Hökumət kəndlinin və idmançıların PULUNU kəsdi

18-11-2016, 23:20           

Tikinti və müdafiə xərcləri artırılıb

İlham Şaban: “Hökumət heç vaxt işləməyib, ümid də həmişə neftə olub”

Maliyyə Nazirliyi ölkəMilli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini ictimaiyyətə təqdim edib. Büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, "2017-ci ilin dövlət büdcəsi haqqında" Qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib.

Beləliklə, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd.manat, xərcləri isə 16,6 mlrd. manat məbləğində proqnozlaşdırılıb. 2017-ci ildə mərkəzləşdirilmiş gəlirlər 22,087 mln.manat artırılaraq 15 mlrd. 334 mln.706 min manat, yerli gəlirlər isə 22,087 mln.manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb.Eyni zamanda, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclər üzrə proqnozun 29,556 mln.manat artırılaraq 15 mlrd. 911 mln.286 min manat, yerli xərclər isə 29,556 mln.manat azaldılaraq 688 mln. 714 min manat məbləğində təsdiq edilməsi təklif olunub.

Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb.

Bu vəsaitin 1 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257,6 mln. manatı isə digər kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.

2017-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda neftinin 1 barelinin qiyməti 40 dollardan götürülüb. Yarana biləcək risklərdən qorunmaq məqsədi ilə qiymətlər 3 ssenari üzrə icra olunacaq:

Pessimist qiymətin 1 bareli- 35 ABŞ dollar

Baza qiyməti - 40 ABŞ dollar

Optimist - 45 ABŞ dolları

2017-ci ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır.

Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manat (1 milyard 859 milyon 499 min 497 AZN) nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə 775.785.130,0 manat ayrılması proqnozlaşdırılıb.

2017-ci ildə Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi (ipoteka) xərcləri üçün 100.000.000 manat nəzərdə tutulub.
2017-ci ildə ölkənin müdafiə xərcləri üçün 1.615.359.868.0 manat nəzərdə tutulub. Bu məbləğdən 1.486.905.140,0 manat müdafiə qüvvələrinə, 122.700.302,0 manat milli təhlükəsizliyə, 2.642.144,0 manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara sərf olunacaq.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 mlrd. manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2 faizi sənayenin, 6,1 mlrd. manatı və ya 10,0 faizi tikintinin, 24,3 mlrd. manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.

Qeyd edək ki, təxminən ayyarım öncə Maliyyə Nazirliyi müzakirə məqsədilə 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsini və icmal büdcəyə dair təqdimatı öz saytında yerləşdirmişdi.Büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, sözügedən sənədlərdə bəzi dəyişiklik edilib.İqtisadçı ekspert Rövşən Ağayev 2017-ci ilin büdcəsi ilə bağlı qanun layihəsinin və icmal büdcənin köhnə variantı ilə yenilənmiş versiyanı müqayisə edərək əsas dəyişiklikləri müəyyənləşdirib. Bunlar aşağıdakılardır:

Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;
2) Elm xərcləri - 6.8 milyon manat;
3) Naxçıvana dotasiya -11 milyon;
4) Hüquq mühafizə xərcləri - 19 milyon manat;
5) Təhsil xərcləri - 126 milyon manat;
6) Səhiyyə xərcləri - 30.4 milyon manat;
7) Sosial müdafiə xərcləri - 64.7 milyon manat;
8) Mədəniyyət-incəsənət xərcləri - 19.5 milyon manat;
9) İdman xərcləri - 201 milyon manat;
10) Kənd təsərrüfatı xərcləri - 305.5 milyon manat.
11) Sahibkarlığa dəstək - 102 milyon manat;
12) Əsas bölmələrə aid edilməyən xidmətlər - 633.3 milyon manat.

Artırılan xərclər:

1) Müdafiə xərcləri 1.027 milyard manat
2) Tikinti xərcləri - 639 milyon manat;

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.
Məlumat üçün qeyd edək ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 milyard 566 000,0 min manat, xərcləri 16 milyard 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 milyard 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 milyard 722 milyon 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilmişdi. 2016-cı ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilmişdi.



“Büdcə gəlirlərinin 7,2 milyardı Vergilər Nazirliyinin üzərinə qoyulub”

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, istər beynəlxalq maliyyə qurumlarının, istər hasilatçı neft şirkətlərinin, istərsə də beynəlxalq enerji agentliklərinin 2017-ci il üçün proqnozlarında neftin 1 bareli 50 dollardan yuxarı götürülür: “Azərbaycan hökumətinin bütün büdcə proqnozları heç zaman ilin yekununda özünü doğrultmayıb. Büdcə proqnozu havadan götürülmür ki, 12 aydan sonra A nöqtəsində nəzərdə tutduğunu B nöqtəsinə 100 faiz tam şəkildə alasan. Bu, çox fantastik bir şey olardı.Azərbaycan hökuməti vergi yığımından, gömrük komitəsinin pulköçürmələrində büdcə qarşısında olan öhdəlikdən 1-2 faizartıq vəsait cəlb edir. Büdcə gəlirlərinin 7,2 milyard manatı Vergilər Nazirliyinin üzərinə qoyulub. Bu, 2016-cı illə müqayisədə 200 milyon manat və yaxud 2,9 faiz çoxdur.Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi isə bu ilə nisbətən 390 milyon manat və yaxud 21,5 faiz artırılaraq 2,2 milyard manata çatdırılıb”.

Ekspert büdcə proqnozlarına təsir edən yüzlərlə amil olduğuna diqqət çəkərək öncədən verilən proqnozların əleyhinə olduğunu deyib: “Bu amilləri öncədən necə proqnoz edə bilərlər? İlin müəyyən vaxtlarında ölkənin iqtisadi vəziyyəti dəyişir.Dolların kursundan tutmuş neftin qiymətinə qədər.Həmçinin ölkələr arasında iqtisadi əlaqələr zəifləyir və digər amillərə səbəbindən dəyişikliklər baş verir.Büdcə proqnozlarına əməl olunması üçün hökumət çevik qərarlar qəbul edib, operativ işlər görməlidir.Bir sahədə qiymət aşağı düşürsə, digər sahədə bunun əksi olmalıdır.Amma Azərbaycanda faktiki olaraq belə şeylər olmur.Azərbaycanda ancaq tədbirlər həyata keçirirlər.Ölkənin bütün məsələləri Neft Fondundan köçürülən vəsaitlər hesabına həllini tapır.Hökumət heç vaxt işləməyib, ümid də həmişə neftə olub”.

İlham Şaban onu da qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bütün media qurumlarını maraqlandıran mövzunun London birjalarında neftin qiymətinin necəliyidir: “Azərbaycanın kütləvi informasiya vasitələri2008-ci ildən bu tərəfə dünyada kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətləri, həftəlik kənd təsərrüfatı məhsullarının qiymətini göstərmir. Bu o deməkdir ki, bu, onların marağında deyil.Əsas maraq odur ki, neftdən nə qədər gəlir əldə olunur.Ona görə də 1 ildə neftdən ölkəyə 12 milyard, qeyri-neft sektorundan isə 1 milyard gəlir əldə olunur.Neftdən gələn gəlir mənfəətdir, qeyri-neft sektorundan gələn mənfəət isə cəmi 200-300 milyondur.Bunların arasında da 20-30 dəfə fərq var. Buna görə də qeyri-neft sektoruna maraq yoxdur”.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.