"Kod adı BET olan Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alıb" - İttiham aktı

12-05-2017, 19:17           
"Kod adı BET olan Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alıb" - İttiham aktı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun hər ay MTN-dən aldığı pul mükafatı aldığı açıqlanıb.
"Report"un məlumatına görə, MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxslər kod adı - “BET”-ə, “TT”-yə, Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan “İƏ”-yə raportlarda qeyd edilən məbləğlərdə vəsait ödənilib.
İttiham aktına əsasən, etibarlı şəxs “BET” - Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. E.Behbudova 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2 500 manat ödənilib. “BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.
Bundan başqa, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
E.Behbudov 2015-ci ilin noyabrın 14-də vəfat edib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.