Tarixin gizlin sirrləri — Dünyanı pərdə arxasından idarə edən QADINLAR

5-05-2017, 11:45           
Bəşəriyyətin tarixi boyu kişilərin dominant olduğu cəmiyyətdə zirvəni fəth edərək hakimiyyəti ələ keçirən qadınlar olub.

Onların adları kifayət qədər məşhurdur: Xatşepsut, Kleopatra, Uu Zeşian. Amma bir çox hallarda qadınlar ərlərinə təsir edərək ölkəni idarə ediblər. Pərdə arxasından dünya tarixinin ən qüdrətli imperiyalarını idarə etmiş qadınların adı bu gün unudulub.

“Ölkə.Az” bu gün dünya tarixində pərdə arxasından imperiyalar idarə etmiş qadınları təqdim edir.

1.Maroziya

X əsrin əvvəllərində Avropa tənəzzülə uğramışdı. Frankların imperiyası dağılır, bütpərəst vikinqlərin qüdrəti artırdı. Cənubda müsəlmanlar İspaniya və Siciliyanı ələ keçirmişdilər. Köçəri macarlar isə Karpatları aşıb-keçmişdilər. Təkcə katolik kilsəsi Avropanı birləşdirirdi. Bu dövrdə senator Maroziya Kilsəyə rəhbərlik edirdi.

Maroziya qraf Feofilaktın, yəni Romanın ən qüdrətli şəxsinin qızı idi. Maroziyanın doğum və ölüm tarixi müxtəlif illər göstərilir. Bəzi mənbələrə görə 880, bəzilərinə görə 892-ci ildə anadan olub. Bəzi mənbələrə görə 937, bəzilərinə görə isə 954-cü ildə vəfat edib. Atasının ölümündən sonra Maroziya hakimiyyəti miras kimi qəbul etdi və özünü “senatrix” elan etdi. Papa X İoann Maroziyanın hüquqlarına etiraz etmək istəsə də, qadın onu həbsə atdı və Papa həbsxanada müəmmalı surətdə dünyasını dəyişdi. Sonra isə “oyuncaq” Papaların dövrü başladı. Romanın real hakimiyyəti və idarəçiliyi Maroziyanın əlində idi.

931-ci ildə Papa VII Stefan dünyasını dəyişdi və Maroziya oğlunu – XI İoanı onun yerinə təyin etdi. Bu dövrdə Romada hakimiyyət tamamilə onun əlində olsa da, Maroziya daha artığını istəyirdi. 932-ci ildə “senatrix” İtaliya kralı Quqo Arlsk ilə evlənmək qərarına gəlir. Papa isə onları imperator və imperatriçə, yəni bütün Avropanın tamhüquqlu hakimi elan etməli idi.

Amma kiçik bir insident Maroziyanın planına mane oldu. Əvvəlki nikahdan onun Alberix adlı yenyetmə oğlu var idi və oğlan yeni ögey atasına nifrət edirdi. Quqo Alberixi suyu yerə dağıtdığı üçün şillələyəndə oğlanın səbr kasası doldu. Alberix Roma vətəndaşlarını Quqo əleyhinə üsyana qaldırdı. Quqo isə iplə şəhər divarından aşaraq xilas oldu. Sonra Alberix anasını da həbsə atdı və Romanın real hökmdarına çevrildi.

2.Doregene

Daha doğrusu, Turakina xatun. Çingizxanın ölümündən sonra hakimiyyət üçüncü oğlu Ugedeyə keçdi. Ugedeyin böyük qardaşları bir-birinə nifrət edirdilər və çox güman ki vətəndaş müharibəsinə başlayacaqdılar. Bu səbəbdən taxta Ugedey çıxdı. Amma Ugedey əyləncə və sərxoşluğa meylli idi. Ugedeyin ölümündən əvvələ aid bəzi sənədlərə əsasən idarəetmə işlərinin böyük hissəsini onun arvadı Turakina xatun həyata keçirib.

Ugedey torpağa tapşırıldıqdan sonra yeni hökmdar seçilənə qədər Doregene xatun rəsmi olaraq ölkəni idarə etdi. Xatun seçkiləri 5 il müddətinə təxirə saldı və Çindən Rusiyaya qədər ərazisi olan dünya tarixinin ən böyük imperiyasını idarə etdi. Səlcuq sultanları, knyaz Yaroslav kimi dövlət xadimləri Turakina xatunun hüzuruna gəlirdilər. Knyaz Yaroslav belə bir qonaqlıqdan sonra müəmmalı surətdə dünyasını dəyişdi.

Doregene imperiyanı idarə etdiyi dövrdə hakimiyyətinin sarsılmazlığını təmin etmək üçün oğlu Quyukun xan seçilməsinə nail oldu. Quyuka hamı nifrət etdiyi üçün Doregene hamını ələ almaq qərarına gəldi. Pul yığmaq üçün isə sərt vergi qanunları tətbiq etdi. Doregene 1246-cı ildə, oğluna xan seçilmək hüququnu təmin etdikdən bir il sonra dünyasını dəyişdi.

3.Kösəm Sultan

XVII əsrin ən nüfuzlu qadınıdır. 1600-cü ildə İstanbula qul kimi gətirilib. Milliyətcə yunandır və imperator hərəmxanasına satılanda özünə Kösəm adını götürüb. Tezliksə I Əhmədin sevimli arvadına çevrilir. Sultan I Əhməd öldükdən sonra psixi cəhətdən xəstə qardaşı Mustafa taxta çıxır və Kösəmin hakimiyyət uğrunda ilk savaşı başlayır.

Tezliklə Mustafa qardaşı oğlu Osman tərəfindən taxtdan salınır və Kösəm bir neçə il kölgəyə çəkilir. 1623-cü ildə Kösəmin kiçik yaşlı oğlu IV Murad taxta keçir və qadın saraya qayıdır. Osman isə yeniçəri üsyanında qətlə yetirilmişdi. Kösəm oğlunun hamisi kimi 10 il imperiyanı idarə edir.

Murad dünyasını dəyişdikdən sonra onun yerinə taxta ruhi xəstə qardaşı İbrahim keçir. Artıq 1640-cı ildə Kösəm yenidən hakimiyyətə qayıdır.

Tezliklə Kösəm İbrahimin idarəedilməz olduğunu anlayır və 1648-ci ildə onun qətlini təşkil edir. Bundan sonra o, azyaşlı IV Mehmetin qəyyumu kimi hakimiyyəti idarə edir.


4.Hasəki Turhan Xədicə Sultan
Tarixin gizlin sirrləri — Dünyanı pərdə arxasından idarə edən QADINLAR
IV Mehmet taxta çıxandan sonra Kösəm qəyyum qismində dövləti idarə etməyə davam edirdi. O, pərdə arxasından saray əyanlarına göstərişlər verirdi.

Bu, Mehmetin anası Turhan Xədicə Sultanı əsəbləşdirirdi və düşünürdü ki, oğlunun qəyyumu məhz o olmalıdır. Amma Kösəmin hakimiyyəti sarsılmaz idi. Çünki Kösəm yeniçərilərin dəstəyini alırdı və böyük ərazilər onu dünyanın ən varlı adamlarından birinə çevirmişdi.

Tezliklə Kösəm Mehmet və anasının müstəqillik əldə etmək istədiklərini hiss edir və ana-balanın öldürülməsi üçün planlar qurur. 1651-ci ildə Turhan Xədicə Sultan sultanın şərbətlə zəhərlənəcəyi barədə məlumat əldə edir və artıq hərəkətə keçməyin zamanı olduğunu dərk edir.

Xədicə Sultan qərara aldı ki, sürətli saray çevrilişi yeganə çıxış yoludur. Çünki ancaq bu yolla Kösəmin yeniçəriləri çağırmasının qarşısını almaq olardı.

2 sentyabr tarixində Turhan Sultan və onun xacələri Kösəmin otağına hücum edərək onun mühafizəçilərini zərərsizləşdirdilər. Kösəm şkafda gizlənmək istəsə də, onu tapdılar və pərdə ilə boğub öldürdülər.

Kösəmin ölümündən sonra Turhana qəyyumluq qəbul etdi və 1656-cı ilə qədər imperiyanı idarə etdi. 1656-cı ildə isə hakimiyyəti böyük vəzir Köprülü Mehmet Paşaya təhvil verməyə razılaşdı.

5.Sörkəktəni Bəgi

Bu gün Sörkəktəni Bəginin adı unudulsa da, XIII əsrin ən məşhur qadınlarından biri olub. İran salnaməçisi Rəşidəddinin yazdığına görə moğolların böyük əmirləri və orduları onun komandalarını qeydsiz-şərtsiz yerinə yetiriblər. Şairlərdən biri hətta demişdi ki, əgər bütün qadınlar ona oxşasaydı, kişiləri ötüb keçərdilər.

Sörkəktəni Bəgi Çingizxanın kiçik oğlu Toluyun oğlunun arvadıdır. Toluy vəfat edəndə böyük oğlunun 23 yaşı olsa da, Sörkəktəni Bəgi onun yerinə naibi təyin edilir. Qadın qısa müddətə siyasətdə böyük oyunçu olduğunu sübut etdi və Güyük Xanın taxta çıxmasına kömək etdi.

1248-ci ilə Güyük Xan dünyasını dəyişəndə Sörkəktəni Bəgi üçün yenidən şans yarandı. O, qüdrətli Qızıl Orda xanı Batı ilə alyans qurdu və oğlu Munkenin böyük xan seçilməsi üçün kampaniya apardı. Güyükün ailəsi buna qarşı çıxsa da, Sörkəktəni Bəgi məğlub etmək mümkün deyildi. O, hətta Güyükün arvadı Qaymışın cəzalandırılması və edam edilməsinə şəxsən nəzarət edib.

Qadın o qədər uğurlu hərəkət etdi ki, çox incə işlənmiş plan nəticəsində onun oğullarının dördü də böyük xan seçildi.

6.Axxotep

Axxotep çox maraqlı bir dövrdə yaşayıb. Eramızdan 1500 il əvvəl Qədim Misir daxili problemlər və hiksoslar kimi tanınan dəhşətli işğalçıların ölkəyə hücumları səbəbindən dağılmaq üzrə idi. Axxotep firon Sekenenra Taonun həm bacısı, həm də arvadı idi. Firon 1560-cı ildə (eramızdan əvvəl) hiksoslar tərəfindən edam edilir. Mumyanın analizi göstərir ki, fironun ölümünə səbəb başından vurulan balta zərbəsi və boynuna saplanan xəncər olub.

Ərinin ölümündən sonra Axxotep kiçik oğlu I Axmosesin naibinə çevrilir. Misir hökmdarı olan qadın hiksoslar və Misirin daxili üsyançıları ilə mübarizə aparmaq üçün ərinin ordusuna şəxsən rəbhərlik edir. Bu igidlikdən sonra Axxotep “Cəsarətin qızıl milçəkləri” zinət əşyası daşımağa başlayır. Bu mükafat fərqlənən Misir sərkərdələrinə verilirdi.

Axxotepin oğlu sonradan anasının şərəfinə bu lövhəni yazdırır: “Torpağın xanımına, torpaqların xanımına tərif yağdırın. Onun adı hər ölkədə ehtiramla yad edilir. O, bir çox planları həyata keçirdi. O, Misirin qayğısına qaldı. O, ordunun qayğısına qaldı, onu qorudu, qaçqınları dayandırdı. O, fərariləri geri qaytardı. O, Cənubu fəth etdi. O, ona qarşı çıxanları məhv etdi”.

Axxotep 90 yaşına qədər yaşayır və dünyasını dəyişəndə böyük ehtiramla dəfn edilir.

7.Zoya
Formal olaraq əri ilə birlikdə hakimiyyəti idarə etsə də, Bizans imperiyasının əsl hökmdarı Zoya idi. İmperiyanın sərhədləri Balkanlardan Asiyaya qədər uzanırdı. Əslində Zoyanın yeganə real rəqibi doğma bacısı Foedora idi. Zoya bacısını sıxışdıra bilmədiyi üçün Feodora ilə aralarında rəqabət başlayır.

Zoya və Feodora imperator VIII Konstantinin qız övladlarıdır. İmperatorun oğlu olmadığı üçün Zoya qüdrətli şəhər hakimi Romanosla ailə qurur. Romanos Konstantinin ölümündən sonra imperiyanın hökmdarına çevrilir. Zoya bacısını sürgünə göndərir, Romanosu zəhərləyir və taxta IV Mixail adı ilə çıxarılan kamergerə ərə gedir.


IV Mixail dünyasını dəyişəndən sonra onun qardaşı oğlu Zoyanı qovaraq taxta yiyələnmək istəyir. Qəzəbli kütlə saraya hücum edərək imperatriçəni geri qaytarmağı tələb edir. Uğursuz qəsbkar Konstantinopolun civarında həbs edilib saraya gətirilir. Axtalanaraq kor edilən üsyançı monastra sürgün edilir.

Amma kütlə Feodoranın da taxta qayıtmasını tələb edirdi. Bu səbəbdən Zoya Konstantin IX Monomaxa ərə gedənə qədər bacısının taxtı onunla bölüşməsinə dözməli oldu. Toydan sonra Monomax onunla birlikdə hakimiyyəti idarə etdi. Zoya ölümünə qədər, yəni 1050-ci ilə qədər imperiyanı idarə etdi. Onun ölümündən sonra hakimiyyət ərinə və bacısına keçdi.

8.Arsinoya

Arsinoya I Ptolemeyin qızıdır. Ptolemey Makedoniyalı İskəndərin ölümündən sonra Misiri ələ keçirən makedoniyalı sərkərdədir. Arsinoya sərkərdə Lisimaxın həyat yoldaşı idi. Lisimax Frakiya üzərində nəzarəti ələ keçirdi və tezliklə İskəndərin varisləri arasındakı müharibələrdə əsas oyunçuya çevrildi. Tezliklə Arsinoya Lisamaxın birinci nikahdan olan oğlunu zəhərləyir. Bir müddət sonra onun öz övladları Arsinoyanın ikinci ərini qətlə yetirir.

Eramızdan əvvəl 279-cu ildə Arsinoya Misirə qaçdı. Burada onun qardaşı II Ptolemey taxta sahiblənmişdi. Tezliklə Arsinoya dövlətin ən çılğın siyasətçisinə çevrilir. Qadın ilk olaraq saxta ittihamla qardaşının arvadını sürgünə göndərir. Tezliklə qardaşı ilə nikaha girərək yunan cəmiyyətini dəhşətə gətirir.

Hakimiyyəti əlinə toplayan Arsinoya qısa müddətə qardaşını ikinci plana keçirir və özünü Misirin mütləq hakiminə çevirir. Rəsmi sənədlərdə onun adı Firon kimi çəkilir. Arsinoyanın şərəfinə sikkə vurulur. Qədim Misir ənənəsinə uyğun olaraq incəsənətdə Arsinoya və qardaşı İsida və Osiris kimi təsvir edilir. Bu isə onların nikahına bəraət qazandırmaq üçün nəzərdə tutulmuşdu.

Arsinoya eramızdan əvvəl 268-ci ildə dünyasını dəyişir. Qardaşı Arsinoyadan sonra 20 il dövləti idarə etsə də, bir daha evlənmir.


9.İmperatriçə Vey

Vey Tan sülaləsinin hökmdarı, VIII əsrin əvvəllərində Çini idarə edən imperator Çjun-Tszunun arvadı olub. Çjun hakimiyyəti Çini tam qanuni əsaslarla idarə edən yeganə qadın U Tszetyandan miras alıb. Vey deyirdi ki, U Tseztyanın böyük pərəstişkarıdır və ona bənzəməyə çalışır.

Xoşbəxtlikdən imperator ürkək və iradəsiz adam olmağa razılaşır və işlərdən kənarlaşaraq idarəetməni qəddar və ağıllı arvadına həvalə edir. Vey qısa müddətə sarayda qüdrətli hakimiyyət qurur və U Tszetyanın keçmiş nazirlərinin bir çoxunu bu hökumətə daxil edir. Veyə qarşı çıxan hər kəs həyatı ilə risk edirdi. Bir dəfə hərbi nazir imperatriçəni tənqid edən zabiti vəhşicəsinə qətlə yetirir.

5 illik hakimiyyətdən sonra Veyin problemləri başlayır. İmperator qəflətən dünyasını dəyişəndə Veyin onu zəhərlədiyi barədə şayələr dolaşmağa başladı.

Vey başa düşürdü ki, əgər rəsmi imperator dünyasını dəyişsə, taxta iddialılar ortaya çıxacaq. Bu səbəbdən Vey sarayı mühasirəyə alan 50 minlik ordu yığana qədər imperatorun ölümünü gizli saxlayır.

Amma onun düşmənləri sarayın daxilində idi. Onun ərinin bacısı şahzadə Taypin və qardaşı oğlu Li Luntszi bir gecədə çevriliş edirlər. Vey qaçmağa çalışsa da, onun əmri ilə sarayı mühasirəyə alan əsgərlər tərəfindən qətlə yetirilir. Əsgərlər düşünürlər ki, qalibin tərəfində olmaq daha yaxşıdır.


10. Nur Cahan

1620-ci ildə qüdrətli Moğollar imperiyası bütün Hind sub-qitəsini tutmuşdu. Rəsmi olaraq hakimiyyəti Cahangir idarə edirdi. Əslində isə Cahangir alkoqol və tiryək həvəskarı idi və əsl hakimiyyət onun arvadı Nur Cahana məxsus idi.

Bu böyük sirr deyildi. Nur Cahan öz adından fərmanlar verir, onun adına sikkə basılırdı. Bütün rəsmi sərəncamlarda istifadə edilən kral möhürü də Nur Cahanda idi.

Sarayda qonaq olanlardan biri yazırdı: “Qadınların hakimiyyəti özünü bəzən hərəmxanada biruzə verir. Amma bu fərqlidir, sakit və nəzərə çarpmadan baş verir. Nur Cahan camaat qarşısında çıxış edir, bütün məhdudiyyətlər və adətlərə qarşı çıxır, hakimiyyətin ona məxsus olduğunu nümayiş etdirirdi”.

Onun əsas rəqibi general və nazir Mahabat Xan idi. Nur Cahan generalın kürəkənini həbs edəndə Mahabat cavab olaraq çevriliş edir və Cahangiri ələ keçirir. Nur Cahan ordu toplayıb ərini xilas etməyə cəhd edir və sonra qaçış üçün plan hazırlayır. Mahabat məğlub olur və Nur Cahanın hakimiyyəti davam edir.

Hikmət
Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.