Sovet Azərbaycanının ilk gerbi: Ay-ulduz və oraq-çəkic FOTO
5-05-2017, 02:32
Sovet Azərbaycanının ilk gerbinin zirvəsində böyük aypara və beşguşəli ulduz təsvir olunub.
Bu, bir çoxlarına təəccüblü görünə bilər, çünki aypara İslamın simvoludur və ayparalı ulduzu isə Avrasiya ərazisində yayılmış türkçülüyün rəmzi kimi başa düşmək olar. Amma reallıqda Sovet İttifaqı nə İslam, nə də türkçülük kimi dəyərləri dəstəkləmirdi.
Bununla belə, Sovet Azərbaycanının gerbində bu iki simvolun olmasının öz tarixi və siyasi izahı var. Ayparalı və ulduzlu gerb 1920-30-cu illərin siyasi dəyər və prioritetlərini simvolizə edirdi.
Dövlət gerbləri simvollardır və bütün başqa simvollar kimi sadə insanlara müəyyən mesajlar verir. Onlar ölkənin tarixi, mədəni və ideoloji dəyərlərini göstərir.
İnqilabdan əvvəl və sonra
Gəlin elə Rusiyanın dövlət gerbinə nəzər yetirək. İkibaşlı qartal ilk dəfə olaraq Bizans imperiyasından idxal olunub.
Rusiyalılar bu elementi idxal etməklə eyni vaxtda bir neçə mesaj vermək istəmişdilər.
Bu o demək idi ki, "biz Moskva hakimləri Roma və Konstantinopoldan sonra Üçüncü Roma dövlətini təmsil edirik. Biz Konstantinopol türklərin əlinə keçəndən bəri həqiqi pravoslav dininin yeni mərkəziyik. Biz sivilizasiyanın şimal ucqarında kiçik və yeni dövlət olsaq da (15-ci əsrdə), iddia edirik ki, bəşəriyyətin beşiyində (Aralıq hövzəsində) min ildən çox mövcud olmuş qədim və möhtəşəm sivilizasiyanın varisləriyik. Biz həm Şərqə, həm də Qərbə baxırıq, bizim böyük ambisiyalarımız var."
Lakin iki inqilabdan və qanlı vətəndaş müharibəsindən sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər yeni dövlət gerbi yaratdılar.
Bolşeviklər təbliğat ustası idilər və rəmz və simvollardan hər yerdə bacarıqla istifadə edirdilər. Onlar müxtəlif şəkil, təsvir və simvollardan istifadə etməklə, 85 faizi savadsız olan Rusiya əhalisi arasında öz ideyalarını yayırdılar.
Bolşeviklər Qafqaz və Mərkəzi Asiyaya gəlib çıxanda isə, burada savadsızlığın miqyası daha yüksək idi və artıq 90 faizə çatırdı.
Siyasi mesajların savadsız kəndlilərə çatdırılmasında qüdrətli təsvir və simvollar, şəkil və plakatlar son dərəcə mühüm rol oynayırdı.
Yeni dövlətin gerbi də Sovet dövləti ideyasını və dəyərlərini simvolizə etməli idi. Sovet gerbinin 6 aydın komponenti var. Onlardan hər biri spesifik məna yükü daşıyırdı.
Birincisi şəhərlərdəki fəhlələri və kəndlərdəki kəndliləri təmsil edən oraq-çəkic idi. Rəsmi ideologiya və siyasi legitimlik baxımından hakimiyyət bu iki sinifdən qaynaqlanırdı. Sovet İttifaqı fəhlələrlə kəndlilərin ittifaqı idi.
Qalxan Günəş hər kəsdən bacarığına görə və hər kəsə ehtiyacına görə qurulması vəd edilən ideal cəmiyyət şüarını bayraq etmiş kommunizmin gələcəyini simvolizə edirdi.
Yer kürəsi və beşguşəli ulduz qlobal inqilaba çağırışın rəmzi idi. Taxıl sünbülləri bolluq və firavanlığın simvolu sayılırdı. Qırmızı rəngə gəlincə isə, bu, Fransa inqilabındakı yakobinlərdən bəri mövcud quruluşlara qarşı mübarizənin rəngi idi.
Nəhayət Karl Marksın məşhur şüarı olan "Bütün ölkələrin proletarları, birləşin!" sovet gerbində altı milli dildə (rusca, Ukrayna dilində, belarusca, azərbaycanca, gürcücə və ermənicə) yazılmışdı.
Azərbaycana sovet təcrübəsi lazım idimi?
1936-cı ildən sonra başqa respublikaların dilləri də bura əlavə edilmişdi.
Diqqət etmək lazımdır ki, gerbin bu erkən variantlarında rus dilində yazılmış şüar ortada deyildi və bu, onun başqa dillərlə bərabər hüquqa malik olduğunu göstərirdi.
Yalnız İkinci Dünya Müharibəsindən sonra rusca yazılmış şüar gerbin aşağısında, amma ortada yer tutmuşdu.
Yeri gəlmişkən, bu dəyişiklik də dövlətin siyasət və dəyərlərindəki dəyişiklərdən xəbər verirdi.
Modernləşdirmə və tərəqqi
1927-ci ildə Azərbaycanın sovet hökuməti yeni gerbin eskizi üçün müsabiqə elan etmiş, bundan sonra seçilmiş variantlardan üçü hökumət tərəfindən 2 ildən də uzun bir müddətdə müzakirə olunmuşdu.
Nəhayət bu müzakirələrin sonunda şəkildə gördüyümüz variantın üstündə dayanmışdılar. Bu variant o zamanlar Bakıda mövcud olan siyasi dəyər və prioritetləri simvolizə edirdi.
Bu gerb ölkənin modernləşdirilməsi ətrafında cərəyan edən böyük bir birləşmənin rəmzı idi. Birləşmənin bir tərəfində bolşevik proqramı yer almışdı.
Bolşeviklər şəxsi mülkiyyətin ləğvini, istehsalat və daşınmalarda milliləşdirməni, siyasi hakimiyyətdə təkpartiyalılığı istəyirdilər və dinin müxtəlif formalarına qarşı mübarizə aparırdılar. Onlar həm də beynəlmiləlçi ideologiyanın daşıyıcıları idilər.
Bununla belə, 1920-1930-cu illərdə, Qafqaz və Mərkəzi Asiyada onların hakimiyyəti böyük şəhərlər və dəmiryolları boyunca qəsəbələrlə məhdudlaşırdı.
Azərbaycanda bu hakimiyyət bolşevik adası olan Bakıda cəmləşmişdi. Bakı respublikanın qalan ərazilərində tam hakimiyyətə malik deyildi.
Birləşmənin ikinci tərəfində isə azlıq təşkil edən yerli ziyalıların və təhsillilərin ideyaları dayanırdı.
Onlar öz ölkələrini modernizə etmək istəyirdilər. Onlar şəhərləşməni, savadlılığı və müasir təhsili, yolları, fabrik və zavodları, müasir texnologiyaları alqışlayırdılar.
Bununla belə, onlar savadsız və geridə qalmış bir ölkədə azlıq idilər və belə modernizasiya üçün onlara buzqıran gəmi lazım idi.
Bu mənada onların bolşeviklərlə məqsədləri eyniydi: modernləşdirmə və tərəqqi.
Onlar Azərbaycanda modernizasiyanın həyata keçirilməsi üçün Moskvanın hərbi gücünə və maliyyə resurslarına arxalana bilərdilər.
O günlərdə bolşevizm yeni körpülər, fabrik və zavodlar, məktəblər, xəstəxanalar, təyyarələr və traktorlar demək idi.
Beləliklə, modernləşmə və inkişaf bolşevik hakimiyyəti ilə eyniləşdirilirdi. Bu iki ideya birləşərək sanki sinonimə çevrilmişdi.
Azərbaycan bolşevikləri bu birləşməni təmsil edirdilər. Bu birləşməni o vaxtın siyasi liderlərinin, ziyalılarının və mədəniyyət xadimlərinin nitqlərini oxuduqda da görmək olur.
Sovet Azərbaycanının ilk gerbi ideyalar birləşməsinin rəmzi idi.
GerbFotonun müəllifiHARUN YILMAZ
Sovet Azərbaycanının ilk gerbi: Dr Harun Yılmazın şəxsi arxivindən
Biz bu gerbə diqqətlə baxdıqda müxtəlif elementlər və sektorları görürük. Bolşevik ideologiyası bu gerbə oraq və çəkici gətirib.
Qalxan günəş kommunizmin parlaq gələcəyini göstərir. Bura Sovet İttifaqının gerbindəki bolluq və firavanlığı simvolizə edən taxıl sünbülləri də əlavə olunub. İdeyaların birliyi məhz bu nöqtədən başlanır.
Gerbin zirvəsində böyük aypara və kiçik ulduzu görə bilərsiniz. Bolşeviklərin ulduzu beşguşəlidir. Zirvədə aypara ilə qucaqlaşan da bu ulduzdur.
Şüarlarda da simvolik birləşmə var: "Azərbaycan Sosialist Şura Cümhuriyyəti' və 'Bütün Ölkə Proletarları Birləşiniz".
Göründüyü kimi şüarlar milli dillə yazılıb, lakin eyni zamanda bu şüarlar bolşevik dəyərləri və siyasi proqramını simvolizə edir. Milli forma və marksist məzmun eyni cümlədə birləşib.
İdeyaların birləşməsindən başqa bu gerb həm də bu birləşmənin arxasındakı dəyər və motivi güclü şəkildə vurğulayır: modernizasiya və tərəqqi.
Şüarlar yeni latın qrafikası ilə yazılıb. Əlifbanın ərəbdən latına dəyişdirilməsi müasirliyi və tərəqqi ideallarını təcəssüm etdirir.
Burada, lap mərkəzdə traktor və traktorçu, teleqraf dirəkləri və becərilmiş torpaqlar da təsvir edilib. Bunlar kənd təsərrüfatının mexanikləşdirilməsini və əhalinin 90 faizinin yaşadığı və işlədiyi kənd yerlərinin modernizasiyasını göstərir.
Başqa sözlərlə Azərbaycan bolşevikləri bununla demək istəyirdilər ki, savadsız kəndlilərin təhsilli traktorçulara çevrilməsi onların siyasətinin başında dayanır.
Gerbin sol tərəfində bir neçə neft çəni, arxa fonda isə neft buruqları var. Neft respublikanın əsas sənaye sahəsi idi və ölkənin gələcək sənaeyeləşdirilməsini və modernizasiyasını təmsil edirdi.
Dövlət gerbləri hər hansı ölkənin siyasi və ya tarixi dəyərlərini təmsil edir. Bunlar həm də yaradıldıqları vaxtın ruhunu göstərir.
Azərbaycan bolşevikləri Sovet Azərbaycanının ilk gerbini hazırlayanda simvolları çox diqqətlə seçmişdilər.
Bu gerbə tarixi retrospektivdən baxanda görürük ki, Sovet Azərbaycanının birinci gerbi 1920-1930-cu illərin siyasi ruhunu, ideyalarını, dəyər və prioritetlərini dəqiq təmsil edir.
Dr. Harun Yılmaz
Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü
BBC