Kreml Qarabağda hərbi baza yaradır – İRANLA MÜHARİBƏ PLANI
12-05-2017, 10:41
Rusiya Qarabağda öz hərbi bazasını yerləşdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı yazıb.
Sayt öz mənbələrinə istinadən xəbər verir ki, Moskvanın nəzərdə tutduğu baza İranla sərhəddə olacaq: “Rusiyanın bu planı lap əvvəldən var. Belə fikirlər var idi ki, Rusiya rayonları Azərbaycana qaytarır, əvəzində İranla sərhəddə hərbi baza yaradır. Bakı buna razı olmadığı üçün məsələ təxirə düşüb. Rusiyanın eyni istəyi Ermənistanın da qarşısında qoyduğu deyilir”.
Mənbələr sayta Rusiyanın planının detallarını açıqlayıb.
“Qarabağ münaqişəsi “Kazan düsturu” çərçivəsində həll olunur, rayonlar Azərbaycana qaytarıldıqdan sonra bu bölgədə - İranla sərhəddə hərbi baza qurulur. Lakin Bakı Rusiyanın bu şərtini qəbul etmir”, - deyə məlumatda bildirilir.
Bu informasiyanın doğruluğu şübhə altındadır, lakin diqqət çəkən məqam Rusiyanın məhz İranla sərhəd bölgəsinə “göz dikməsi” haqda deyilənlərdir.
Hesab etmək olar ki, Moskva belə bir hərbi baza ilə İranın qarşısını almaq niyyətindədir. Xüsusilə İranın rusların forpostu olan Ermənistan üzərindən Qafqaza girmək planları fonunda bu izah məntiqli görünür. Lakin burada Rusiyanın İranla gələcəkdə nəzərdə tutduğu toqquşma da əsas faktor ola bilər. 2008-ci il avqust müharibəsindən sonra Rusiyanın planlarına dair müxtəlif versiyalar yayılmışdı. Gürcüstan mediasının irəli sürdüyü versiyalardan biri o idi ki, Rusiya gürcü torpaqlarından Ermənistandakı 102-ci hərbi bazasına quru yolu açmaq və gələcəkdə İranla müharibəyə hazır olmaq istəyir.
İndiki situasiyada Rusiya-İran müharibəsi ağılasığmaz iddia kimi görünür. Lakin o dəqiqdir ki, Tehran və Moskvanı üçüncü güclərə qarşı mübarizə birləşdirir və bu, daimi olmayan birlikdir. Gələcəkdə İran-Rusiya qarşıdurması istisna deyil və hər iki ölkə Qafqazda toqquşa bilər. Çünki İranın əsas maraq dairəsi bu bölgədir. Görünür, Qarabağ bölgəsində məhz İranla sərhəddə hərbi baza yaratmaq istəyən Rusiya Tehranla uzaq perspektivdəki mümkün toqquşmada əlini gücləndirmək niyyətindədir.