Primakov kimisinə ancaq lənət düşür. Allah lənət eləsin!

27-06-2015, 11:51           
Primakov kimisinə ancaq lənət düşür.  Allah lənət eləsin!
Ərəstun Oruclu 20 yanvarın memarı, Azərbaycan xalqının cəlladı, insanlığa qarşı cinayətdə əli olan rus millətçisi Yevgeni Primakovun iç üzünü öz Facebook səhifəsində açdı!
Yevgeniy Primakov öldü.
Bu insanın bütün həyatı təxribatçılıq və dağıdıcılıq içində keçdi. Primakov sovet partiya və KQB sistemlərinin yetişdirmiş olduğu ən nadir nüsxələrdən biri idi. Bu adamın gah iqtisadçı, gah şərqşünas, gah jurnalist, gah diplomat olması göstərirdi ki, Yevgeniy Maksimoviç bütün bu "peşələrinin" arxasında daim öz əsas mahiyyətini - casusluğunu gizlədirdi və həmin casus fəaliyyəti sayəsində (özü də söhbət kifayət qədər iri çaplı casusdan gedirdi) əvvəllər Yaxın Şərqdə, SSRİ-nin dağılması ərəfəsində sovet respublikalarında, imperiya dağıldıqdan sonra isə dünya miqyasında ən çirkin əməllərdə fəal iştirakçı oldu. Belə ki, Misirdə və İraqda jurnalist qismində çalışan Primakov bu ölkələrdəki rejimlərlə yanaşı, həm də onlara qarşı silahlı mübarizə aparanlarla "ünsiyyət" qurmağa müvəffəq oldu. Məsələn, İraq diktatoru Səddam Hüseynlə və bu ölkənin vitse-prezidenti olmuş Tariq Əzizlə yaxın münasibətlər qurmuş sovet casusu, eyni zamanda çox rahat şəkildə ölkənin şimalına səfərlər edərək kürd lideri Məsud Bərzani ilə də görüşə bilirdi. SSRİ-nin dağılması ərəfəsində isə gələcək Rusiya maraqlarının təminatı olan etnik-ərazi münaqişələrinin də bir çoxu məhz onun rəhbərliyi altında təşkil olunmuşdu. Postsovet ölkələrdəki milli hakimiyyətlərin devrilməsi zamanı isə Primakov artıq xeyli böyümüşdü və bir zamanlar casusu olduğu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru idi və öz çirkin əməllərini artıq qlobal miqyasda həyata keçirirdi. Bu insan bizim yaddaşımızda və tariximizdə 3 hadisə ilə qalacaq: Qarabağ faciəsi, qanlı 20 yanvar təcavüzü və 1993-cü ilin iyun qiyamı. İlk ikisinə biləvasitə rəhbərlik edən Yevgeniy Primakov iyun qiyamında qismən iştirak edirdi (təbii ki, öz casus qurumu vasitəsilə) - onun əsas məqsədi hakimiyyətə məhz Heydər Əliyevin gətirilməsi idi. Onları təkcə sovet casus məktəbi deyil, həm də şəxsi münasibətlər bağlayırdı. Məsələn, Heydər Əliyevlə sıx şəxsi əlaqələri olan SSRİ EA Şərqşünaslıq İnstitutunun direktoru Yevgeniy Maksimoviç həm də Heydər Əliyevin qızı Sevil Əliyevanın elmi rəhbəri olmuşdu. Məhz buna görə də Azərbaycan parlamentində 20 yanvarla bağlı müzakirələr gedəndə Heydər Əliyev şəxsən Primakovun adının qərardan çıxarılmasına nail oldu, halbuki bu qanlı faciənin əsas təşkilatçısı da elə Primakov idi. Həmin institutun direktoru olduğu vaxt Primakovun ən yaxın ətrafına daxil olan gənc abxaz aspirant Vladislav Ardzinba sonralar separatçı Abxaziyanın "prezidenti" oldu. Çox misallar gətirmək olar, amma düşünürəm buna ehtiyac yoxdur...
Deyirlər, yaxşıya da rəhmət düşür, pisə də, amma mənsə düşünürəm ki, Primakov kimisinə ancaq lənət düşür.
Allah lənət eləsin!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.