Vəkil: “MTN bunlardan pulu Arif Əliyevin vasitəçiliyi ilə tələb edib”

10-11-2016, 14:33           
Vəkil: “MTN bunlardan pulu Arif Əliyevin vasitəçiliyi ilə tələb edib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin mayında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı ittiham olunanların cinayət işi üzrə növbəti proses keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Hakim bildirib ki, iş üzrə iki zərərçəkmişlə əlaqə saxlayıb və həmin zərərçəkmişlərin növbəti prosesdə iştirakı təmin ediləcək.

Hakim daha sonra bildirib ki, məhkəməyə şahid Məlahət Ağasıyevanın ərizəsi daxil olub. Şahid ərizəsində istintaqa verdiyi ifadəsini təsdiq edib. O, ərizəsində qeyd edib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində həkim işləyib. Onun bildirdiyinə görə, poliuretanların tərkibində zəhərli maddə olması müəyyən edilib və bu da zəhərlənməyə səbəb olub.

Şahid ifadəsində işlədiyi dövrdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyovn əleyhinə ifadə verib, həmçinin bildirib ki, onunla düşmənçiliyi olub.

Təqsirləndirilən Akif Əlibəyov isə bildirib ki, Məlahət Ağasıyeva ona böhtan atır. Qeyd edib ki, Məlahət Ağasıyeva işdən töhmətlə kənarlaşdırılıb. Buna görə də Nizami Rayon Məhkəməsinə müraciət edib və onun iddası təmin edilməyib: "Onun dediklərinin heç bir əsası yoxdur. Bu şəxs keçmiş işçim olub, açıq-aydın şəkildə mənimlə düşmənçilik edir".

Vəkil Məzahir Şahlarov məhkəmədən şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş edib: "Şahidin ifadəsindən də görünür ki, işdən çıxarılması ilə bağlı verilmiş əmri həzm edə bilmir, qərəzçilik, düşmənçilik edir. Bu ifadəyə sübut kimi istinad etmək olmaz. Məhkəmədən xahiş edirik ki, şahidin ifadəsi sübutlar siyahısından çıxarılsın".

Sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, 21 nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsini xahiş edib.

Bildirib ki, həmin şahidlərdən biri-Arif Əliyev “Qlobal Stone” MMC-nin işçisi olub, adıçəkilən şirkətdə təhlükəsizlik qaydalarına nəzarət edib: "MTN-dən məhz onun vasitəsilə Miryusif müəllimlə əlaqə yaradılıb, pul tələb edilib, şantaj olunub. Bu şəxs birbaşa canlı şahiddir. Xahiş edirik ki, vəsatətimizdə olan bu və digər şahidlərin məhkəmədə dindirilməsini təmin edəsiniz".

Hakim vəsatətin növbəti prosesdə müzakirə ediləcəyini bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.