Günəş sistemi necə və nə vaxt məhv olacaq?
Bu gün, 17:54

Günəş və bütöv günəş sistemi əbədi mövcud olmayacaq. Ancaq planetar sistem günəşin özündən daha çox yaşayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Live Science yazır.
Günəş sistemi artıq 4,6 milyard ildir mövcuddur. Bu rəqəm çox böyük görünsə də, müqayisə üçün qeyd edək ki, kainatın yaşı təxminən 13,8 milyard ildir.
Günəş molekulyar hidrogen buludundan yaranıb. Tezliklə onun ətrafında səkkiz böyük, bir neçə cırtdan planet, yüzlərlə peyk, milyardlarla asteroid və komet formalaşıb. Bütün bu cisimlər Günəşin cazibə qüvvəsi ilə bir sistem halında birləşib.
Lakin hər bir ulduz kimi, Günəş də sonda öləcək. Hazırda onun enerjisi nüvəsində gedən termonüvə sintezi nəticəsində təmin olunur. Bu prosesin daha təxminən 5 milyard il davam edəcəyi gözlənilir.
Hidrogen yanacağı tükəndikdə, Günəş dəyişməyə başlayacaq: nüvəsi kiçiləcək, xarici təbəqələri isə əhəmiyyətli dərəcədə genişlənəcək. Beləliklə, Günəş qırmızı nəhəngə çevriləcək. Bu zaman o, Merkuri, Venera və çox güman ki, Yer planetini udacaq. Amma o vaxta qədər bəşəriyyətin ya məhv olacağı, ya da başqa planetlərə köçəcəyi ehtimal edilir, çünki Yer üzərində yaşamaq mümkün olmayacaq.
Təxminən bir milyard il sonra Günəş Yer ölçüsündə kiçilərək ağ cırtdan ulduza çevriləcək. Bu, faktiki olaraq Günəş sisteminin sonu hesab oluna bilər. Lakin Günəşin ölümü sistemin tam məhvi demək deyil.
Günəşin cazibə qüvvəsi olmadan da, milyonlarla, bəlkə də milyardlarla il boyunca sistem tədricən xaotik hala gələcək. Planetlərin bir-biri ilə toqquşma ehtimalı artacaq, bəzi planetlər yaxınlıqdan keçən ulduzlar tərəfindən orbitdən çıxarıla və ya dağıdıla bilər.
Günəş sistemi məhv olmaqdan xilas olsa belə, əbədi olmayacaq. Alimlər hesab edirlər ki, Kainatımızı təşkil edən protonlar çox uzaq gələcəkdə parçalanacaq, yəni bu, Günəş sisteminin tam sonu olacaq. Amma bu, arxasında 36 rəqəmli ildən sonra baş verəcək.