin Makkannın işi üzrə axtarışlar 18 ildən sonra təcili qaydada yenidən başlanılıb.
Bu barədə İtaliyanın "Corriere della Sera" nəşri xəbər yayıb.
Qeyd olunur ki, Almaniyadan olan polis əməkdaşları artıq Portuqaliyaya gəliblər və yerli hüquq-mühafizə orqanları ilə birlikdə bir neçə ərazidə, o cümlədən iki quyu ətrafında axtarış tədbirləri həyata keçirəcəklər.
İstintaq çərçivəsində əsas şübhəli şəxs kimi Almaniya vətəndaşı Kristian Brükner göstərilir. Mətbuatda yayılan məlumata əsasən, Brükner bir dostuna Medlin Makkannı oğurladığını etiraf edib və həmin gün "Ocean Club" otelinin bir neçə otağına girərək zinət əşyaları, pul və pasportlar oğurladığını bildirib.
Hazırda Kristian Brükner həmin bölgədə bir turist qadını zorlayaraq qətlə yetirdiyinə görə həbsdədir. Onun bu ilin sentyabr ayında azadlığa buraxılması gözlənilir.
Xatırladaq ki, 2007-ci ildə üç yaşlı Medlin Makkann Portuqaliyanın Algarve bölgəsində yerləşən hoteldə yatarkən oğurlanmışdı. Hadisə baş verən vaxt valideynləri yaxınlıqdakı restoranda dostları ilə axşam yeməyində olublar. Medlinin iki azyaşlı əkiz bacı-qardaşı da həmin vaxt otaqda olub.
Hadisədən sonra müxtəlif ölkələrdə aparılan çoxsaylı istintaq tədbirlərinə baxmayaraq, bugünədək Medlinin taleyi barədə heç bir dəqiq məlumat əldə olunmayıb. Axtarışlar son illər ara-sıra bərpa edilsə də, nəticəsiz qalmışdı.
Hazırda istintaq orqanları Almaniya və Portuqaliya arasında əməkdaşlıq çərçivəsində yeni sübut və izlərin aşkar ediləcəyinə ümid edirlər.



