Bina yanmamışdan 1 ay əvvəl telefonum dinlənilib və izlənilib - Şirkət təsisçisi

17-11-2016, 14:56           
Bina yanmamışdan 1 ay əvvəl telefonum dinlənilib və izlənilib - Şirkət təsisçisi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə şahid qismində ifadə verən Rasim Qəhrəmanov bildirib ki, Miryusif Mahmudovun şəxsi sürücüsü olub və binada yanğın baş verən günü onunla yol gedərkən zəng vurub binanın yandığını bildiriblər:

"Biz də ora getdik. Miryusif müəllim bir qədər sonra gələrək maşına əyləşdi. Dərman qəbul etdi. Sonra evə yollandıq. Telefona zəng gələndən sonra Miryusif müəllim dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib. Mən də maşını ora sürdüm. Bir qədər sonra Miryusif müəllim və daha iki nəfər maşına əyləşdi. Maşını Miryusif müəllimin göstərişi ilə MTN-nin qarşısına sürdüm. Miryusif müəllim düşəndə dedi ki, gözləmə, uşaqların məktəbdən çıxan vaxtıdır, onları götür. Mən də oradan getdim. Axşam saat 5 radələrində Miryusif müəllim zəng vurdu və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısına gəlməyimi istədi. Saat 10-a kimi orada Miryusif müəllimi gözlədim".

Digər şahid Elbrus Sultanov bildirib ki, “Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləyib. O bildirib ki, ofisə girişdə nəzarətçi olub. Şahidin sözlərinə görə, yanğın baş verən gün ofisə 4 nəfər gəlib və özlərini MTN əməkdaşı kimi təqdim ediblər:

"Ön qapıdan içəri keçən 4 nəfər idi, digərləri kənarda dayanmışdı. Ümumilikdə gələnlər 12 nəfər olardı. Onlar ofisdən sənədləri apardılar, sonra axşam tərəfi Baş Prokurorluğun əməkdaşları gəldi, ofisdə axtarış aparıldı".

M.Mahmudov bildirib ki, hadisədən bir ay əvvəl telefonu dinlənilib və izlənilib.

Şahid Zaur Əbilov isə bildirib ki, “Qlobal Stone” MMC-də menecer işləyib. Onun sözlərinə görə, şirkətin baş direktoru İlqar Vəliyevi tanıyıb. Təsisçilər şirkətə işçi götürülməsinə, maliyyə məsələlərinə qarışmayıblar. Şahidin sözlərinə görə, yanğın hadisəsi baş verən gün MTN əməkdaşları ofisə gəlib M.Mahmudovu axtarıb. Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.