“Engin” LTD bizlərə necə Ermənistan malı yedirdir - ARAŞDIRMA

9-11-2016, 21:44           
“Engin” LTD bizlərə necə Ermənistan malı yedirdir - ARAŞDIRMA
Azərbaycanda erməni “izi” olan məhsullar Eyyub Hüseynov: “Məhsulun üzərində ermənicə yazılması problem deyil, əsas məsələ idxalçının Ermənistan olmasıdır...” Ölkə mətbuatında, sosial şəbəkələrdə Azərbaycanda Ermənistanın idxal etdiyi “Nutella” şokoladlarının satılması ilə bağlı videogörüntülər yayılıb. Yayılan videoda şokoladın qabının üzərindəki etiketdə məhsulun idxalçısının Ermənistan şirkəti olduğu yazılır. Amma bu məlumat daha bir etiket vasitəsilə gizlədilib. Həmin etiketdə isə məhsul haqda məlumatlar Azərbaycan dilində təqdim olunur. Yalnız bu etiketi qopartdıqdan sonra erməni şirkəti barədə məlumat üzə çıxır - Slav Qrup QSC Yerevan, Axtanaki 1/1, Ermənistan Respublikası. “Yeni Müsavat” olaraq, mövzunu bir qədər də araşdırdıq və bir sıra faktlar əldə etdik. Öncə qeyd edək ki, Azərbaycanda bir sıra məhsulların üzərində həm də ermənicə yazılar mövcuddur. Misal üçün, Bakıda mağazalarda satılan “Monpasye” şirniyyatının dəmir qabına vurulan Azərbaycan dilində etiketi qopardıqdan sonra onun altında məhsulun tərkibi haqqında ilk olaraq erməni, qazax və rus dillərində yazı olduğunu görürük. Bu barədə daha öncə də araşdırma aparmışdıq və məlum olmuşdu ki, hətta bu kimi məhsullara Azərbaycan dilində etiket vurulduqda istehsal tarixi ilə bağlı da səhvlərə yol verilir. Sonradan vurulan etiketdəki istehsal tarixi, orijinal etiketdə olduğundan bəzən bir neçə ay fərqli olur. Yəni təkcə dil deyil, məhsulun keyfiyyəti məsələsi də bizi narahat edə, sağlamlığımıza ciddi təhlükə yarada bilər. Hətta bir çox hallarda Azərbaycan dilində olan etiketlər məhsulun qabından böyük hazırlanır və kənarları qaba yapışmamış qalır.
Qayıdaq Ermənistanın idxalı olduğu bildirilən “Nutella”ya. Ölkəyə “Nutella”, “Rafaello”, “Ferrero Roshen”, “Kinder” məhsullarını “Engin LTD” MMC idxal edir. Bu MMC İtaliyanın “Ferrero” şirkətinin 2003-cü ildən eksklüziv distribüteridir. Öyrəndik ki, şirkət Azərbaycana təkcə şokoladların deyil, yuyucu məhsulların (“Ariel”, “Tide”,"Fairy","Comet", “Ace” və sairə), bəzi uşaq salfetlərinin də idxalını həyata keçirir. Lakin yuyucu vasitələrin üzərində ermənicə hər hansı yazıya rast gəlmədik. Bəzilərinin üzərindəki etiket standartlara uyğun olmasa da, üzərinə yazılan yazılar qazax, rus, Azərbaycan və alman dillərində idi. Etiketlərin bir çoxlarının vurulmasında standartlara əməl olunmayıb. Mütəxəssislər hesab edir ki, ölkədə etiketlə bağlı problemlər mövcuddur və hətta onlar, “n” saydadır. Lakin məhz “Nutella” məhsulu ilə bağlı məsələ digərlərindən fərqlənir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bir çox məhsulların üzərindəki etiketdə ermənicə yazıya rast gəlmək olur. Qanun bunu qadağan etmir. Nazirlər kabinetinin 94 saylı qərarında qeyd olunur ki, əmtəə bazarında olan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, “Nutella” ilə bağlı araşdırmalar aparıb və bir sıra faktları üzə çıxarıb. Onun sözlərinə görə, gün ərzində məhsulla bağlı 50-dən çox zəng alır: “Bu gün (dünən-red.) də bir istehsalçı həmin ”Nutella"nı nümunə gətirmişdi. Etiket bizə deyir ki, mal Azərbaycana Ermənistandan gətirilib. Məhsulu ölkəyə gətirən “Engin” şirkətinin əməkdaşları mənə sənədlər təqdim etdilər. Həmin sənədlərdə göstərilir ki, mal Azərbaycana Polşadan idxal olunur. Yenə də etiketə qayıdaq. Onun üzərində ştrix kodunu xüsusi proqram vasitəsilə oxumağa cəhd etdik. Lakin proqram kodu oxumadı. Daha dəqiq desək, kodun mənşəyi məlum olmadı. Ştrix koddakı ilk iki rəqəm göstərdi ki, bu, İtaliya malıdır. Lakin bizə təqdim edilən sənədlərdə göstərilir ki, məhsul Azərbaycana birbaşa Polşadan idxal olunur. Əgər buna inansaq, o zaman istehsalçının və “Engin” şirkətinin günahı var ki, malı düzgün markalamayıb, şirkət isə düzgün markalanmayan malı idxal edib. Buradan belə çıxır ki, mal ya kontrabanda yolu ilə Azərbaycana daxil olub, ya da “Engin” şirkəti Ermənistandan özü gətirib. Şirkətin Azərbaycana gətirdiyi bir çox məhsullar var. Ancaq onların üzərində idxal tərəfinin Ermənistan olduğu müşahidə edilməyib. Məhsulun üzərində ermənicə yazılması problem deyil, əsas məsələ idxalçının Ermənistan olmasıdır". Onu da qeyd edək ki, “Engin” LTD MMC-nin rəsmi nümayəndəsi mətbuata açıqlamasında da E. Hüseynova göndərdiyi sənədlərdə olduğu kimi bildirib ki, məhsulu Azərbaycana Polşadan idxal ediblər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.