“Erməniyə işləyən qrup MOSSAD-ın köməkliyi ilə de-şifrə olunub”

10-05-2017, 15:14           
“Erməniyə işləyən qrup MOSSAD-ın köməkliyi ilə de-şifrə olunub”
Fərrux Məmmədov: “İfşa edilən qrupun arxasında rus kəşfiyyatı dayanır”


Təmas xəttində xidmət edən və ermənilərlə əməkdaşlıqda ittiham olunan bir qrup hərbçinin, eləcə də mülki şəxslərin həbsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqdadır. Maraqlıdır, baş verən bu olay ordu daxilində, eləcə də təmas xəttində əks-kəşfiyyat tədbirlərini artırmaq ehtiyacını zəruri edirmi? Eyni halın yenidən baş verməməsi üçün hansı addımlar atılmalıdır?

Moderator.az -a açıqlama verən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov məsələ ilə bağlı maraqlı fikirlər səsəndirib:

“Öncəliklə ərazisinin iyirmi faizi işğal altında olan və daima müharibə şəraitində yaşayan bir dövlətin hərbiçilərinin düşmənlə bu və ya digər formada dövlətin xəbəri olmadan təması olduqca təhlükəlidir. Bu bir tərəfdən dövlətin milli təhlükəsizliyini təhdid altına alır, digər tərəfdən isə orduda böyük ruh yüksəkliyinin məhvinə gətirib çıxara bilər. Sözügedən məsələnin bu miqyasda yayılması və media tərəfindən işıqlandırılması isə ölkə daxilində fikirlərin dəyişməsinə gətirib çıxarda bilər.


Bu məsələnin arxasında rus hərbi kəşfiyyatı var və onların əsas məqsədi ölkədə milli təhlükəsizliyi daima təhdid altında tutmaqdır. DTX və Müdafiə Nazirliyinin əks-kəşfiyyatı görünür, bu məsələlərdə olduqca az informasiyaya sahibdirlər. Səbəb isə daxildə hələ də oturuşmuş rus kəşfiyyatının mövcud olmasıdır.

Cəbhə bölgəsində hərbçilərin və mülki şəxslərin düşmənlə əməkdaşlığı isə birbaşa yuxarı eşalonlarda olan şəxslərin kəşfiyyatla əlaqəli olmasının göstəricisidir. Çünki hərbçi və mülki şəxslərin əməkdaşlığa cəlb olunması böyük prosesdir və həmçinin bunun üçün rahat hərəkət etmə trayektoriyası gərəkdir. Bu, bir gündə baş verə biləcək məsələ deyil. Görünür ki, rus kəşfiyyatı maddi və texniki dəstəklə bu şəbəkənin yaradılmasında birbaşa iştirak edib. Əmin olun ki, bu prosesdə daha yüksək rütbəli hərbçilər də iştirak edib. DTX mütləq araşdırma aparmalıdır və daha dərin bilgilərə sahib olmalıdır. Əks halda, bu halqanın daha da uzun olma ehtimalı yüksəkdir.

Məndə olan bilgiyə görə, bu məsələni ortaya çıxaran, yəni informasiya verən tərəf MOSSAD olub. MOSSAD bu vəya digər yollarla Azəbaycan tərəfini bilgiləndirərək düşmənlə əməkdaşlıq edən qrupun olmasıyla bağlı informasiya verib. Daha sonra DTX bu əməliyyat üzərində işləyib və həbslər başlayıb. Bu onun göstəricisidir ki, hələ ki, DTX tam şəkildə istənilən effekt verən fəaliyyət göstərə bilmir. Səbəb isə odur ki, DTX yeni yaranan qurumdur və hələ də orada oturuşma prosesi başa çatmayıb. Bu kimi halların qarşısının alınması üçün mütləq şəkildə əks-kəşfiyyat və kəşfiyyat güclü olmalıdır.

Digər tərəfdən, burada sadəcə DTX deyil, Müdafiə Nazirliyinin əks-kəşfiyyatı və kəşfiyyatı da olduqca zəif fəaliyyət göstərir. Əgər hər hansı bir nazirlik daxilində bir nəfər casusluq edirsə, o nazirliyin işi yaxşı aparmadığının göstəricisidir. Yox əgər qrup şəklində casusluq mövcuddursa, deməli orada problemlər düşündüyümüzdən daha böyükdür. Müharibə şəraitində olan bir dövlətdə bunun baş verməsi isə olduqca təhlükəldir. Bu proses düşməni qalib kimi göstərə bilir. Bu isə çox təhlükəli siyasi-hərbi prosesdir!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.