Babilər Hərəkatı və Tahirə Qürrətüleyn
2-05-2017, 21:21
XIX əsrin 40-cı illəri. 20 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Qacar xanədanı hələ də Rusiya-İran müharibəsində uğradığı məğlubiyyətdən və bədnam Türkmənçay müqaviləsindən özünə gələ bilməmişdi. Azərbaycan və İran xalqları ağır vergilər altında əzilir, hökümətin və feodalların zülmünə məruz qalırdılar. Belə ağır dövrdə bu zülm və cəhalət dünyasında xalqı Azadlıq uğrunda mübarizəyə qaldıran mərdanə çağırış ucaldı. Bu azadlıq carçısı yeni yaradılmış babi təriqətinin rəhbəri, Seyid Əli Məhəmməd Şirazi Bab idi. Seyid Əli Məhəmməd Şirazi 1819-cu il oktyabrın 20-də Şiraz şəhərində anadan olmuşdur.
Onun atası Ağa Seyid Məhəmməd Riza Şirazın tanınmış tacirlərindən idi. Seyid Əli Məhəmməd əsası Şeyx Əhməd Əhsai (1753-1826) tərəfindən qoyulmuş, şeyxi təriqətinə mənsub idi. 1843-cü ildə təriqətin rəhbəri Seyid Kazım vəfat etdi və Seyid Əli Məhəmməd təriqətin rəhbəri oldu. 1844-cü ildə o özünə Bab (qapı) adını götürərək özünü 12-ci imam Mehdi Sahibəzzamanla, xalq arasında vasitəçi elan etdi. Onun ilk ardıcılları, Seyid Kazım Rəştinin – Babın özü tərəfindən seçilmiş 18 müridi idi.
1847-ci ildə Bab “Bəyan” əsərini yazdı. Bab yazırdı ki, insan cəmiyyəti bir-birini əvəz edən dövrlər üzrə inkişaf edir. Və hər dövrün öz qanunları var ki, onu Allah yeni peyğəmbər vasitəsilə göndərir. “Quran” və “Şəriət” köhnəlib və yeni qanunlarla əvəz edilməlidir ki, onları da yeni peyğəmbər öz müqəddəs kitabında verməlidir. Bab yazırdı ki, hakimlər öz hakimiyyətləri ilə vidalaşmaq istəmədikləri üçün dünyanı zülm və haqsızlıq bürüyüb, buna görə də, Mehdinin zühuru yetişib. Bu fikirlərə əsasən o, özünü yeni peyğəmbər, “Bəyan”ı isə Quranı əvəz edən müqəddəs kitab elan etdi.
Babın Nəzəriyyəsinə Görə:
1. Allah təkdir
2. Təbiətdə hər şey təmizdir
3. Mülkiyyətindən və cinsindən asılı olmayaraq bütün insanlar təkdir
4. İnsanın şəxsiyyəti toxununlmazdır.
Bab kəlmeyi-şəhadətin öncəki 3 bəndini saxlayaraq, 4-cü bəndinə əlavə etmışdi: “Əşhədü-ənna, Babən-sirri Bəqiyyıtullah (şahidlik edirəm ki, Bab Allahın əbədi sirridir). Babiləri salamı Allahu Əkbər, cavabı da Allahu Əzəm idi. Bəhailər “Allahu əbha” (“Allah Cəlallıların Cəlallısıdır”) deyrlər.
Allahın adlarından biri olan vücud sözü, əbcəd hesabı ilə 19-a tən olduğu üçün 19 rəqəmi Babilikdə müqəddəs hesab olunurdu. Babilikdə il 19 aydan və har ay 19 gündən ibarət idi. Babın ilk müridləri özü ilə birlikdə 19 nəfər idi.
Babın hakimiyyətinin qurulacağı ilkin 5 vilayətdən birinin Azərbaycan, ilk 18 müriddən səkkizinin türk (azərbaycanlı) olması Babın Azərbaycana böyük ümidlər bəslədiyini göstərirdi.
1847-ci ilin Novruz bayramı ərəfəsində hökumət Babı həbs edərək, öncə Maku qalasına, sonra isə Urmiya gölünün yaxınlığında yerləşən Çehrik qalasına sürgün etdi. Həbsdə olmasına baxmayaraq, Bab öz müridləri ilə müntəzəm əlaqə saxlayırdı. Babın görüşünə Türkiyədən, Hindistandan və başqa ölkələrdən gəlirdilər. Babiliyi qəbul edənlər arasında tacirlər, aşağı rütbəli ruhanilər, kəndlilər, sənətkarlar və hətta saray adamları da var idi.
Babilərin arasında qadın da var idi. Bab yazırdı: “Allah qadınla kişini eyni bərabərdə, eyni hüquqda yaradıb”. Bab tələb edirdi ki, “qızlarınızı sevin, onlar oğlanlarınızdan da yaxşıdılar. Qızlarınızı oxudun, onlar gələcəkdə ana olacaqlar. Qadınlara özbaşına talaq verməyin. Onların tük nazikliyində belə örtü örtmələrinə razı olmayın”.
Mürtəce islam ruhanilərinin “naqisüləql” adlandırdıqları, cəmiyyətin bütün işlərindən təcrid edərək 4 divara arasına və çadra adlanan səyyar həbsxanaya saldıqları, bəşəriyyətin əsasını təşkil edən bu nəcib və fədakar insanlar öz nicat yollarını babilikdə görürdülər. Babın yolunu ilk qəbul etmiş qadın Tahirə Qürrətüleyn Zərrintac idi.
Tahirə Zərrintac Saleh qızı 1819-cu ildə Qəzvin şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası Molla Saleh Baraqani və əmisi Molla Tağı Qəzvinin müctəhidləri idilər. Atası onu çox istədiyi üçün mükəmməl təhsil vermişdi. O, böyük təfəkkürə malik insan, gözəl natiq, gözəl şairə və olduqca gözəl qadın idi. Molla saleh sonralar ona deyəcək: “bu babiliyinlə Baba yox, İslama xidmət etsəydin din tərəfdarların olar, səni alqışlayardım. Oğul doğulsaydın, bütün İranzəminin müctəhidi olardın”. O, əmisi Molla Tağının oğlu, Qəzvin mədrəsəsinin xəttatlıq müəllimi Molla Məhəmmədlə ailə qurmuşdu, iki oğlu, bir qızı var idi.
Tahirə gənc yaşlarında ikən kiçik əmisinin təsiri ilə şeyxliyi qəbul etmişdi. O, öz gözəlliyi və təfəkkürü ilə Seyid Kazım Rəşdini o dərəcədə valeh etmişdi ki, Seyid Kazım ona Qütrrətüleyn (göz bəbəyi) və Nöqteyi-kainat adlarını vermişdi. Ümumiyyətlə, mübarizə dövründə o, bir çox adlar qazanmışdı. Fatimeyi Zəhra, Ümmülsəlimə, Bədrüddüca (zülmətdə işıq), Mahtab (ay işığı), Zəkiyyə (zəkalı) və onun təmizliyini nəzərə alaraq Babın ona verdiyi, buna görə də sevdiyi şeirlərində istifadə etdiyi, bu gün də bəhailərin bu adla xatirəsini əziz tutduqları Tahirə (pak, təmiz). Bunların hamısının üstündı isə qadın üçün müqəddəslik rəmzləri olan Həzrət və cənab sözləri.
1844-cü ildə Bab öz missiyasını elan edəndə onun seçdiyi 18 müridin arasında Tahirə və bacısı Mərziyyənin əri Molla Məhəmməd Əli Qəzvini də var idi. Zərrintac onların arasında yeganə adam idi ki, Babı görmək ona qismət olmamışdı. Çadranı qəbul etməyən, ona qadınların “səyyar həbsxanası “kimi baxan Bab, çadraya qarşı mübarizəni yumşaq şəkildə apararaq, qadınlara ancaq babi məclislərində üzüaçıq görünməyə icazə vermişdi. Tahirə nəinki Azərbaycanda və İranda həmçinin İslam adlanan dünyada çadradan imtina edən ilk qadın idi. O, qadınların çadradan xilas olaraq, azadlığa çıxıb cəmiyyətin tam hüquqlu üzvü olması, xalqın sosial siyasi haqları uğrunda mübarizə aparırdı.
Molla Məhəmməd Tahirəni nə qədər sevsə də, mühafizəkar baxışlı adam olduğu üçün Babın təliminə qarşı çıxdı. Fəqət, sonda özü kimi qaraguruhçuların tənəsinə dözə bilməyərək Tahirəni boşadı.
1848-ci ilin əvvəllərində məsciddə moizə vaxti Əhməd Əhsahini, Seyid Kazım Rəştini, Babı və Tahirəni lənətlədiyi üçün Molla Tağı bir babi tərəfindən öldürüldü. Bu hadisə Qəzvin qaraguruhçularını qəzəbləndirdi və onlar babilərə qarşı hücuma keçdilər. Belə ağır zamanda Tahirə Babın məsləhəti ilə Kərbəlaya getdi.
İraqda Osmanlı hakimiyyət orqanları qaraguruhçuların təqiblərinə baxmayaraq, Tahirə təbliğatını dayandırmır, əksinə, daha da genişləndirirdi. Bağdad müftisi Şeyx Əhməd Alusınin evində qonaq olanda şeyx ona tez-tez suallar verir və cavabların dərinliyinə heyrətlənirdi. Bir dəfə də şeyx ona dedi ki, “mən də səninlə fikirlərimi bölüşərdim, amma osmanlı qılıncı altında bunu edə bilmərəm”. Bağdad valisinin əmri ilə Tahirəni İraqdan sürgün etdilər. İraqdan qayıdandan sonra fəaliyyətini Xorasanda və Mazandaranda davam etdirmişdi.
1848-ci ilin ortalarında, babilər, başda Tahirə və Qudduz olmaqla, Mazandaranın Şahrud şəhəri yaxınlığında yerləşən, Bedəşt kəndinə gəldilər. Bedəşt kəndindəki yığıncaqlarda onlar deyirdilər ki, yeni peyğəmbərin dövrü başlayıb, köhnə qanunlar və “Şəriət” öz gücünü itirib. Buna görə də kəndlilər mülkədarların qarşısında bütün vergilərdən, biyardan və mükəlləfiyyətlərdən azaddırlar. Hökumət babilərin təbliğatından qorxuya düşərək Bedəştə qoşun göndərib babilərin yığıncağını dagıtdı. Hökumət Tahirəni həbs etmək istəmiş, fəqət, Bəhaullah adı ilə bütün dünyada tanınacaq Mirzə Hüseyn Əli onu xilas etmışdi.
1848-ci ilin setnyabrında Məhəmməd şah ölür və oktyabr ayında taxta onun oğlu Nəsrəddin şah (1831-1896) çıxır. Babilər hakimiyyətdəki qarşılıqdan istifadə edərək Mazandaranın Barfuruş (indiki Babül) şəhəri tərəfində yerləşən Şeyx Təbərsi ziyarətgahı yaxınlığındakı qalada üsyana başladılar. Üsyana Qudduz və 18-lərdən biri olan, Babın Babülbab (qapının qapısı) adlandırdığı Molla Hüseyn rəhbərlik edirdi. Üsyanın rəhbərliyi xüsusi mülkiyyəti ləğv edir və “ümumi qazan” prinsipinə keçildiyini elan edir. Mülkədarlar və mürtəce ruhanilər hökumətə maddi və mənəvi yardım göstərirdilər. Ruhanilər babilərin haqqında yalan və böhtan uyduraraq deyirdilər ki, babilər təkcə malları yox, həm də qadınları ümumiləşdirir və bununla da əxlaqsızlıq yayırlar. Üstlərinə bir neçə dəfə qoşun göndərilməyinə baxmayaraq, üsyançılar onları darmadağın etmişdi.
1849-cu ilin fevralında baş vəzir Əmir Nizam Mirzə Tağı xan Rusiyanın Tehrandakı səfiri knyaz Dolqorukiyə deyib ki, onun fikrincə, babilərin sayı yüz minə çatıb.
Şah 1849-cu ilin mayında üsyançıların üstünə əmisi Mehdiqulu Mirzənin başçılığı ilə on minlik qoşun göndərdi. Qalada 250 nəfərlik üsyançı dəstəsi qalmışdı. Mehdiqulu Mirzə “Quran”a əl basandan sonra müqaviməti dayandıran üsyançıları xaincəsinə qətlə yetirir. Üsyandan heç bir iz qalmasın deyə Mehdiqulu Mirzə qalanı dağıtmaq əmri verdi. Şeyx Təbərsi üsyanının şəhidləri arasında Tahirənin yeznəsi Molla Məhəmməd Əli Qəzvini də var idi.
1850-ci ilin mayında Zəncanda babilərin üsyanı başlayır. Şəhərin doğu hissəsi üsyançıların, batı hissəsi isə hökumətin əlində idi. Üsyanda on beş min babi, sənətkar, kəndlilər və bir çox tacirlər iştirak edirdi. Üsyana Zəncan babilərinin başçısı Molla Məhəmməd Əli, tacir Hacı Abdulla, çörəkçi Hacı Abdulla, dəmirçi Kazım, Din Məhəmməd və Məşədi Süleyman rəhbərlik edirdi. Üsyanda kişilərlə yanaşı qadınlar da iştirak edirdi. Onlar üsynçıların paltarlarını yuyur, xörəklərini bişirir və hətta döyüşürdülər. Onların arasında 18-20 yaşlarında bir qız var idi. O, yaxşı at minir, qilinc oynadır, tüfəng atırdı. Onun adı bəzi mənbələrdə Hökumə, bəzi mənbələrdə Zeynəb yazılır. Fəqət, xalq ona igidliyinə görə Rüstəm Zalın şərəfinə “Rüstəmə” (bəzi mənbələrdə “Rüstəm Əli”) adını vermışdi. Molla Məhəmməd Əli onu özünə köməkçi təyin etmişdi. Rüstəmə döyüşün ən qızğın yerində görünür və çox vaxt komandanlığı öz üzərinə götürürdü. O, avropalıları öz igidliyi ilə məftun etmışdi və onlar Rüstəməni “İranın Janna Darkı” adlandırmışdılar.
Üsyançıların qarşısını almaq üçün baş vəzir Mirzə Tağı xanın təkidi ilə Nəsrəddin şah, Babın edam edilməsi üçün fərman verdi. 1850-ci il iyulun 9-da Təbrizdə, şəhər meydanında Seyid Əli Məhəmməd Şirazi Babı güllələdilər. Babı Samxan adlı bir zabitin komandanlıq etdiyi erməni alayı edam edib. Mirzə Tağı xanın arzusu baş tutmadı. Xalq Babın ölümünü görsə də inanmadı. Camaat danışırmış ki, qeybi-kəbir (böyük qeyb) qurtardı və qeybi-səcir (kiçik qeyb) başladı. Tezliklə Sahib-əz-zaman zühur edəcək.
Babın ölümü Zəncan üsyançılarını yeni döyüşlərə atırdı. Şah üsyançıların üstünə 30 minlik qoşun göndərdi. Qüvvələr tən deyildi. Dekabrda, döyüşlərin birində Rüstəmə şəhid oldu. 1851-ci il yanvar ayının əvvələrində Molla Məhəmməd Əli ağır yaralandı və yanvarın 15-də şəhid oldu. Ordunun komandanlığı Mazandaran üsyanında olduğu kimi, “Quran”a and içib, sözünə əməl etməyərək təslim olmuş üsyançılara divan tutdu. İran zabitləri sonralar da bu üsuldan istifadə edirdilər. Hökumət məmurları Tahirənin Zəncanda olduğunu güman edərək axtardılar və görünür ki, Rüstəmə ilə səhv salmışdılar. Beləlikə, babilərin daha bir üsyanı məğlubiyyətə uğradı. Onlar 1851-1852-ci illərdə Zəncanda yenidən üsyan qaldırmağa cəhd göstərdilər, fəqət, baş tutmadı. Ümumiyyətlə, 1848-ci ildən 1852-ci ilə qədər babilərin on üsyanı olmuşdu. Bu üsyanların 3-nə Tahirə başçılıq etmişdi.
1852-ci ilin birinci yarısında Tahirəni həbs edib Tehrana gətirdilər. Həmin dövrdə Babın vurğunu olan general Süleyman xan Əfşarı həbs edərək qəddarlıqla edam etdilər.
Avqustda babilər Nəsrəddin şaha qarşı sui-qəsd planı hazırladılar. Avqustun 16-da Nəsrəddin şah gəzməyə çıxdığı zaman Sadıq adlı bir babinin vaxtından öncə atdığı güllələr əməliyyatı pozdu. Sadığı həbs etdilər. Bundan sonra hökumət və qaraguruhçular babilərə qarşı hücuma küçərək görünməmiş vəhşiliklər törətdilər. Qəddarlıq o yerə çatmışdı ki, Rusiyanın səfiri knyaz Dolqoruki öz etirazını bildirmışdi. Avqustun sonlarında şəriət məhkəməsinin fitvası ilə Tahirə Qürrətüleyn Tahirəni 33 yaşında Tehranın “Elxani” bağında gizli surətdə boğaraq edam etdilər.
Bununla da babilərin 1848-52-ci illərdəki fəal xalq çıxışları və üsyanları dövrünə son qoyuldu və babilər gizli fəaliyyətə keçdilər.
1863-cü ildə Babın ilk 18 ardıcıllarından biri olan Mirzə Hüseyn Əli (1817-1892) Bəhaullah (Allahın Cəlalı) adını götürərək ozünü babın davamçısı olan yeni peyğəmbər, “Kitabi-Əqdəsi” isə yeni müqəddəs kitab elan etdi. Bəhaullah Babın inqilabi-demokratik mübarizə üsulundan əl çəkərək bəhailərə siyasətlə məşğul olmağı qadağan etdi. Babilər hərəkatında 150 minə qədər adam şəhid olub. Onların 65-70 faizi milliyətcə türk idi. Babilər hərəkatının əhəmiyyəti bunlar idi:
1. Babilər hərəkatı yalnız Azərbaycan və İranda deyil, həm də İslam Şərqində xalqı ağır cəhalət yuxusundan oyadan top atəşinə bənzəyirdi.
2. Babilər hərəkatı formaca dini olsa da, məzmunca sosial-siyasi hərəkat idi. Babilər xalqın orta və aşağı təbəqəsini müdafiə edərək şaha, feodallara, ali ruhaniyyətə və o vaxt İrana təzəcə ayaq basmış xarici kapitalistlərə qarşı mübarizə aparırdılar.
3. Babilər həm insan haqları, həm də bütün dünyada ilk dəfə olaraq çadranı rədd edib, qadınların hüquqları uğrunda mübarizə aparırdılar. Onlar bu məsələdə Avropanı qabaqlamışdılar.
4. Babilər hərəkatı Azərbaycanda və İranda inqilabi demokratik fikirlərin və mübarizənin əsasını qoydu. Kortəbiilik, qeyri-mütəşəkkillik, qeyri-fəal müdafiə taktikası, üsyançıların hökumət qoşunları ilə müqayisədə olduqca pis silahlanması və ümumrəhbərliyin olmaması babi üsyanlarının və ümumilikdə babilər hərəkatının əsas məğlubiyyətinin səbəbləri idi.
Babilər hərəkatının Babdan sonra ən görkəmli xadimi Tahirə Qürrətüleyn idi. O, həyatda 33 illik qisa, fəqət qəhrəmanlıqla dolu, mənalı bir ömür sürdü. İngilis alimləri uzun illər babilər hərəkatını tədqiq etmiş və Tahirənin həyatı onları heyrətə gətirmişdi. Öz əsərlərində onun adını hörmətlə yad etmişdilər. Böyük Britniyanın dövlət xadimi Lord Kerzon “İran və İran məsələsi” kitabında yazırdı: “Gözəllik və zəriflik də yeni dini təlimi zənginləşdirmişdir. Çadrasını atıb bütün İranda dini təbliğat məşəlini yandıran, faciəli ömür yaşamış cazibədar Qəzvnli şairənin taleyi tarixin ən həyəcanlandırıcı səhifələrindəndir!”
Ser Frensis Yanqxasbend “İşartı” kitabında yazırdı: “Hərəkatın bütün tarixində demək olar ki, ən görkəmli şəxsiyyəti şairə Tahirə idi. Öz xeyirxahlığı, möminliyi və alimliyi ilə tanınan Tahirə Babın bir neçə ayəsini və moizəsini oxuyub inama üz tutmuşdu. O, alicənab ailəyə mənsub idi. Fəqət, onun inamı o qədər güclü idi ki, o, hər şeydən- sərvətindən, adından, vəziyyətindən imtina edərək, uşaqlarından əl çəkərək həyatını Mürşidə və onun təliminin yüksəlişinə həsr etmışdir. O qədər gözəl danışırmış ki, qonaqlar toy sahibinin dəvət etdiyi musiqiçilərə yox, ona qulaq asmaq üçün məclisi tərk edirmişlər. Onun farsca şeirləri ürəkləri həyəcanlandıran gözəl əsərlərdir”.
Edvard Braun “İnqilabi-İran” əsərində Thirəyə verilən ağlagəlməz işgəncələrdən bəhs edirdi və ona öz hörmətini bildirirdi.
Tahirə Azərbaycan –türk mütəfəkkirlərini də heyrətə və riqqətə gətirmişdi. M.F.Axundov yazırdı: “Qürrətüleyn... atəşin təbə malik qeyrət, hümmətli və öz zəmanəsinin gözəli olan qız idi. Onun həyatı dastanlara layiqdir. Bir çox vuruşlarda o, igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir. İran dövlətinə qarşı babilər tərəfindən başlanan üsyanların çoxunda Qürrətüleyn başçılıq vəzifəsini öz üzərinə götürmüşdü”.
Mirzə kazım bəy yazırdı: “Demək istəyirəm ki, qadına Azadlıq ideyası necə möhkəm, dönməz ruh, necə möhkəm iradə yerləşdirib. Bizim qəhrəman Qürrətüleyn, başqa sözlə, Tahirə misilsiz nümunədir. Qəzvin müctəhidinin qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış, hətta alim sözə hakim idi. Bütün bunların üzərində isə onun təsviredilməz gözəlliyi parlayırdı”.
Çox təəssüf ki, 1997-ci ildə, 180 yaşı tamam olan bu Azadlıq fədaisi alimlərin nəzərindən kənarda qalmışdır. Onun həyatını və ümumilikdə babilər hərəkatını demək olar ki, heç kim tədqiq etmək istəmir. Unudurlar ki, babilər hərəkatı Azərbaycan türklərinin mübarizə tarixinin önəmli bir hissəsidir. Bu barədə müəyyən məlumatı olanlar isə 150 il bundan öncə qaraguruhçuların və ruhanilərin uydurma və böhtanlarını təkrar edir və babilər hərəkatını ingilislərin fitnə-fəsadı adlandırırlar.
Bu gün bəhailər Tahirəni müqəddəs bir şəxsiyyət kimi sevir, xatirəsini əziz tuturlar. 1951-ci ildə AFR-da və ABŞ-dayaşayan bəhailər Tahirınin ölümünün 100 illiyi münasibəti ilə əsərlərini toplayıb, divanını çap etdirmişdilər. Bu gün biz onlara və ilk öncə Əzizə xanım Cəfərzadəyə minnətdar olmalıyıq. Əzizə xanım Babilər hərəkatı və Tahirə Qürrətüleyn Zərrintac haqqında böyük tədqiat işi aparmış və bu işin nəticəsində “Zərrintac Tahirə” və “İşığa doğru” əsərlərini yazaraq, Tahirəni, Babı və babiləri xalqa tanıtmış və ilk dəfə olaraq bədii ədəbiyyatda həmin dövrün mənzərəsini yaratmışdır.
Bu gün Azərbaycanın istiqlaliyyəti, demokratik azadlığı və bütövlüyü uğrunda mübarizə aparan bütün fədailər Tahirənin layiqli varisləridir. Vaxt gələcək ata-analar qizlarına Zərrintac və Tahirə adlarını verəndə Böyük Azadlıq Fədaisini yad edəcəklər. Mən inanıram ki, 180 yaşı heç kimi yadına düşməyən Tahirənin 190-200 illik yubileyini Azərbaycan Türk Cümhuriyyətinin rəhbərliyi dövlət səviyyəsində bütün Azərbaycanda və həmçinin ata yurdu Qəzvində təntənə ilə bayram edəcəkdir!
Yaşar Türkazər
teref.az