Sosonun sinizmi, yoxsa unutqanlığımız?

3-12-2016, 09:55           
Sosonun sinizmi, yoxsa unutqanlığımız?
Həftənin qalmaqallı hadisələrindən biri də gürcü əsilli Rusiya müğənnisi Soso Pavliaşvilinin Bakıdakı konserti oldu. Olaya diqqət çəkməmək də olardı, əgər adı çəkilən persona ilə bağlı bir mühüm və prinsipial detal olmasaydı.

Söhbət ondadır ki, bu özündənrazı gürcü vaxtilə işğal altındakı Dağlıq Qarabağda separatçılar üçün konsert verib. Amma indi sanki heç nə olmayıbmış kimi və bizim ənənəvi ürəyi yuxalığımızdan, unutqanlığımızdan istifadə edərək Bakıda peyda olub.
Beləcə, ilk dəfədir işğal altındakı ərazilərə Azərbaycan dövlətinin razılığı olmadan səfər etmiş xarici vətəndaş üzrxahlıq-zad etmədən, vicdan əzabı və peşmançılıq hissi keçirmədən, səmimi etirafda bulunmadan paytaxtımıza gəlib.

Yəqin indi öz aləmində düşünür ki, illər öncə elə düz hərəkət edibmiş ki, ona Azərbaycandan ciddi təpki olmayıb.

Bu üzdən Qarabağla bağlı çox pis bir presedentin yarandığını qeyd edə bilərik. Yəni bundan sonra niyə başqaları da Sosoya baxıb, onu hərəkətini təkrar etmək fikrinə düşməsin ki? Yetər ki, arxanda varlı-karlı azərbaycanlı oliqarx dostların olsun - Ağalarovlar kimi.

Soso da şübhə yox ki, məhz həmin dostları hesabına Azərbaycan xalqından üzr-filan istəmədən, sadəcə, XİN-ə məktub yazıb “Bakıya gəlmək istəyirəm” xahişində bulanmaqla istəyinə çatıb. Bəs yol verdiyi böyük xəta, günah əməl necə olsun?!

Deyilənlərə görə, S.Pavliaşvilinin konserti xeyriyyə məqsədi daşıyıb. Əldə olunan vəsait onkoloji xəstə uşaqlara veriləcəkmiş. Burda deyiblər, “Başını yarıb ətəyinə qoz tökmək”. Yenə bəlkə hər şeyi ona bağışlamaq olardı, əgər Bakıda o, Şəhidlər Xiyabanını, Xocalı soyqırımı abidəsini ziyarət etsəydi. Bunu da özünə rəva bilmədi.

Gürcü müğənni o yana, bəs analoji hallarda prinsipial mövqe tutan Azərbaycan XİN-i nədən üzüyumşaqlıq edib görəsən? Axı, Pavliaşvilinin müraciətində peşmançılıq, üzrxahlıq adına heç nə yoxdur! Bu, o deməkdir ki, işğal altındakı ərazilərimizə o yenə, icazəsiz gedə bilər. Zatən, az öncə buna anons da eləmişdi.

Bu səbəbdən tanınmış azərbaycanlı dramaturq Ramiz Fətəliyev tam haqlı olaraq konsertdən öncə ona açıq məktub yazaraq, Bakı səfərindən imtina etməyə çağırmışdı. Pavliaşvili isə nəinki onun müraciətini saya salmadı, üstəlik, faktiki, xalqın mövqeyini ifadə edən R.Fətəliyevi aşağıladı, ziyalılıqla bir araya sığmayan sinizm nümunəsi göstərdi. Lap dəqiqi, özünü xam kimi apardı, yekəxanalıq elədi. Sanki demək istədi ki, “Əcəb edib Qarabağda icazəsiz getmişəm! Kefim indi də istəyir Bakıya gələm və gələcəyəm də!” Gəldi də...

Görəsən Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiyada hansısa erməni müğənni gedib icazəsiz konsert versəydi, gürcü müğənni buna necə baxardı? Yenə “sənət sərhəd tanımır” kimi şablon tezisi gözə soxub boşboğazlıq edərdimi? Yeri gəlmişkən, ünlü gürcü Vaxtanq Kikabidze Abxaziya və Cənubi Osetiyanın işğalına etiraz olaraq, neçə vaxtdır Rusiyaya getmir...

Ancaq adamın acığı həmin bu sırtıq gürcüdən daha çox, ona fürsət yaradan özümüzkülərə tutur. Onun Bakı “triumfuna” görə günahdan ən böyük pay da elə onların, bir də konsertə gələn soydaşlarımızın üzərinə düşür. Zira, məhz onların sayəsində ərazi bütövlüyümüzə sayğısı olmayan sosoların ayağı yer tutur. Yaxşı ki, QAT-çılar orada etiraz aksiyası keçirməyə cəhd eləməklə bir növ, millətin üzünü ağartdılar.

Amma keşkə, zal boş qalaydı. Axı, bizim üçün müqəddəs olan nədir - Vətən, torpaq, Qarabağ, bundan doğan prinsipiallığımız, yoxsa bizi ələ salan 3-cü, 4-cü dərəcəli müğənniləri o saat əfv edib də, Bakıya gətirib də, əllərinə gül-çiçək, təzə kart-blanş vermək?! Məgər ələ salınan Vətən hamının deyil?

Nə tez yumşalırıq belə? Niyə anlamırıq ki, Qarabağa görə prinsipilallıqdan geri durmaq - elə Qarabağa iddiadan geri durmaq, separatçı rejimin tanınmasına dolaysıyla dəstək vermək deməkdir? Biz nəzərə və ciddiyə almalıyıq ki, bu məsələdə kimsəyə güzəşt və ya istisna ola, heç kimə “lüks” tanına bilməz - ranqından, vəzifəsindən, kasıb-zəngin olmasından, arxasında kimin durmasından asılı olmayaraq! Çünki bir dəfə keçilən “qırmızı xətt” yenə keçilə bilər.

Qarabağ üçün “qırmızı xətt” hamı üçün keçərsiz olmalıdır! Əks halda, torpaqlardan keçməli olacağıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.