"Türkün əliylə yazılan erməni soyqırımı kitabını nüfuzlu çex xadiminə çevirtdirib Avropanın göbəyində nəşr etdirın balaca bir tort bişirmə sexinin erməni sahibi."

16-04-2017, 16:37           

Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim.

***

Praqaya gəlib ona zəng vurmasaydım, ayıb olardı. İyirmi ilin dostluğu öz yerində, bu may yetmiş yaşı olacaq. Dedim, gəlmişkən görüşüb təbrik də edim.

“İndi televiziyada çəkilişdəyəm, saat 6-də görüşək”. Zəngimə sevincək belə cavab verdi. Vədələşdiyimiz vaxt Francouzska 4 ünvanındakı “Retro” kafesinə gəldim.

Petruşka Şustrovanı Azərbaycanda tanıyan az deyil. Dəfələrlə konfranslarda, seçki müşahidələrində olub. Həmişə onu dostlara necə təqdim etmişəm, elə sizə də o sözlərlə tanıdım: “Keçmiş siyasi məhbus, çex dissidenti, məşhur “Xartiya 77” hərəkatının fəalı, Vaslav Havel hökumətinin ilk daxili işlər komendantı, jurnalist, tərcüməçi, beş uşaq anası”.

Papirosunu çıxaranda görüş üçün niyə məhz buranı seçdiyini anladım – adı kimi özü də retrodu kafenin, tüstülətməyə icazə var burda.

Praqada yaşayan jurnalist dostum Rövşən Əliyev məni onunla baş-başa qoyub getdi. “Nə vaxt istəsən, zəng elə, gəlim”. Səhərə yaxın aeroporta o aparacaqdı məni.

Bir-birimizdən hal-əhval tutduq, ailəmi xəbər aldı, İsveç həyatına öyrəşə bilib-bilmədiyimi soruşdu. Sonra ümumi dostlarımızdan tutmuş Avropaya miqrant axınıncan, Milan Kundera ədəbiyyatından Bakıda seçki məntəqəsindəki “qonaqlıq” məcarəmızacan müxtəlif mövzuda söhbət elədik.

Yeri gəldi, deyim, Petruşka ilə bağlı bir vaxt yazdığım “Açılmayan süfrənin qonağı” adlı yazımda seçki məntəqəsindəki o acı gülüş dolu olayın da təsvirini vermişəm. Maraqlı hadisəydi, bloqumda var, istəsəniz oxuyarsınız.

Təzə yazdıqlarımla maraqlandı. “Ozonovie lyudi” adlı rusca kitabım hazırdı, nəşr olunsa, sənə də göndərərəm”, dedim.

Yeni tərcümələrini xəbər aldım. Nəşriyyatlardan sifarişlərin azalmasından gileyləndi. Son çevirməsi “Holokost və başqa soyqırımlar” (“The Holocaust and Other Genocides”) adlı kitabmış. Təqdimata erməni diasporundan xeyli adam da gəlibmiş. Kitabın nəşrini Praqada tort bişirən bir erməni şirkəti maliyyələşdiribmiş.

Papirosunun üstündəki yazıya diqqət kəsildiyimi görəndə pis iş tutan uşaq baxışına bənzər bir baxışla məni süzdü, sonra məsum təbəssümlə dedi: “Sənin Şuşana getmişdim. Ötən həftə qayıtmışam”.

…Hələ səkkiz il qabaq Çexiya televiziyasının sifarişiylə Qarabağdan bir film çəkmək üçün Bakıya gəlmişdi. Qaçqın düşərgələrinə səfərə, adamlarla görüşün təşkilinə kömək etmişdim. Növbəti süjetləri çəkmək üçün Ermənistana, Qarabağa gedəndə xəritədə xeyli yer göstərib demişdim, imkan edə bilsə dəysin. Hamısına getmişdi, Ağdamdan, Şuşadan, Vəngdən, başqa yerlərdən fotolar çəkib göndərmişdi. Yazdığı “Boz dağlar qurtaran yer” adlı yazısını dilimizə çevirib dərc eləmişdik.

Bu dəfə isə “Bloqqerlər təhlükəsizlik haqda” adlı bir konfransa dəvət edibmişlər. Tədbir çərçivəsində Stepanakert universitetində tələbələrlə, qurama rejimin başçısı Bako Saakyanla, yerli QHT-lər və mətbuatla görüşübmüş. Onu Talış kəndinə də aparıbmışlar. Aprel döyüşlərindən danışıbmışlar. Azərbaycan ordusunun içində 50 min balıq olan vətəgəni dağıtdığını ona ürək ağrısıyla deyibmişlər. Onu da deyibmişlər ki, Qarabağda olan siyasi azadlıqlar nə Ermənistanda, nə də Azərbaycanda var.

Petruşka belə təqdimatlar üçün kifayət qədər tərcübəlidi. Bunların təbliğat üçün deyildiyini göydə tutubmuş. Mənə onun müşahidələri maraqlıydı deyə suallar verirdim, 8 ildə nələrin dəyişdiyini soruşurdum.

“Xeyli fərq, inkişaf gördüm. Əvvəl Şuşa ölü şəhər kimi gəlmişdi mənə. İndi tikilir, canlanma var. Stepanakertdə adamlar gecə yarıyadək küçələrdən yığışmır. Ordan Şuşaya kanat yolu çəkməyi planlayırlar. Şuşada səni xatırladım”.

Stolun üstündəki qutudan bir siqaret götürdüm. “Dizak” adlı erməni siqaretiydi. Bako Saakyan bağışlayıbmış ona. On ildi tərgitmişdim, birini yandırdım, tüstüsünü sinəmə çəkdim. O danışdıqca içim sızıldayırdı, tüstü də bir başqa cür göynətdi.

“Referendum keçiriblər. İndi Qarabağı Artsax adlandırırlar. Ora bir dövlət qurumu kimi diasporun hesabına yaşayır. Erməni diasporu güclüdü, varlıdı, milli məsələdə çox fəaldı. …Oranı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək. …Hərdən Bakıya getmək istəyirəm. Amma düşünürəm, kimin yanına gedim, elə hey eşidirəm dostlar ya həbs olunur, ya ölkədən gedir”.

Bu sözlərin ağırlığını bütün vücudumla duyurdum. Qarabağ mövzusunda çox söhbətimiz olub, beynəlxalq tədbirlərdə həmişə onu yanımda görmüşəm.

İndi isə elə bilirdim, qarşımdakı başqa adamdı. “Əğyara meyl salmış yar” kimiydi o axşam dostum.

“Başa düşürəm, müharibədə hər şey olur, amma balıqlar…”. Ölmüş balıqlardan elə ürək ağrısıyla danışdı ki.

“Gedəcəyindən xəbərim olsaydı, bir xahiş edərdim. Səndə balıqlara rəhm yaradan o “əzabkeş”lərdən icazə alıb Dilqəmə, Şahbaza baş çəkərdin. Onların tək günahı ana qəbrini ziyarət etmək, yurda baş çəkmək idi. Neçə ildi işgəncə verirlər”.

Mənim qəlb qırmaq adətim yoxdu, illah da dost qəlbi. Kinayəm xətrinə dəyərdi deyə demədim o sözləri. Eləcə susub gözünə baxdım.

Üzümdə nə oxudu, bilmədim. Bu söhbətlə məni nə qədər yüklədiyini fərq etdi yəqin, mövzunu dəyişdi.

Onun sonrakı söhbətləri Qarabağı başımdan çıxarmaq üçün idi. Amma dediyini demişdi.

Daha otura bilmirdim, havaya çıxmaq istəyirdim. Rövşənə zəng vurmağa bəhanə gəzirdim. Dadıma ofisiant çatdı, kafenin bağlandığını dedi.

Petruşkayla görüşüb ayrıldıq. Getmək istəmirdi, Rövşən gələnədək gözləməyə təkid edirdi. Qoymadım, “soyuqdu, gecdi”, dedim. Metroyacan ötürdüm. Arxasınca baxanda elə bildim ki, onu son dəfə görürəm və bir dost kimi artıq itirirəm. Niyə bu ovqata köklənmişdim, kəsdirə bilmirdim. Onun dediklərinin həqiqət olduğuna bir zərrə belə şübhəm yox idi. Qarabağın yolu azad, ədalətli, hüquqların qorunduğu Azərbaycandan keçir fikrini neçə ildi elə özüm demirəmmi, yazmırammı?

Qarabağı mənə Petruşkamı qaytaracaqdı!

Bəs içimdə qırılan nə idi?

Şəxsi dostluq bir yana Çexiya siyasi, ictimai, ədəbi dairələrində kifayət qədər nüfuzu olan bir adamı Azərbaycan adına itirmək ağır gəldi mənə. Tərcümə sifarişləri kəsilən bir vaxtda bir erməni sponsor təkliflə ortaya çıxır, dünya soyqırımlarından bəhs edən bir kitabın tərcümə və nəşrinə pul ayırır. Sonra onu hörmət-izzətlə Qarabağa dəvət edirlər (“müasir Çexiyanın qurucularından biri, əfsanəvi Petruşka Şustrova” epitetləriylə vəsfini internetdə sonra oxuyacaqdım), “Qarabağ həqiqətləri”ylə tanış edirlər.

Buna görə onu niyə qınamalıyam? Qınayırammı?

Tək bizimki deyil ki, ermənilərin də “Qarabağ həqiqətləri” var. Amma bizdən fərqli olaraq, bu işi pul silmək, gözdən pərdə asmaq, baş qatmaq, fikir yayındırmaq xatirinə yox, milli ideya, millət naminə edirlər.

Petruşkanı deyil, özümü, özümüzü qınayıram!

…Rövşən uçuşa qədərki vaxtı kazinoda keçirməyi məsləhət gördü. “Oynamaq mütləq deyil”, dedi. “Banco” adlı kazinoya gəldik. Gözəgəlim xidmətçi qız qəhvə gətirdi. Tələbəlik dostum Rövşənlə neçə saatsa söhbət elədik. O, tək istedadlı redaktor, savadlı jurnalist yox, həm də maraqlı həmsöhbətdi. Amma bu söhbətlər də Petruşkadan aldığım acını unutdurmadı.

Kazinolarda saat olmur, müştərilər vaxtı bilməsinlər deyə. Qumar da şeytangöz gözəl kimidi – şirnikləndirir. Bizsə oynamırdıq, söhbət edirdik. Başqa bir xidmətçi qız pulsuz viskiyə qonaq elədi məni. Sən demə, bunun bir anlamı da o imiş ki, kazino oturub vaxt öldürmək yox, qumar oynamaq yeridi. Bunu dərk edəndə, dedim: “Çıxaq. Apar məni aeroporta, səhərəcən qalmağının mənası yoxdu”. Rövşən də məni tək buraxmaq istəmirdi. İsrar elədim.

…Aeroportun nəhəng boş zalında tək-tənha oturub Petruşkanın dediklərini, bir də məni oyuna şirnikləndirən kazino gözəlinin kinayəli baxışını xatırlayırdım. Hər ikisi mənə məğlubiyyət hissi yaşadırdı.

Ağırdı uduzmaq duyğusu! Fərq etməz, döyüşü uduzursan, yoxsa bütöv ömrü, ya da bir gecəlik kazino qumarını…

Telefonda internetə girib “The Holocaust and Other Genocides” kitabını axtarışa verdim. Öyrəndim ki, onu 2012-ci ildə Amsterdam universiteti nəşr edib. Kitabın “Erməni soyqırımı. 1915” adlı bölümünü isə universitetin türk doktorantı Uğur Üngör (!) yazıb.

Xəyalımda o kitabın çex dilində nəşrini maliyyələşdirən Praqadakı tort bişirmə sexinin erməni sahibini canlandırmağa çalışdım. İçi mən qarışıq yüz minlərlə azərbaycanlı diaspor üzvündən daha vətənpərvər bir insan gözümün önünə gəldi. Türkün əliylə yazılan erməni soyqırımı kitabını nüfuzlu çex xadiminə çevirtdirib Avropanın göbəyində nəşr etdirın balaca bir tort bişirmə sexinin sahibi.

Çexiyanın başqa bir şəhərində – Karlovı Varıda sahibi azərbaycanlılar olan neçə-neçə hoteli də xatırladım. Üç il əvvəl göstərmişdilər mənə…

***

Təyyarə qara-qura buludları yarıb göy üzünə can atırdı. Elə bil məni bütün varlığımı sarmış qaramat bir dünyadan çıxarmağa tələsirdi. İndi aşağıda ağappaq bulud okeanı, yuxarıda isə göyün sonsuz ənginliyi vardı. Bir də Günəş.

Günəşə elə sevindim ki, uşaq anasına sevinən kimi.

Bu füsunkar mənzərəyə baxa-baxa hiss elədim ki, insanların azad, firavan yaşadığı ölkə qurmağa, Qarabağı məhz belə bir ölkəyə qaytarmağa olan yorğun ümidim hələ qırılmayıb və son nəfəsimədək mənlə olacaq!

Qarabağ bülbülləri “solovey” ləhcəsiylə cəh-cəh vursa da…

P.S. Evə çathaçatda yadıma düşdü ki, Petruşkanın 70 yaşını təbrik etməyi unutmuşam…

Vahid Qazi

Aprel 2017

Karlskrona, İsveç












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.