Gəncə avtomobil zavodu niyə özəlləşdirilir?

19-11-2016, 09:49           
Gəncə avtomobil zavodu niyə özəlləşdirilir?
Natiq Cəfərli: “Yük kimi dövlət büdcəsinin üzərində qalmışdı”
Gəncə Avtomobil Zavodunun özəlləşdirməyə çıxarılması xeyli müzakirələrə səbəb olub. Nazirlər Kabinetinin qərarına əsasən zavod səhmdar cəmiyyət kimi investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək. Qeyd edək ki, Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərovdur. Xanlar Fətiyev isə zavodun İstehsalat Birliyinin müşahidə sədridir. Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə isə icraçı direktor K.Nəzərov olsa da zavodun əsl sahibi X.Fətiyevdir.

Xatırladaq ki, zavodun əsası 1986-cı ildə qoyulub və yalnız 2004-cü ilin dekabrında fəaliyyətə başlaya bilib. Zavod özəlləşdirilməyə çıxarılsa da hazırda fəaliyyət göstərir, maşın və traktorlar istehsal edir. Fəaliyyətinə “OKA”, “UAZ”, “CHANGAN” avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda 35 çeşiddə texnika istehsal edir. 2007-ci ildən başlayaraq müəssisədə “Belarus” markalı traktor, ötən ildən isə “KamAZ” və “URAL” markalı avtomobillərin yığımına başlanılıb.

Maraqlıdır, bundan əvvəl adətən işləməyən müəssisələr özləlləşdirilməyə çıxarılırdı. Bəs görəsən, fəaliyyətdə olan Gəncə Avtomobil Zavodu niyə satışa çıxarılır? Səbəb hökumətin vəziyyətinin ağır olması, yoxsa gələn gəlirin xalqla bölüşdürülməsi istəyidir?

Ekspert Natiq Cəfərli məsələyə bu cür şərh bildirdi: “Gəncə Avtomobil Zavodu klassik avtomobil istehsalı ilə məşğul deyil. Sadəcə, yığım yeri kimi fəaliyyət göstərir. Xaricdən gələn müəyyən detallar müəyyən prosesdən sonra yığılaraq satışa çıxarılır. Xüsusən də «Belarus» traktorlarının çıxarılması ilə məşğuldur. Və buna da külli miqdarda dövlət büdcəsində vəsait sərf olunurdu.

Yəni açıqcası rentabelliyi çox aşağı səviyyədə idi və yük kimi dövlət büdcəsinin üzərində qalmışdı. Büdcədə olan problemlərini həll etmək, kəsirləri bağlamaq üçün hökumət bu ildən başlayaraq özəlləşdirmə proqramlarını həyata keçirir. Və Gəncə Avtomobil Zavodunun özəlləşdiriməyə çıxarılması bu anlamda həm dövlət büdcəsinin yükünü azaltmaq, həm də əlavə vəsait qazanmaq nöqteyi-nəzərindən doğru addımdır. Sadəcə, bu özəlləşmənin doğru-dürüst keçirilməsi, xarici ciddi investisiyaların cəlb edilməsi üçün kifayət qədər iş aparılmalıdır.

Çünki əgər zavod özəlləşdirildikdən sonra ciddi fəaliyyət göstərməyəcəksə, yeni iş yerlərinin yaranmasında yenə də problemlər yaşanacaqsa, normal məhsul istehsal etməyəcəksə, bu, iqtisadiyyata heç bir xeyir verməyəcək. Ona görə də böyük xarici investorların, ciddi oyunçuların dəvət olunması üçün təklif proqramlarına ehtiyac var. Azərbaycan hökuməti bu özəlləşdirməni cəzbedici etməlidir ki, xarici böyük oyunçular burda iştirak etsin. Əgər bu baş verəcəksə, müəyyən effekt olacaq. Yox, əgər olmayacaqsa və müəyyən sxemlər vasitəsilə Gəncə Avtomobil Zavodu hər hansı bir yerli şirkət tərəfindən özəlləşdiriləcəksə, bunun böyük effekt verəcəyini düşünmürəm və Azərbaycan iqtisadiyyatına gələcəkdə hər hansı bir formada xeyir verməsi problemləri olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.