Xronika: Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya "pas" atır VİDEO
Dünən, 16:38

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Paşinyan Rusiya rəhbərliyi ilə Zəngəzur dəhlizini müzakirə edib" adlı süjetdə Zəngəzur dəhlizi ətrafında baş verən proseslər fonunda Ermənistanda "müharibəyə hazırlıq" təbliğatına yer verilib.
Qeyd olunur ki, rəsmi İrəvan bir tərəfdən danışıqlar masası arxasında əyləşir və hər fürsətdə sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən isə Zəngəzurda yeni müharibəyə hazırlıq görür.
Ermənistan mediası hazırda bu istiqamətdə təbliğatı gücləndirib. Xüsusilə hakimiyyətə yaxın informasiya resurslarının fəallığı müşahidə olunur.
Paşinyan hakimiyyətini müdafiə edən erməni müəlliflərdən Hraçya Qalustyan "Armenianreport" saytında dərc olunan məqaləsində Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizindən geri çəkilməyəcəyini vurğulayır. O iddia edir ki, Bakı və Ankara dəhlizə nail olmaq üçün genişmiqyaslı iş aparırlar. Ermənistan isə Zəngəzurda (Sünik) yerləşən hərbi kontingentini mümkün hücuma hazırlamalıdır. Müəllifin fikrincə, Ermənistan eyni zamanda İrana, Rusiyaya və Avropadakı müttəfiqi Fransaya "pas" atmağa çalışır.
"Respublika Naminə" Partiyasının sədri Arman Babacanyan isə hesab edir ki, Ermənistan ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təklifini öz maraqlarına uyğunlaşdıraraq qəbul etməlidir. Erməni müəllif Vahram Atanesyan isə ABŞ-nin Prezidenti Donald Trampın dəhlizlə bağlı təşəbbüslərinə qarşı çıxaraq bildirib ki, Trampın bu istiqamətdəki sülh təşəbbüsləri uğursuzluğa düçar olub.
Süjetdə diqqətə çatdırılıb ki, Ermənistanda Paşinyanın Rusiyaya səfərinin əsas məqsədinin Zəngəzur dəhlizini müzakirə etmək olduğu fikri formalaşıb. Erməni politoloq Suren Surenyants qeyd edib ki, Paşinyan Moskvada "Biz ABŞ-nin yolun icarəyə götürülməsi ilə bağlı təklifini qəbul etmədik" mesajını çatdırıb.
Sonda vurğulanıb ki, Ermənistan hakimiyyəti pərdəarxası oyunlar oynamağa çalışır. Ermənistan üçün yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması, yəni Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin olunmasıdır. Bunun alternativi yoxdur. Alternativ axtarışları Ermənistan üçün uğurlu perspektivlər vəd etmir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: