Rusiya-Ermənistan birgə qoşunu Naxçıvanla sərhəddə

18-11-2016, 09:34           
Rusiya-Ermənistan birgə qoşunu Naxçıvanla sərhəddə
Ekspertlər real təhlükə və onun mümkün nəticələri barədə danışdılar...
Rusiya və Ermənistanın birgə hərbi birləşmələrin yaradılması ilə bağlı qərarı birmənalı şəkildə Azərbaycanı təhdid edən addım kimi dəyərləndirilir. Hələlik nə Xarici İşlər, nə də Müdafiə nazirlikləri səviyyəsində bu məsələyə hər hansı münasibət bildirilməyib. Dünən də hər iki qurumdan mövqe almaq cəhdimiz müsbət nəticə vermədi.

Vahid hərbi birləşmələrin yaradılması ilə bağlı razılaşma çərçivəsində Ermənistanın 4-cü korpusu vahid orduya qatılacaq. Publika.az xəbər verir ki, 4-cü korpusun yerləşdiyi ərazi diqqət çəkir. Ermənistan mediasının məlumatına görə, bu korpus Naxçıvanla sərhəddə olan “Vayos Dzore” ərazisində yerləşir. Həmçinin bura Dağlıq Qarabağ bölgəsinə yaxındır. Maraqlıdır ki, birgə qoşun birləşməsinin Naxçıvanla sərhəddə yerləşdirilməsi hətta ermənilərin də diqqətini çəkib və yerli mətbuat “Niyə məhz Naxçıvanla sərhəddə” sualına cavab axtarır.

Politoloq Elçin Mirzəbəyliyə görə, bu kimi məlumatlar Moskvanın təzyiqlərinin açıq müstəviyə keçirməsindən xəbər verir: “ABŞ-dakı seçkilərdən sonra yaranmış vəziyyət, yeni prezident Trampın xarici siyasətinin prioritetlərinin aydın olmaması, Qərbin Ukrayna ilə bağlı nümayiş etdirdiyi riyakar və qorxaq mövqe, Gürcüstanda, Moldovada və Bolqarıstanda keçirilən seçkilərin nəticələri postsovet məkanında və Şərqi Avropada qlobal güc balansının Rusiyanın xeyrinə dəyişməsi mənzərəsini yaradıb.

Moskva isə bu vəziyyətdən yararlanmaqla nüfuz dairəsini daha da genişləndirməyə və möhkəmləndirməyə çalışır. Rusiyanın bu davranışları ona qarşı real təzyiq vasitələri işə düşməyənədək davam edəcək. Son hadisələr Rusiyanın Qarabağ münaqişəsində tərəf olduğunu daha qabarıq şəkildə ortaya qoyur”. E.Mirzəbəyli hesab edir ki, bunu Rusiyanın özü istəyir: “Yəni Moskva atdığı addımlarla açıq şəkildə mesaj verir ki, Rusiya bu münaqişədə tərəfdir və danışıqlar da məhz işğalçının əsas ”paya" sahib olan ortağı kimi onunla aparılmalıdır. Bu davranışları ilə Rusiya artıq siyasi manevrlər və irili-xırdalı bazarlıqlar üçün yer qoymur. Bunu şərtləndirən amillərdən biri də Türkiyənin Qərblə münasibətlərində yaranmış dərin ziddiyyətlərdir.

Diqqət yetirsəniz, Kremlin sözçüsü funksiyasını yerinə yetirən Vladimir Jirinovski Türkiyənin İraqda və Suriyada haqqı olduğunu deyir. Yəni Ankaranın Rusiya tərəfindən “müəyyənləşdirilmiş” maraqlarının xəritəsini cızır. Bununla demək istəyir ki, sənin Qafqazda və Balkanlarda işin yoxdur, get o “ərəb bataqlığı”, o da sən...

Təhlükəli olan məqam da elə budur. Çünki Rusiya-Türkiyə münasibətlərinin iqtisadi maraqlara söykənən sabit inkişafı Azərbaycanı qane etsə də, Ankara ilə Moskvanın geosiyasi razılaşmaları heç vaxt Azərbaycanın mənafeyinə xidmət etməyib və bundan sonra da edəcəyi inandırıcı görünmür. Ankaranın Rusiyanın nişan verdiyi “nüfuz məkanı” ilə razılaşması və bu istiqamətdə real addımlar atması isə çox böyük problemlərə zəmin yarada bilər. Çünki Moskvanın nişan verdiyi məkanda Rusiya mütləq söz sahibi deyil". Politoloqa görə, Rusiya indiki şəraitdə Cənibi Qafqazdakı nüfuz dairəsini heç kimlə paylaşmaq istəmir, əksinə, bu coğrafiyaya təsir etmək imkanı olan irili-xırdalı bütün gücləri neytrallaşdırmağa çalışır: “Olduqca təhlükəli bir vəziyyət yaranıb!”

Ekspert hesab edir ki, indiki halda Ankaranın ənənəvi müttəfiqləri ilə münasibətlərini tənzimləməsinə və regionda qüvvələr nisbətinin balanslaşdırılması üçün hərəkətə keçməsinə ehtiyac var: “Türkiyənin Azərbaycanla birgə hərbi birləşmə yaradacağı indiki vəziyyətdə inandırıcı görünmür. Ankara Moskvanı qıcıqlandıracaq heç bir addım atmaq niyyətində deyil. Bu baxımdan, çox mürəkkəb bir mərhələdən keçdiyimizi düşünürəm. Eyni zamanda 2017-ci ilin ikinci yarsından etibarən Rusiyaya qarşı real təzyiqlərin həyata keçirilməsi ehtimalının olduğu qənaətindəyəm”.

“Ümumiyyətlə, Naxçıvanı Qarabağ münaqişəsinə qatmaq ermənilər və onların havadarlarının çoxdankı istəyidir”. Bu fikirlər isə politoloq Arzu Nağıyevə məxsusdur. Onun sözlərinə görə, burada artıq söhbət Dağlıq Qarabağdakı qoşunların təmas xəttindən deyil, Azərbaycanla Ermənistanın sərhədindən gedir: “Yəni bu sərhəddə hər hansı təxribat baş verərsə, Azərbaycan tərəfi cavab verməlidir. Bu isə artıq KTMT-nin üzvü olan Ermənistana qarşıdır. Buna görə də Rusiya belə variantlara əl atır. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı reallaşdıqca Rusiya öz mövqelərini daha da möhkəmlətməyə çalışır. Burada da əsas bəhanə ondan ibarətdir ki, bu dəmir yolu vasitəsilə Naxçıvan tam şəkildə blokadadan çıxa bilir”. A.Nağıyevə görə, Azərbaycanın Türkiyə ilə qoşun birləşməsini yaratması NATO ilə razılaşdırılmalıdır: “Yəni ikitərəfli hərbi müqavilələr ola bilər və belə bir müqavilə mövcuddur. Lakin geniştərkibli qurumlar üçün bu kifayət deyil. Rusiya NATO ilə sərhədin məhz Türkiyə-Ermənistan sərhədindən keçdiyini nəzərə alaraq, bu istiqamətdə təhdidin olacağından çəkinir. Ermənistanla həmrəylik nümayişinin əsas məqsədlərindən biri budur. Son anda isə bu regionda silah-sursat və şəxsi heyətin həddən artıq çoxalmasına və təhdidlərə, o cümlədən Dağliq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.