Bakının İrəvana verdiyi vaxt başa çatıb: - Azərbaycan son alternativdən istifadə etməyə məcbur olacaq
1-04-2017, 11:05
Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il keçdiyi bir vaxtda situasiya daha da təhlükəli xarakter alıb. Virtualaz.org xəbər verib ki, bu barədə Britaniyanın “Chatam House” mərkəzinin saytında analitik Lourens Broers yazır.
Analitik qeyd edir ki, aprel döyüşlərindən sonra keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və “dayanıqlı şəkildə” bu vəziyyətdə qaldığını sübut edib. Beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə zaman başlayacağını gözləməlidir, ya da diplomatik şok terapiyasını seçməlidir. “Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb”-Broers bildirir. Müəllifə görə indiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir.
Məqalədə deyilir ki, əgər ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var. “Beynəlxalq ictimaiyyətin diqqətinin və resurslarının münaqişəyə yönəlməsi üçün mühüm impuls lazımdır. Bu dinamika yeni iri müharibə nəticəsində yarana bilər, ya da zorakılığı təşviq edən yox, onun qarşısını alan yeni çoxtərəfli təşəbbüsün nəticəsində yaranar”-Lourens Broers bildirir.
Araşdırmaçılar əmindirlər ki, əgər Qarabağ müharibəsinin nöqtəsi qoyulmayıbsa, deməli. münaqişə istənilən an qaynar fazaya keçə bilər və səbəb birdir – işğalçı Ermənistanın sülh-siyasi danışıqlar prosesinə əngəllər törətmək. Artıq tam bəllidir ki, ermənilər dünyada qərar tutmuş güclü diasporun əli ilə Azərbaycanla sülh sazişi bağlamaq niyyətində deyillər. Onların ilk prioriteti Türkiyəni razı salıb qondarma soyqırımı tanıtdırmaq və sonra isə Azərbaycan torpaqlarını birdəfəlik mənimsəmək. Bu isə alınan deyil, çünki ən son və ağır məqamda proseslər əəgər ermənilərin qurduğu strategiya ilə davam tapsa, onda Azərbaycan son alternativdən istifadə etməyə məcbur olacaq.
Vaşinqton rəsmiləri ermənilərə siyasi dəstək həm vəd edirlər, həm də vədlərinə əməl edirlər. Regional layihələrdə iştirak edən Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz.Bu il ölkədə İslam Ölkələrinin Həmrəylik oyunları keçirilir. Bakı münaqişənin dinc yolla həllində maraqlıdır. Lakin Bakı sonsuza qədər danışıqlar prosesində iştirak edə bilməz. Onu da vurğulayaq ki, bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz.
Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti Azərbaycan türkləridir və məsələyə milli təyin etmə prizmasından heç cürə baxıla bilməz. Ötən ilin aprelində baş verən dörd günlük müharibə Azərbaycan ordusunun əldə etdiyi uğurları ilə yadda qaldı. Ordunun daha yaxşı silahlarla təchiz edilməsi, hərbi hazırlığın səviyyəsi, daha keyfiyyətli maddi təminat nə qədər əhəmiyyətli olsa da, qələbənin əldə olunmasında əsas amil insan amilidir.
Proqnozlaşdırmada da qarşı tərəfin silahlarını, hazırlığını təminatını nəzərə alaraq, kimin qələbə qazanacağını təxmin etmək olar. Amma tərəflərdən hansının döyüşə psixoloji cəhətdən daha çox hazır olduğunu, əhval ruhiyyənin səviyyəsini, kimin daha çox dirəniş göstərə biləcəyini heç bir cihazla ölçmək, hər hansı meyarla dəqiq müəyyən eləmək olmur. Dörd günlük müharibə sübut etdi ki, Azərbaycan ordusu məhz qələbə qazanmaq əzmində və qabiliyyətindədir.
Əhalinin müharibəyə münasibəti də göstərdi ki, xalqımız yeri gələndə birləşməyi, Vətən üçün hər şeyindən keçməyi bacarır. Erməni tərəfi də başa düşdü ki, bu torpaqları hansı güclərin hesabına tutmalarına baxmayaraq, bura onlar üçün əbədi məskənə çevrilməyəcək. Bu səbəbdən də hansı güclərin hansı oyunlar qurmasının əhəmiyyəti yoxdur, Qarabağın azad olunacağı gün yaxındadır. Bakının İrəvana verdiyi vaxt başa çatıb və artıq Azərbaycan öz ərazi bütövlüyünə hərbi yolla da nail ola bilər…
Avropa.info-nun ekspert qrupu