Xaricdə təhsilin daxildə yaratdığı problemlər

14-03-2017, 08:46           

Hazırda artıq dərs mövsümünün son 3 ayını yaşayırıq. Bir neçə il dövlət qəbul imtahanlarına hazırlaşan abituriyentlərin bir hissəsi artıq Azərbaycanda ali məktəblərdə qəbul olmaq haqqında düşünərkən, digər hissəsi də internetdə və ya hər addımbaşı müxtəlif şirkətlərin "Xaricdə təhsil!" şüarlı elanlarına diqqətlə göz gəzdirirlər. Təbii haldır ki, imtahan vermədən asanlıqla ali məktəbə daxil olmaq bir çoxlarının arzusudur. Adətən belə ali məktəblərdə tələbə yalnız təhsil haqqını ödəyir və sonrakı 4-5 il ərzində oxuyub, təhsilini başa vurur.
Lakin "Xaricdə təhsil", "İmtahansız tələbə adını qazan" kimi şüarlarla paytaxtın hər küncünü bəzəyən reklam sahibi olan müxtəlif şirkətlərın fırıldaqları ilə üzləşənlər də az olmur.

Təhsil üzrə ekspert Kamran Əsədov Ölkə.Az-a açıqlamasında bildirib ki, adətən belə şirkətlər övladının ali təhsilli olması istəyindən vaz keçməyən valideynlərdən, xaricdəki universitetin tələb etdiyi məbləğdən bir neçə dəfə artığını tələb edirlər. Onun sözlərinə görə, tələbələr xaricdə təhsilin sonunda diplom deyil, sadəcə müəyyən kurslarda dinləyici kimi olduqlarına görə sertifikat alırlar.

“Sertifikat deyil, 4-5 il əyani və qiyabi olaraq oxuyub, illərdir çəkdiyi əziyyətin bəhrəsi olaraq diplom aldıqdan sonra məzun, Azərbaycana qayıtdığında onun bir başqa problemlərlə də üzləşmə ehtimalı olur. Bu problemlərdən əsası isə onun burada işə düzəlməsidir. Xaricdən aldığı diplomla məzun əsasən dövlət orqanlarında işə düzəlməkdə problemlər yaşayır. Belə ki, ölkəmizdə xarici diplomunu tanıtmaq üçün məzun Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinin tələb etdiyi müvafiq sənədləri toplayaraq, cavabı almaq üçün orta hesabla 30 gün gözləməlidir. Aidiyyatı qurumun rəsmi internet saytında verilən ərizəyə orta baxılma müddətinin 30 gün olduğu qeyd edilir”, - deyə ekspert bildirib.

K.Əsədov deyir ki, əslində qanunvericilik aktlarımıza görə xaricdə təhsilin hansısa bir problem yoxdur:

“Çünki "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında konvensiya" var. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Əgər bu şərtlər ödənilibsə, Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinin diplomu tanımamağa əsası yoxdur. Əgər baxsaq görərik ki, Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinin rəsmi saytında təhsil sənədlərinin tanınması ilə əlaqədar müraciət edən vətəndaşların əksəriyyətinin MDB-nin müxtəlif ölkələrində, İran və Türkiyədə təhsil alanların olduğu qeyd edilir”.

K.Əsədov qeyd edib ki, xaricdə təhsil təkcə dövlət proqramı ilə deyil, bundan başqa QHT, xarici səfirliklər tərəfindən və ya tenderlər vasitəsilə xaricə göndərilən tələbələrdə var:

“Bu formatda xaricdə təhsilini başa vurub, qayıdıb gələn məzunlar Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinində diplomunu təsdiq edə bilərlər. Təəsüflər olsun ki, Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinin məlumatlarından görünür ki, bəzi məzunların saxta diplomla ölkəyə qayıtdığı halların aşkarlanır. Lakin elə hallar da olur ki, məzunlar burada məmur özbaşınalığı ilə qarşılaşır və ya bu kimi digər çətinliklərlə üzləşib diplomlarını təsdiq etdirə bilmirlər. Lakin bu o anlama gəlmir ki, həmin məzunun diplomu saxtadır. Nəticə etibarı ilə bu da digər problemlərə yol açır. Onların aldığı təhsilin səviyyəsi yüksək olsa belə, normal işə düzələ bilmirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.