“Cahangir Hacıyevin adı 1 milyon manat müqabilində siyasi məhbus siyahısına salınıb” – ilginc iddia
6-05-2017, 10:24
Həbsdəki bankirlə bağlı qalmaqal böyüyür; keçmiş siyasi məhbus Fuad Hüseynov: “Bir hüquq müdafiəçisinə Hacıyevin yaxınları tərəfindən həmin məbləğ təklif olunub”...
Azərbaycanda siyasi məhbuslarla bağlı hazırlanan siyahılar daim qalmaqal yaradıb. Xüsusilə, son illərdə bu siyahılara bəzi korrupsioner şəxslərin adlarının salınması ciddi qalmaqallara səbəb olub. Vaxtı ilə hakimiyyətdə təmsil olunmuş və sonradan müəyyən səbəblərdən həbs edilən məmurların bəzilərinin adlarının bu siyahılara salınması birmənalı qarşılanmır.
90-cı illərin ortalarından başlayaraq, bu cür problemlər yaşanıb. Xüsusilə, ən çox hazırda Hollandiyada yaşayan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun hazırladığı siyahılarla bağlı belə qalmaqallara rast gəlinib. Onun 1994-cü ildə Bakıda “20 Yanvar”, “28 may” və “Gənclik” metro stansiyalarında törətdikləri terror hadisələri ilə 30 nəfərin ölümünə, 100-dən çox insanın isə yaralanmasına səbəb olan separatçı “sadval”çıların adlarını siyasi məhbus siyahısına salıb, onları can-başla müdafiə etməsi yaddaşlardan silinməyib.
Sonrakı illərdə ömürlük cəza alan Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov kimi şəxslərin adlarının siyasi motivlərlə həbs edilmiş insanlarla birlikdə siyasi məhbus siyahılarına daxil edilməsi uzun müddət narazılıq yaradıb. Bu hal onların 2005-ci ildə həbsdən azad olunmalarına qədər davam edib.
2005-ci ildən başlayaraq indiki hakimiyyətdə təmsil olunan və sonradan həbs edilən şəxslər həbs olunmağa başlayanda yenə də L.Yunusun başda olmaqla, bir sıra hüquq müdafiəçiləri həmin şəxsiləri siyasi məhbus elan etdilər. Sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, həmin prosesdə həbs olunan Akif Muradverdiyev və Rafiq Əliyev və digərləri də siyasi məhbus elan olunublar.
Son olaraq da Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin adının siyasi məhbus siyahısına salınması bu məsələni bir daha gündəm edib.
Siyasi məhbus siyahıları hazırlayan bəzi qruplar üçün sabiq iqtidar məmurlarını vazkeçilməz edən səbəblər nədir?
İddia olunur ki, həmin şəxslərin kifayət qədər maliyyə mənbələrinə malik olmaları adlarının siyasi məhbuslarla bir yerdə çəkilmələrinə səbəb olur. Bir növ yüksək məbləğlər qarşılığında keçmiş iqtidar yetkililərinin müxalifyönlü şəxslərin siyahılarına yol tapdıqlarına dair ittihamlar ortadadır.
C.Hacıyevin siyahıya salınması ilə bağlı bir vaxtlar siyasi məhbus taleyi yaşayan hüquq müdafiəçisi Fuad Hüseynov facebook səhifəsində paylaşdığı statusda ilginc açıqlama verib. O yazıb: “Bu yaxınlarda məclislərin birində söhbət oldu ki, filan hüquq müdafiəçisinə Cahangir Hacıyevin yaxınları tərəfindən bir milyon manat pul təklif olunub ki, onun adını da siyasi məhbusların siyahısına əlavə etsin. Həmin hüquq müdafiəçisi razı olub və məsələnin həll edilməsi üçün çalışırmış. Bu söhbəti həmin məclisdə Oktay İsgəndərli etdi. Bəşir Süleymanlı sadəcə bu barədə eşitdiyini bildirdi və Cahangir Hacıyevin adının siyasi məhbuslar siyahısına salınmasının əleyhinə olduğunu vurğuladı. Həmin məclisdə olanlardan bir nəfər (kimliyini müəyyən etmişik) bu söhbəti hüquq mühafizə orqanlarına çatdırdı deyə məclisdə iştirak edənlərin bir neçəsini sorğu-sual etdilər. Cahangir Hacıyevin adının siyası məhbuslar siyahısına salınması konkret olaraq düzgün iş deyil”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı qalmaqala səbəb olan siyahılarla bağlı dedi: “Sadval”çıların adları ona görə salınmışdı ki, onların cinayətləri sübuta yetirilsin. Biz insan haqlarını müdafiə edən təşkilatlarıq. Zamanında elə məmurlar olub ki, QHT-ləri hazırladıqları o siyahılara görə tənqid ediblər. Həmin məmurların da adları korrupsiyada hallanırdı. Hətta jurnalistlər var idi ki, açıq şəkildə olmasa da, onları cinayət törətməkdə suçlayırdılar. Amma indi baxırsan ki, o şəxslərin çoxlarının adları siyasi məhbus siyahılarındadır. Biz özümüz məhkəmə sistemini, polisləri, başqa sahələrin təmsilçilərini demək olar, hər gün tənqid edirik. Amma əminliklə deyirəm ki, əgər bu gün tənqid etdiyimiz həmin məmurlar sabah həbs edilsələr, onların da adlarını siyasi məhbus siyahılarında görəcəyik. Çox üzücü mənzərə yaranıb. Burada bəzi saytların günahı ondan ibarətdir ki, bu işlərlə əlaqəsi olmayan şəxsləri məşhur hüquq müdafiəçiləri kimi qələmə verirlər. Yaxud hansısa bir saytda bir məqalə yazmayan birisini məşhur jurnalist adlandırırlar. Siyasi məhbuslarla məşğul olan hüquq müdafiəçiləri başqa, sonradan bir siyahı tərtib edib, altında hüquq müdafiəçisi kimi imza qoyanlar tam başqadırlar.
Bir insan əgər siyasi məhbus elan olunursa, hərtərəfli araşdırılıb, sonra bu qənaətə gəlinməlidir. Cahangir Hacıyevin işinin monitorinqinin aparıldığını deyirlər, o zaman monitorinq aparıldığı müddətdə həmin şəxsin adı siyahıya salına bilməz. Siyahı dəqiq olmalı, beynəlxalq təşkilatların kriteriyaları əsas götürülməlidir. Məhkəmələr tam qurtardıqdan sonra rəy verilməlidir. Adı korrupsiyaya bulaşmış şəxsləri siyasi məhbus elan edib, onlara vəkil tutmaq, ailələrinə kömək etmək, amma doğru siyasi məhbus olanları isə diqqətdən kənarda qoymaq yaxşı hal deyil. Cahangir Hacıyevin barəsində zamanında Beynəlxalq Bankla əlaqədar çoxsaylı tənqidi yazılar yazılıb, şikayətlər saysız-hesabsız idi. Amma indi açıq şəkildə ortaya faktlar qoyulub, bunların müqabilində necə demək olar ki, Cahangir Hacıyev siyasi məhbusdur?"
musavat.com