Azərbaycanlı gömrük zabiti necə katolik oldu? – Tanrının ona dedikləri – FOTO+VİDEO
5-05-2017, 14:24
Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər. Bir neçə gündür ki, bu barədə Rusiya mətbuatında məlumatlar dərc olunur. Bildirilir ki, Roma Papası Fransisk 3 gündən sonra, yəni mayın 7-də Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasının məzunu, azərbaycanlı Behbud Mustafayevi başqa seminariya tələbələri arasında keşiş təyin edəcək.
Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.
Müsəlmanlıqdan xristianlığa, daha sonra keşişliyə keçən Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. O, Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasına qəbul olunub.
B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
[media=https://www.youtube.com/watch?v=8ecPIly7Rco]
Bir müddətdir ki, katoliklər B. Mustafayevin bu hərəkətinə dini-siyasi don geyindirirlər. Belə ki, onlar sosial şəbəkələrdə İslam dininin əleyihə kampaniya apararaq, katolikliyin təbliğatı ilə məşğul olurlar. Həmçinin Azərbaycandakı tolerantlığı şübhə altına alan münasibətlər sərgiləyirlər. Onlar müsəlmanların İslamdan uzaqlaşdığını iddia edərək, Azərbaycandakı dini vəziyyətlə bağlı ziddiyətli fikirlər yayırlar. Hansı ki, Behbudun xristianlığı qəbul etməsi ölkəmizdə dini dözümlülüyün, tolerantlığın mövcudluğundan xəbər verir. Görünür, anti-islamçılar bunu görmək istəmirlər.
35 yaşlı azərbaycanlı Behbud keşiş olması xəbəri ilə gündəmə gəlib. Onunla bağlı sosial mediada geniş müzakirələr açılıb.
Araşdırma zamanı məlum olur ki, Behbud Mustafayev xristian dinini heç də təsadüfən seçməyib. O, islamdan-xristianlığa, müsəlmanlıqdan-katolikliyə gəlməsini belə izah edir:
– Belçikanın Lyuven şəhərində Kayzersberqin Benediktin monastrında olmağım mənim üçün “son damcı” oldu. Hər şey təsadüfən baş verdi. Mən orada peşə sahibi oldum. Kilsədə elə bir hadisə baş verdi ki, onu sözlə təsvir etmək mümkün deyil. Orada Tanrının səsini eşitdim:
“Əvvəlcə mən səni bətndə yaratdım, səni dərk etdim və sən bətndən çıxmamışdan öncə səni müqəddəsləşdirdim”.
Birdən sənin bütün həyatın aydınlanır. Və sən açıq şəkildə anlayırsan ki, müqəddəs olmaq yolunda irəliləyirsən. O vaxtlar həyatımın ən dəyərli günləri idi.
Behbud ilk dəfə 26 yaşında Lyuvendəki kilsəyə getdiyini deyir:
– Mən Azərbaycanda doğulmuşam. Amma bütün öz həyatım boyu Lyuvendəki kilsəyə gedirdim. Onun mövcudluğu haqqında əvvəllər heç nə eşitməmişdim. 26 yaşım olanda mən ora getdim. Elə bil məni ora Tanrı çağırmışdı.
Kayzerberq monastırında Allahın qulu, baş keşiş Boleslav Sloskan yaşadı və öldü. O, həmçinin Rusiyada kilsənin baş keşişi idi. Tövbə etdi, düşərgələrdə əzab çəkdi, dəhşətli işgəncələrə məruz qaldı. Sonra bu monastırda yaşadı, 25 il xidmət etdi. Onun üçün elə bu kilsədə də ölü duası oxudular.
Siz onu da bilməlisiniz ki, o, Peterburqdakı seminariyanın məzunu olub. Bəlkə də indi mən yaşadığım otaqda bir vaxtlar elə onun özü yaşayıb. Bəlkə də onun bir vaxtlar getdiyi piləkənlərlə indi mən gedirəm.
Düşündüm ki, bütün bunlar təsadüfdür? Mən kilsəyə çağırılanda baş keşiş Boleslav mənim yanımda oturmamışdı. Yəqin ki, mənə qayğı göstərməsi üçün Tanrı ona tapşrırq vermişdi. O isə məni Piterdəki seminariyaya aparmaq üçün Tanrıya söz verib.
Bizim seminariya əzab-əziyyət çəkənlərin seminariyasıdır. Biz bunu yaxşı başa düşürük. Bunun davamçılarının olması çox yaxşıdır.
Behbud seminariyada olarkən tez-tez qocalar evinə gedirmiş:
– Birinci dəfə orada olan zaman hiss etdim ki, qocalar bizimlə vaxt keçirməkdən məmnun deyillər. Bizim ora getməyimiz onların üzlərində xoş təbəssüm yaratmırdı. Mən geri qayıdanda İsaya dua edib, xahiş etdim ki, bir yol göstərsin ki, biz qocaları xoşbəxt edə bilək.
Yenidən seminariyanın tələbələri olaraq qocalar evinə getdik. Bu dəfə biz onlarla söhbət edən zaman üzlərinə baxmadan qəlblərindəki mərhəməti duymağa başladıq. Onların ürəklərində olan səmimiyyət bizi bir-birimizə bağladı. Biz onların daxilində olan insanları görməyə başladıq və buna uyğun rəftar etdik. Bu zaman gördük ki, həmin qocaların üzlərində xoş təbəssüm yaranır.
Artıq biz ora gedən zaman qocalar çox sevinirdilər. Əsas insanların qəlbindəki yaxşılıqları görmək lazımdır. İnsanın qəlbinə, ürəyinə görə onunla rəftar etmək lazımdır.
25 yaşında xristianlığı qəbul edib, xaç suyuna salındığını deyən B. Mustafayev əsas məqsədlərini açıqlayıb.
-Bundan sonra çox istəyirəm ki, mən Azərbaycana xidmət edim. Hiss edirəm ki, mənim əsas vəzifəm bu olmalıdır. İsanın işığını mən xalqıma, camaatıma aparmaq istəyirəm. Onlar bu işığı qəbul etməyə hazırdılar. Bunun üçün Azərbaycan böyük potensiala sahibdir. Gənclər, qocalar, ailələr… İşlər lap çoxdu. Yalnız istəmək lazımdır və tanrının köməyi ilə bu işlərin öhdəsindən gələcəyik. Əlbəttə, Rusiya Katolik kilsəsinin təcrübəsi mənə çox lazım olacaq. Nə də olsa mən burada beş il yaşadım, bu mənə təsir etməyə bilməzdi.
Behbud Mustafayev Azərbaycandakı dini vəziyyəti belə dəyərləndirir:
– Azərbaycanın əhalisinin böyük əksəriyyəti İslam dini, şiə təriqətinə mənsubdur. Amma qeyd edim ki, Azərbaycan dünyəvi ölkədir. Burada din dövlətdən ayırıdır. Azərbaycan müsəlmanları çox mülayim və ürəyiaçıqdırlar. Mən, hətta deyərdim ki, onlar islama münasibətdə liberal mövqedən çıxış edirlər.
Çox az adam əsl müsəlmanların edə biləcəklərini edir. İslam mədəniyyətin, milli birliyin bir hissəsidir. İnsanlar hesab edirlər ki, sən azərbaycanlısansa, demək sən müsəlmansan. Mənim üçün ilk növbədə müqəddəs azərbaycanlı olmaq nə deməkdir? Düzünü desək, mən bu haqqda düşünməyi sevmirəm. Mənim onların arasında olmağım bir təsadüf idi. Tanrı belə istədi.
Birmənalı olaraq isə birinci olmaq asan deyil. Bu, böyük məsuliyyət və çətinlikdir. Bu dəfə Tanrı bu vəzifəni mənə tapşırdı. Tanrı bu işdə həmişə mənim yanımda olacaq.
Ailə üzvləri Behbudun dini dəyişməsinə birmənalı yanaşmırlar. Anası oğlunu yolundan döndərməyə çalışsa da, o, keşiş olmağı seçib.
– Behbud artıq uşaq deyil. O, böyüyüb. Bu, onun öz seçimdir. Bu yolu onun öz seçdi. Biz nə edə bilərdik ki?! Onun başqa bir həyatı var. Müstəqil insandır. Zamanında biz ona çox məsləhətlər verdik, amma öz yoluna getdi.
B.Mustafayevin yaxınları, tanışları keçmiş gömrük zabitinin keşiş olmasına o qədər də təəccüblənməyiblər.
– Behbud evin tək oğlu idi. Onun iki bacısı vardı. O vaxtlar valideynləri həmin uşaqları əziyyətlə böyütmüşdülər. Uşaqlara yaxşı təhsil vermişdilər. Behbudun atası Namiq müəllim uzun müddət hava limanında çalışıb. O, hörmətli insan olub. Uşaqlıdan oğlu Behbudu çox istəyirdi. Hər bir valideyn kimi onun da övladından gözləntiləri çox idi.
Behbud Milli Aviasiya Akademiyasında təhsil almışdı. O, heç kimə qarışmazdı. Fərqli insan idi. Sanki onun öz dünyası vardı. Gününü daha çox bacıları ilə keçirirdi. O, hərəkətləri, davranışları isə həmyaşıdlarından seçilirdi.
Onun ata müsəlman, ana tərəfi isə pravoslavdır. Atası həmişə onun müsəlman olmasını istəyirdi. Anası tərəf, nənəsi isə əksinə Behbudun xristian olmasını arzulayırdı. Uşaq iki seçim arasında qalmışdı. Bilmirdi ki, hansı dini seçsin. O, isə qəfildən katolikliyi seçdi.
Katolik kilsəsinə getməyə başladı. Xristianlarla dostluq edirdi. Ailəsi bunu biləndə Behbudun üzərinə getdilər. Onu bu yoldan çəkindirmək istəyirdilər. Hətta bəzi insanlar onun nurçu olduğunu düşünürdülər.
Onun xristianlığı seçməsindən sonra tez-tez ailəsində davalar olurdu. Bu səbəbdən Behbud evi tərk edirdi. O, yaxşı yerdə işləyirdi. Bütün söz-söhbətlər, davalar onu bezdirirdi.
Anası həmişə ona deyirdi ki, sən ya atan kimi müsəlman olmalısan, ya da bizim kimi pravoslav. Amma Behbud nə müsəlmanlığı, nə də pravoslavlığı seçdi. O, katolik oldu. Onun gözəl işi vardı. İşdən də çıxdı. Başını götürüb Rusiyaya getmişdi.
Behbud ailə həyatı da qurmayıb. Onun düşüncəsi tam fərqlidir. Ailə, ev, onun planında yox idi. O, hələ uşaq yaşlarından özünü qəribə aparırdı. (azvision.az)