Otuz-qırx nəfər Azərbaycan ordusunun yüz minə yaxın şəxsi heyətinin nüfuzuna xələl gətirə bilməz - Üzeyir Cəfərov

8-05-2017, 19:39           
Otuz-qırx nəfər Azərbaycan ordusunun yüz minə yaxın şəxsi heyətinin nüfuzuna xələl gətirə bilməz - Üzeyir Cəfərov
“Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə yaydığı bəyanatdan faciə düzəltmək lazım deyil”.

Bu barədə SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert müharibə vəziyyətində olan ölkələrdə bu cür hadisələrin olduğunu bildirib: “Bu, birinci hadisə deyil. İndiyədək bənzər hadisələr olub, amma bu miqyasda ilk dəfədir baş verib. 30-40 nəfər hərbi qulluqçu və mülki şəxslərin bizə düşmən olan ölkəyə hansısa məlumatları ötürməsi, onlarla əməkdaşlıq etməsi, əlbəttə ki, hər birimizi ağrıdır və xoşagəlməz hadisədir. Ancaq bundan faciə düzəltməyə dəyməz. Çünki bu yaxınlarda Ermənistanda bir neçə zabit Azərbaycan və Türkiyənin xeyrinə cəsusluqda günahlandırılaraq ittiham olunublar və məhkəmə onlara cəza təyin edib”.

Ü.Cəfərli bildirib ki, həbs olunmuşlarla bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr gedir, amma hesab edirəm ki, burda bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır. Həbs olunmuşların hamısı vətən xaini deyil, sadəcə onların məsuliyyət dərəcəsi var: "Həmin şəxslər arasında elələri var ki, sözgedən hadisənin təşkilatçılarıdır, vətənə xəyanat maddəsi ilə ittiham ediləcəklər. Amma məhkəmədə bunun təsdiqini tapıb-tapmaması məsələnin digər tərəfidir. Hər halda tələsməyə dəyməz, bir qədər diqqətli, ehtiyalı olmaq lazımdır. Çünki burda Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi həyətindən söhbət gedir. Bəzi yoldaşlar qeyd edir ki, nə üçün bu şəxslərin adı açıqlanmır? Çünki həmin şəxslərin bəraət almaq şansları da var. Məhkəmə qərarını gözləmək lazımdır. Qərardan sonra həmin şəxslərin cinayətkar olub-olmaması barədə fikir söyləmək olar. Onlar arasında əsgər, çavuş, müddətdən artıq xidmət etmiş hərbi qulluqçu da var. Amma, əsla, Ermənistanın xüsusi xidmət orqanlarının Tərtərin mərkəzində iş aparmalarını düşünmək olmaz. Qətiyyən elə bir şey yoxdur, yalnız şəbəkə, mobil rabitə vasitəsi ilə baş verə biləcək hadisədir. Bunu da istintaq araşdırır. Lakin 30-40 nəfər yüz minə yaxın şəxsi heyətin nüfuzuna əsla xələl gətirə bilməz”.

Ekspert əlavə edib ki, ötən il aprel hadisələri zamanı verdiyimiz itkilərlə bağlı müəyyən fikirlər səsləndirilib: “Ola bilsin ki, müəyyən məlumatlar düşmənə ötürülüb, bu versiyanı da istisna etmirəm. Aprel hadisələri ilə bağlı hərtərəfli geniş araşdırma və təhlil aparılmalıdır. Təbii ki, uğurlarımız da oldu. Amma nə üçün bizim bu qədər itkilərimiz olub? Həmin hadisələr hərtərəfli araşdırılıb, müvafiq qiymət verilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.