Azərbaycana gələn turistlər elə azərbaycanlılarmış... MÜƏMMALI STATİSTİKA

4-04-2017, 08:29           
Azərbaycana gələn turistlər elə azərbaycanlılarmış... MÜƏMMALI STATİSTİKA
I Avropa Oyunlarının keçirildiyi 2015-ci ildə Azərbaycana 2 milyon 6,2 min nəfər xarici ölkə vətəndaşı gəlib. Bu son 5 ildə qeydə alınan ən aşağı göstərici olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, ölkəmizə ən çox əcnəbi 2013-cü ildə gəlib - 2 milyon 508,9 min nəfər. Bu göstərici 2011-ci ildə 2 milyon 239,2 min, 2012-ci ildə 2 milyon 484,1 min, 2014-cü ildə isə 2 milyon 297,8 min nəfər olub.
Komitənin açıqladığı məlumatdan belə görünür ki, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının böyük əksəriyyəti 4 ölkədən - Rusiya, Gürcüstan, İran və Türkiyədən təşrif gətirir. Məsələn, 2015-ci ildə ölkəyə 2 milyon 6,2 min nəfər xarici ölkə vətəndaşı gəlib və bunun 1 milyon 697 min nəfəri qeyd olunan bu ölkələrdən səfər edib.
Gələnlərin 27%-i qohumlarını və dostlarını ziyarət etmək məqsədilə gəlib
Rəqəmlərdən belə görünür ki, ölkəyə gələn əcnəblərin yalnız 1/3-i və ya 668,8 min nəfəri istirahət və əyləncə məqsədilə Azərbaycana təşrif gətirib. Gələnlərin 27%-i və ya 542 min nəfəri qohumlarını və dostlarını ziyarət etmək məqsədilə ölkəmizə gəlib.
Məlumat üçün qeyd edək ki, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının milli mənsubiyyəti açıqlanmasa da, ehtimal etmək olar ki, bunların müəyyən bir hissəsini Rusiya və Gürcüstan vətəndaşları olan azərbaycanlılar təşkil edir. Bu kateqoriyadan olan insanlar daha çox qohumlarının evlərində yaşayıralar. Otellərdə yerləşdirilən xarici ölkə vətəndaşlarının sayına baxdığımız zaman belə görünür ki, xarici ölkə vətəndaşlarının yalnız 24%-i və 495 min nəfəri otellər və ya bu cür müəssisələrdə qalıblar. Bu isə onu deməyə əsas verir ki, ölkəyə gələnlərin əksəriyyətini xarici ölkə vətəndaşı olan soydaşlarımız təşkil edir.
Gürcüstandan gələnlərin cəmi 1,4%-i otellərdə qalıb
Məlumat üçün bildirək ki, 2015-ci ildə Gürcüstandan gələn 572 min nəfərin çox az hissəsi - cəmi 1,4%-i və ya 8,1 min nəfəri otellərdə qalıb. Bənzər göstərici Rusiyadan gələn şəxslər arasında da qeydə alınıb.
Lakin qeyd edək ki, bu cür vəziyyət digər ölkələrdən gələn insanlar arasında müşahidə olunmayıb. Məsələn, 2015-ci ildə ABŞ-dan 13 min 208 əcnəbi gəlib, ancaq həmin ildə otellərdə yerləşdirilən ABŞ vətəndaşlarının sayı bundan çox olub - 24 min 795 nəfər. Bu isə onu göstərir ki, ABŞ-dan gələn insanlar və Azərbaycanda yaşayıb-işləyən ABŞ vətəndaşları əsasən otel və otel tipli müəssisələrdə qalblar.
Bu göstərici də onu deməyə əsas verir kİ, Rusiya və Gürcüstandan gələnlər əsasən həmin ölkələrin vətəndaşı olan soydaşlarımızdan ibarətdir.
Xaricə gedənlərin sayı ölkəyə gələnlərin sayından 2 dəfə çox olub
Açıqlanan statistikada diqqət çəkən məqamlardan biri də odur ki, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəyə gələn əcnəbilərin sayından 2 dəfə çox olub. Belə ki, 2015-ci ildə xarici ölkələrə 4 milyon 95,8 min nəfər Azərbaycan vətəndaşı səfər edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.