“Aktivləri “Bandotdel”ə yığıb, məlumat alacaqlar” - Saxta profillər necə müəyyən ediləcək?/ RƏYLƏR

19-11-2016, 19:46           
“Aktivləri “Bandotdel”ə yığıb, məlumat alacaqlar” - Saxta profillər necə müəyyən ediləcək?/ RƏYLƏR
Xəbər verdiyimiz kimi Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verənlərin, saxta adlarla yalan xəbər və məlumat yayanların cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilir.

Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə layihə təqdim edib. Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

BakiPost.az Baş prokuror tərəfindən parlamentə təqdim edilən qanun layihəsi ilə bağlı deputatların və hüquqşünasın rəyini öyrənib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, təklif olunan qanuna görə saxta adlarla yalan xəbər və məlumat yayanların cinayət məsuliyyətinə cəlb edilməsi doğru addımdır:

"Azərbaycanda internet məkanı açıqdır və onun çoxlu istifadəçisi var. Kimin ürəyi nə istəsə danışa biləcək. Necə ki bu günə kimi danışıb. Kimlərsə isə daxili tərbiyəsinə uyğun özünün varlığını gizlətmək istəyir və başqa adamların adı ilə müxtəlif formada Azərbaycanın müəyyən adamları ilə bağlı təhqiramiz sözlər yazır. Əgər bu, özünün mövqeyidirsə, fikirlərini açıq-aşkar desin. Tərbiyəsi bunu qəbul etdiyi şəkildə. Yox əgər kimsə bundan başqa istiqamətdə yararlanmaq istəyirsə, təbii ki, bu, yolverilməzdir. Ona görə də bu cür adamlarla bağlı məlum qanunamüvafiq tədbir görülməli olacaq. Bu, heç də internetin problemi ilə bağlı deyil. Bu, insanların daxili tərbiyəsi ilə bağlı olan məsələdir. Hesab edirəm ki, bundan sonra bu cür yola əl atanlar məsuliyyətə cəlb olunmalıdırlar. Onlar öz hərəkətlərinə qiymət verməyi bacarmalıdırlar. Bu qanunun yalnız müsbət tərəfi var”.

Rövşən Rzayev qeyd edib ki, belə bir qanun bir çox müstəqil ölkələrdə qəbul edilib: "Artıq bir çox ölklərdə bu qanun layihəsi var. Bu "anonimkalar” sovet dövrünün düşüncəsinin qalığıdır. Totalitar komunizm rejimi "anonimkaların” qarşısını aldı. Müstəqil dövlətlərdə bu cür hərəkətlər qəti yolverilməzdir”.

Sədr müavini yeni qəbul olunan qanunun söz azadlığının məhdudlaşdırılması ilə əlaqəli olmadığını vurğulayıb: "Azərbayacanda söz azadlığı kifayət qədər sərbəstdir. Nəinki söz azadlığı, mətbuat azadlığı, hətta mitinqlərin belə keçrilməsi sərbəstdir. Tam qanunamüvafiq də bütün götürülmüş öhdəliklərə uyğun hər bir şey qaydasındadır. Bu, qanunla da tənzimlənir. Azərbaycan cəmiyyəti demokratik, hüquqi və dünyəvi dövlət qurub. Bu quruculuq prosesini davam etdirir. Hər bir dünyanın bunu etməkdə haqqı var. O cümlədən Azərbaycanın da. Hər dövlət öz mentalitetinə uyğun, gördüyü prosesə düzgün yol seçir. Azərbaycan da demokratik inkişaf yolunu seçib”.

Komitənin üzvü, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı həmkarının qanunla bağlı fikirlərini dəstəkləyib:

"Son vaxtlar internet resurslarından, sosial şəbəkələrdən istifadə edərək vətəndaşlarımızın şəxsiyyəti təhqir olunur, ləyaqəti alçaldılır. Hətta ölkə prezidentinin də ünvanına xoşagəlməz ifadələr səsləndirilir. Saxta profillər vasitəsilə bu gün Avropada oturub erməni lobbisinin ayırmış olduğu vəsaitlə xoş güzəran keçirən anti-qüvvələr bu cür hərəkətlər həyata keçirir. Bu cür insanlara qarşı sərt tədbirlərin görülməsi olduqca vacib idi. Bununla bağlı bizə çoxsaylı şikayətlər daxil olurdu. Şəxsən mənim özüm də tutduğum siyasi mövqeyə görə bu cəmiyyətin tör-töküntələrinin dəfələrlə təhqirlərinə məruz qalmışam. Bu qanun qəbul olunandan sonra bu cür hallara qarşı qətiyyətli mövqe tutulacaq. Əminəm ki, hüquq mühafizə orqanları bu dəyişikliklərə söykənərək bu xoşagəlməz özbaşınalıq və təhqirlərin qarşısını almaq üçün ciddi addımlar atacaq. Çünki ayrı-ayrı şəxslərin Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinə toxunması yol verilməzdir. Bununla bağlı qanunda müddəalar var. Sadəcə olaraq bura internet resurslarından istifadə müstəvisində bu cür böhtanlara və təhqirlərə qarşı sərt mövqeyin ortaya qoyulması, tədbirlərin görülməsi əlavə edildi. Hesab ediərm ki, bu dəyişiklik gecikmiş bir addımdır. Amma təqdir olunmalıdır”.

Fəzail Ağamalı qanunun söz azadlığının məhdudlaşdırılmasıyla hər hansı bağlılığının olmadığını vurğulayıb: "Bunun söz azadlığına aidiyyəti yoxdur. Azərbaycan hakimiyyətindən narazı qalındığı zaman onun tənqid edilməsi hallarında bu qanun tətbiq olunmur. Tənqid etmək olar, fikrə alternativ nəsə söyləmək olar. Amma təhqir olmaz”.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə isə, bu metodla saxta profillərdən yayılan təhqir və böhtanı önləmək mümkün olmayacaq:

"Çünki saxta profil açmağı məqsəd qoyan şəxslər yəqin ki, onun bu tərəflərini hesabladıqları üçün saxtakarlığa gedirlər. Yəni ola bilər ki, həmin hesablar ölkə kənarından açılır yaxud xüsusi brauzerlərdən istifadə edilərək, İP dəyişdirilərək açılır. Texniki olaraq bunun müəyyən edilməsi demək olar ki, mümkün olmaya bilər. Geriyə bir ehtimal qalır, sosial şəbəkə aktivlərini kütləvi şəkildə "banotdel”də "dindirərək" bütün "saxta profillərin" siyahısını "birinci əldən" əldə etmək. Yəqin ki, maddə qüvvəyə mindikdən sonra bu metodla tez-tez "saxta profillər" "ifşa olunacaq". Amma unutmayaq ki, ifşa olunanlar sadəcə saxta profillər olmayacaq. Üçüncüsü, saxta profili kim və necə müəyyən edəcək? Saxta profil sahibi Bakıda yox, Nyu-Yorkda oturub edəcəksə, bunu necə önləməyi düşünür qanunvericiliyi dəyişən tərəflər? Dördüncüsü isə, mövcud qanunvericiliyə görə CM 147 və 148-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işlədilməsi ancaq hüququ pozulan şəxsin xüsusi ittiham qaydasında mümkündür. Şəxs xüsusi ittiham qaydasında iddia qaldırmalı və təhqirin yaxud böhtanın olduğunu sübut etməlidir. 148-1 maddədə bunu kim edəcək? Vətəndaş profilin saxta olduğunu hansı vasitələrdən istifadə edib sübut edəcək? Hökumət rəsmilərinin tez-tez təkrarlanan bir ifadəsi var – "Bizdə internet azaddır”. İndi isə bu təklifi təqdim edənlər bu arqumenti rəsmilərin əlindən alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.