"Rusiyanın Ermənistandakı "İskəndər"lərinin hədəfində bu bölgələrdir..." — Politoloq rəyi
17-11-2016, 19:17
Ermənistan prezidenti Sərkisyan Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibə verib.
Müsahibə zamanı Sərkisyan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara ancaq danışıqlar kimi baxan Ermənistan rəhbərliyi deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram və heç zaman görüşlərdən imtina etməmişik.
"İsgəndər" raketləri ilə bağlı danışan Sərkisyan deyib ki, bölgədə hərbi vəziyyəti balanslaşdırmaq üçün hansısa vasitədən istifadə etmək lazımdır. Sirr deyil ki, Azrbaycan son bir neçə ildə müntəzəm olaraq ən müasir silahlara yiyələnib. Bizim Azərbaycan kimi maliyyə imkanlarımız yoxdur. Amma vəziyyəti balanslaşdırmaq üçün yollar axtarırıq. Ümid edirəm ki, "İskəndər" raket kompleksi bu vəziyyətdə balans üçün yaxşı vasitədir".
Politoloq Elşən Manafov Ermənistan prezidentinin verdiyi müsahibədə səsləndirdiyi fikirləri Ölkə.Az-a şərh edib:
"Ermənistan prezidentinin Rusiya agentliyinə verdiyi müsahibə bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin cəbhə xəttində verdiyi müsahibədən sonra diqqəti cəlb edir. Azərbaycan prezidenti Beyləqan rayonunda Azərbaycan hərbçiləri ilə görüş zamanı Lələtəpə əməliyyatı ilə bağlı məqamlara toxunub. Ermənistan tərəfinə ciddi bir mesaj verib ki, bundan sonra da erməni tərəfi danışıqları danışmaq naminə aparacaqsa, bu danışıqlar da prespektivdə Dağlıq Qarabağda "de-fakto" erməni respublikasının nə zamansa "de-yure" kimi tanınmasına hesablanıb. Ermənistanın mövqeyi bundan ibarətdir. Azərbaycan tərəfi də beynəlxaq hüququn ona verdiyi imkanlar çərçivəsində bu problemin hərbi yolla həlli variantını istisna etmir.
Azərbaycan problemin danışıqlar yolu ilə həllində maraqlıdır və ümumiyyətlə problemin sülh yolu ilə tənzimlənməsi bölgədə sülh və sabitliklə bağlı məsələlərin də möhkəmlənməsinə öz töhfəsini verə bilər. Azərbaycan ordusunun hansı gücə və imkanlara malik olduğu aprel əməliyyatlarında bəlli oldu. Bu əməliyyatlar Ermənistana deyil, onu himayə edən, əslində xristian təəssübkeşliyi mövqeyindən Ermənistan dövlətinə yanaşan məlum dövlətlərə və dairələrə də bir mesaj oldu.
Ermənistan prezidentinin bu açıqlaması həm də Rusiya prezidenti Putinin Ermənistan və Rusiyanın vahid ordu yaratması ilə bağlı verdiyi sərəncamdan sonra da diqqəti cəlb etdi. Əslində bu sərəncamın verilməsi ilə bəlli oldu ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın "for-post"udur. Bu sərəncamdan sonra erməni silahlı qüvvələrinin birmənalı şəkildə rəsmi Moskvanın tabeçiliyinə keçəcəyi heç kimdə şübhə doğurmur. Bu müəyyən mənada Azərbaycan dövlətinə də mesaj kimi qəbul oluna bilər ki, Ermənistanla müharibəyə başlayan tərəf qarşısında Rusiyanı görəcək. Bu da təəssüf doğurur, çünki Rusiya ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biridir. Təbii ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda Rusiya beynəlxaq hüququn və ATƏT-in ona verdiyi mandatın imkanları çərçivəsində fəaliyyət göstərməlidir. Rusiya müəyyən mənada birtərəfli mövqe sərgiləyir, bu sərəncam Ermənistanın bundan sonrakı danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləməsinə bu və ya digər mənada rəvac verə bilər.
Bu günlərdə Kremlə yaxınlığı ilə bilinən politoloq Sergey Markovun verdiyi açıqlama siyasi ekspertlərin diqqətini cəlb etdi. Markov belə bir fikir bildirib ki, danışıqların intensivləşməsi bu ilin sonuna qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələləri özündə ehtiva edəcək. Markovun Kremlə yaxın politoloq olduğunu və əslində Kremldən aldığı mənbələrə istinad etməsini nəzərə alsaq, bu bəyanatı ciddiyə almamaq olmaz. Təəssüf ki, Rusiyanın Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq anlamındadır. Ermənistanla isə strateji müttəfiqlik çərçivəsindədir.
Hal-hazırda Rusiya gözəl başa düşür ki, Ukraynada və Suriyada baş verən hadislərlə bağlı ABŞ-ın Qafqaz olaylarına ciddi müdaxilə etmək planları yoxdur. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp da özünün seçkiqabağı kampaniyası zamanı ABŞ-ın Qafqazla bağlı geosiyasi maraqlarına demək olar ki, toxunmayıb. O daha çox Ukrayna və Suriya məsələlərinə toxunub. Hətta Trampın açıqlamalarına diqqət yetirsək görərik ki, Tramp Rusiya ilə qarşıdurmaya getməyin tərəfdarı deyil. Hər-halda yeni seçilmiş prezident münaqişələri Rusiya ilə əməkdaşlıq konteksində həll etməyin vacibliyini vurğulayıb. Hərçənd ki, Trampın necə addım atacağına prezidentlik postuna gəldikdən 100 gün sonra daha dəqiq qiymət vermək olar. Hər-halda ABŞ prezidentinin Qafqazdakı olaylara münasibəti göstərir ki, Rusiya burada onun siyasətinə güclü təsir imkanlarına malik olan digər bir tərəf kimi görünmür.
ATƏT-in Minsk qrupunun digər həmsədri Fransadır. Ollandın özünün Fransada nüfuzu xeyli aşağı düşüb. Güman edirəm ki, ən azı yeni siyasi elitanın formalaşmasına qədər Fransa tərəfinin də Dağlıq Qarabağ problemi barədə danışıqlara ciddi təsir imkanı olmayacaq.
Bununla belə, Azərbaycan dövlətinin ordusunu gücləndirməsi istiqamətində həyata keçirdiyi siyasət eyni zamanda 60 mindən ibarət Azərbaycan silahlı qüvvələrinin keçirdiyi irimiqyaslı hərbi təlim göstərdi ki, Azərbaycan dövləti bu problemi gerçəkdən hərbi yolla həll etmək imkanına malik olan bir dövlətdir.
ABŞ, Fransa və Rusiya hələlik Qafqazda mövcud "stats-kvo"nun dəyişməsində maraqlı deyil. "Status-kvo"nun dəyişməsi, Azərbaycan tərəfinin hərbi əməliyyatlar etməsi ilk növbədə Qərbi ona görə narahat edir ki, Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayan neft və qaz kəmərlərinin təhlükəsizliyi ilə bağlı məsələlər gündəmə gələcək. Ermənistan tərəfinin "İskəndər" tipli raketlərə yiyələnməsindən sonra verdiyi açıqlamalar da bunu bir daha təsdiq edir. Əslində bu tipli raketlərin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə tətbiq edilmə ehtimalı da çox azdır. Bunu hərbi ekspertlər bizdən daha yaxşı bilirlər. Çünki o raketlərin hədəfləri vurma imkanları 500 km-dən yuxarıdır. Azərbaycanla Ermənistan arasındakı təmas xəttində belə bir imkanlar yoxdur. Hətta bu müharibədə helikopterlər istisna olmaqla qırıcı, bombardmançı təyyarələrin də iştirakı hərb elminin müddəaları baxımından anlaşılmaz təsir bağışlayır. Ona görə də, Rusiyanın Ermənistanda bu tipli raketləri yerləşdirməsi daha çox Yaxın, Orta Şərqdə baş verən olaylar baxımından diqqəti cəlb edir və Rusiyanın bu bölgədəki maraqlarına uyğun olaraq buraya yerləşdirilib.
KTMT-də Ermənistanla birgə təmsil olunmuş dövlətlər belə əməliyyatların bərpa olunacağı təqdirdə Ermənistana hər hansısa dəstək verməz. Aprel əməliyyatları göstərdi ki, KTMT-də təmsil olunmuş türkdilli respublikalar loyal münasibət bildirdilər və hər hansısa bir münasibət sərgiləmədilər. Slavyan respublikası olan Belarus özü belə daha çox birtərəfli mövqe sərgilədi və Azərbaycanın ərazi bütövlüyünün, bu problemin həmişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olmasının vacibliyini vurğulayıb. Həmin günlərdə Belarusun İrəvandakı səfiri Ermənistanın xarici işlər nazirliyinə çağırıldı və Ermənistan Belarus dövlətinə nota verdi.
Azərbaycan tərəfi ordusunu gücləndirmək istiqamətində siyasətini davam etdirməlidir. İqtisadi, siyasi islahatların aparılması, cəmiyyətdə demokratikləşmə, paralel olaraq ordunun güclənməsi bu problemin həllinin yaxın prespektivdə yeganə açarıdır".