Pentaqon rəsmisini Bakıya gətirən səbəb - ŞƏRH
1-11-2016, 13:37
ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. O, ilk olaraq müdafiə naziri Zakir Həsənovla görüşüb. Azərbaycan müdafiə naziri Maykl Karpenterə bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratması haqqında məlumat verib. Ayrıca cəbhə bölgəsindəki vəziyyətin mürəkkəb olmasını diqqətə çatdırıb. Zakir Həsənov bundan sonra Azərbaycanla ABŞ arasındakı hərbi əməkdaşlıq məsələlərinə toxunub. Bu sırada daha çox Azərbaycan ordusunun Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışılıb.
Öz növbəsində Maykl Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib.
M.Karpenterin səfərini AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Maykl Karpenterlə Zakir Həsənov arasındakı görüşdə iki ölkə arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələlərinin müzakirəsi diqqət çəkib: “Pentaqon rəsmisinin fikrləri maraqlı idi. O, bildirdi ki, Azərbaycan ordusu yüksək döyüş hazırlığına malikdir, ordunun şəxsi heyətin müasir və yeni silahlarla təchiz edilib və istənilən təhdidə çevik cavab vermək imkanına malikdir. Yəni amerikalı hərbçinin bu sözləri o deməkdirmi ki, Azərbaycan ordusu torpaqlarını işğal azad etməyə tam hazırdır? Böyük ehtimalla Pentaqon rəsmisi “Azərbaycan ordusu istənilən təhdidə cavab vermək iqtidarındadır” sözləri ilə işğal altındakı torpaqların güc yolu ilə azad edilməsini yox, şimal və ya cənub istiqamətlərindən gələn təhdidləri nəzərdə tutub”.
Pentaqon rəsmisinin Zakir Həsənovdan sonra xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü xatırladaq E.Şahinolu deyib ki, bu görüşdə təxminən eyni mövzular müzakirə edilib: “Bu iki görüşün nəticəsi olaraq Pentaqon rəsmisinin verdiyi açıqlamalar maraqlı idi. Maykl Karpenter dedi ki, Pentaqon Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirir: “Bizim Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. Biz terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə, kibertəhlükəsizlik, yəni təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Minnətdarıq ki, Azərbaycan dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərir. Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır. Bu ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün 60 milyon dollar vəsait sərf etmişik. Bizim bu sahədə dərin əməkdaşlığımız var”.
Politoloqun fikrincə, Pentaqon rəsmisinin indiki məqamda Azərbaycana səfərinin bir neçə səbəbi var: “Birincisi, cəbhə bölgəsində vəziyyət gərgindir. Vaşinqton Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin təkrarlanmasını istəmir. Çünki, Vaşinqton anlayır ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri bir-birinə qarşı-qarşıya qoyacaq. Onsuz da böyük dövlətlər arasında Ukrayna və Suriya ilə bağlı aralarında ciddi fikir ayrılıqları var, daha bir bölgədə növbəti müharibə bu gərginliyi bir az daha artıracaq. Ona görə də Pentaqon öz nümayəndəsini bölgəyə göndərməklə vəziyyəti yerindəcə təhlil etmək və tərəflərin mövqelərini müəyyənləşdirmək istəyir. Ən əsası odur ki, Vaşinqton Azərbaycanda sabitliyin pozulmasını istəmir. Əks halda bunun fəsadlarının Amerikanın maraqlarına da toxunacağını Vaşinqton anlayır.
İkincisi, ABŞ-da prezident seçkisindən sonra bir müddət hakimiyyət boşluğu yaşanacaq. Yeni seçilən prezidentin xarici siyasətdə fəallaşması vaxt aparacaq. Bu boşluqdan isə ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər. Ona görə də Amerikanın maraqlı olduğu bölgələrdə boşluq yaranmasın deyə Vaşinqton öz emissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana göndərir.
Üçüncüsü, Vaşinqtonu Rusiya-Azərbaycan hərbi əməkdaşlığı da narahat etməyə bilməz. Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib. ABŞ Azərbaycana silah satmır. Bunun üçün Konqresin razılığı lazımdır. Belə bir razılığın əldə olunması mümkün deyil. Bu ABŞ-Azərbaycan hərbi əməkdaşlığına mane olan əsas faktordur. Ona görə də Pentaqon bunun əvəzinə Azərbaycanla digər sahələrdə hərbi əməkdaşlığını genişləndirmək istəyir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Azərbaycan Rusiya ilə bəzi istisnalar xaricində birgə geniş tərkibli hərbi təlimlər keçirə bilməz. Bu faktor isə Pentaqonun işinə yarayır. Ona görə də ABŞ Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi ilə birgə təlimlər keçirə, Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün texniki yardım göstərə və bu məqsədlə hərbi mütəxəssislərini Bakıya göndərə bilər”.