"Apple" "Siri" üçün ChatGPT-ni əvəz edəcək süni intellekt axtarış sistemini yaradır

Bu gün, 15:08           
"Apple" "Siri" üçün ChatGPT-ni əvəz edəcək süni intellekt axtarış sistemini yaradır
"Apple" şirkəti istifadəçi sorğularına cavab tapmaq üçün interneti avtomatik şəkildə skan edəcək öz süni intellekt əsaslı axtarış sisteminin yaradılması üzərində çalışır. Bu sistem "Siri", "Spotlight" və "Safari" xidmətlərinə inteqrasiya ediləcək.

Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin jurnalisti Mark Qurman məlumat yayıb.

Hazırda "Apple"ın səsli köməkçisi "Siri" bəzi mürəkkəb sorğuları cavablandırmaq üçün "OpenAI"ın ChatGPT texnologiyasından istifadə edir. Yəni Siri cavab verə bilmədikdə, sual ChatGPT-yə yönləndirilir və cavab oradan alınır.

Əvvəlcə "Apple" öz axtarış sistemini hazırlamağı planlaşdırmırdı. Lakin ChatGPT-nin sürətli populyarlaşması və ABŞ Ədliyyə Nazirliyinin "Google" ilə "Apple" arasında bağlanmış və "Google"un "Apple" cihazlarında əsas axtarış sistemi olmasını təmin edən razılaşmanı qadağan edə biləcəyi barədə məlumatlar bu qərarı dəyişdirib.

Qurmanın sözlərinə görə, "Apple" hazırda bu layihə üzərində çalışan xüsusi komanda formalaşdırıb. Yeni axtarış sistemi gələcəkdə ayrıca tətbiq şəklində təqdim oluna bilər, yaxud "Siri", "Spotlight" və "Safari" daxilində istifadəyə verilə bilər.

"Apple" “Apple Intelligence” funksiyasının təqdimatından sonra yeni funksiyaları vaxtından əvvəl elan etməməyi qərara alıb. Mark Qurman hesab edir ki, bu süni intellekt axtarış sistemi iOS 27 versiyasının tərkib hissəsi olacaq. Bu isə o deməkdir ki, sistem 2027-ci ilin payızından tez istifadəyə verilməyəcək.

"Apple" rəhbəri Tim Kuk şirkətin süni intellekt yarışında geridə qalmasını “birinci yox, ən yaxşı olmaq” istəyi ilə izah edib. Lakin bəzi əməkdaşlar hesab edirlər ki, şirkət süni intellekt sahəsinə fokuslanmaq əvəzinə AR/VR texnologiyalarına çox üstünlük verməklə səhv addım atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru