"Mossad"ı Azərbaycana bağlayan nədir...

12-05-2017, 10:31           
"Mossad"ı Azərbaycana bağlayan nədir...
Dünyanın ən güclü kəşfiyyat orqanlarının ilk “beşliyinə” daxil olan təşkilat ölkəmizdə fəaliyyət göstərib, amma...


Azərbaycanda bir qrup şəxsin vətənə xəyanətdə ittiham olunaraq həbs olunması bəzi şayiələrin gündəmə gəlməsinə səbəb olub. Yayılan şayiələrdən biri də sözügedən əməliyyatın keçirilməsində İsrailin kəşfiyyat xidməti Mossadın iştirak etməsi ilə bağlıdır. Hətta şayiələr o qədər geniş yayıldı ki, sonunda Müdafiə Nazirliyi məsələyə münasibət bildirdi. Nazirliyin mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada əməliyyatda heç bir xarici kəşfiyyat orqanının iştirak etmədiyi bildirildi.


Sitat: “Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub”.


Məsələ ondadır ki, bu, Azərbaycanda Mossadın fəaliyyəti ilə bağlı ilk iddia deyil. Daha əvvəl də fərqli mənbələrdən dünyanın ən güclü kəşfiyyat orqanlarının Azərbaycanda fəaliyyəti ilə bağlı beynəlxalq mediada yazılar dərc olunub. İlk dəfə 2000-ci illərin sonlarında Amerika mediasında Mossadın Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq etməsi ilə bağlı yazılar dərc olunub. Bir neçə il əvvəl isə Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov bu faktı təsdiqləyən açıqlama vermişdi. Abramov bildirmişdi ki, İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir. Onun sözlərinə görə, bu gün Mossad Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Sitat: “2012-ci ildə Bakıda ”Eurovision" mahnı yarışması keçirilən zaman “Baku Kristal Hall”a yaxın yerdə, Xəzərdə suyun altında Mossadın akvalanqçı əməkdaşları İrandan Azərbaycana gələn terrorçuları tutdu. Avropa Oyunlarında da Bakının təhlükəsizliyini, oyun keçirilən əsas strateji obyektləri, məntəqələri Mossad qorudu".


Bundan başqa, keçmiş Mossad agentinin Bakıda keçirdiyi əməliyyatlarla bağlı xatirələri də bir müddət əvvəl mediada yayılmışdı. Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin olması, ölkəmizin yerləşdiyi coğrafi ərazinin strateji əhəmiyyəti dünyanın digər ölkələri kimi İsrailin də diqqətini çəkir.


Qeyd edək ki, dünyanın ən öndə gələn kəşfiyyat qurumlarından biri də İsrailin Mossad kəşfiyyat xidmətidir. Yeri gəlmişkən, İsrailin hərbi kəşfiyyat xidməti (AMAN) və Şin Bet (Şabak adı ilə də tanınır) daxili təhlükəsizlik xidməti də mövcuddur.
Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu və ya qısa adla Mossad (Mossad sözü ibrani dilində institut mənasını verir - K.R) 1949-cu il dekabrın 13-də yaradılıb. Mərkəzi ofisi paytaxt Təl-Əvivdə yerləşir. Rəsmi olaraq 1200 nəfər əməkdaşının olduğu elan edilsə də, sahə mütəxəssislərinin rəyinə görə, “sleeper” (yatmış) agentləri ilə birlikdə Mossadın 30 minə yaxın əməkdaşı var.


Mossad mülki qurumdur, baxmayaraq ki, əməkdaşlarının böyük əksəriyyəti hərbi xidmətdə olmuş şəxslərdir. Təşkilatın əsas fəaliyyəti kəşfiyyat məlumatlarının toplanması, İsrailə qarşı gizli planların ifşa olunması və nəhayət, xaricdə əməliyyatların keçirilməsidir. Mossad dünyada məhz xarici ölkələrdə keçirdiyi əməliyyatları ilə məşhurdur. 1972-ci il Münhen Olimpiadası zamanı İsrail idmançılarına qarşı terror həyata keçirən FAT üzvlərinin xarici ölkələrdə məhv edilməsi, 2010-cu ildə Dubayda Həmasın hərbi qanadının liderlərindən olan Mahmud əl-Məbhuhun oteldəki nömrəsində qətlə yetirilməsi Mossad agentləri tərəfindən həyata keçirilib.


Azərbaycan İsraillə yaxından əməkdaşlıq edən, tərəfdaş ölkələrdən biridir. Bu mənada Azərbaycanın digər dövlət orqanları kimi kəşfiyyat xidmətlərinin qurulması, müasir kəşfiyyat fəaliyyətləri sahəsində təcrübə əldə etməsi üçün Mossaddan yardım alması mümkündür. Bunu bu günə qədər yayılan məlumatlar da təsdiqləyir.
musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.