Generallar üçün “Maybach”: hörümçək toru kimi...
26-07-2017, 18:46
Ermənilərin uzun illərdir Rusiyanın biznes-siyasi elitasına daraşıb ümumerməni maraqları naminə bu dövlətin siyasətinə necə təsir göstərməyə çalışdıqları çoxdan məlumdur. Virtualaz.org xəbər verir ki, xaricdə mənzillənmiş rusdilli “Meduza” saytının dərc etdiyi araşdırmada ermənilərin Rusiya elitası ilə hörümçək torunu xatırladan əlaqələri barədə bir çox sensasion məqamlar açıqlanır.
Bu araşdırmada lisenziyası 2015-ci ildə geri alınan “Probiznesbank”la Rusiyanın güc strukturları ilə nəhəng biznes quran “Avilon” şirkətinin sahibləri arasında Nyu-York məhkəməsində bir ildən çoxdur gedən çəkişmədən söhbət gedir. Tərəflərdən ikincisi birincidən ona olan borcunu qaytarmağı tələb edir, ikinci tərəf isə birincini təhdidlərdə və Rusiyada cinayət təqibində günahlandırır.
“Avilon” şirkəti ilə “Probiznesbank” arasında işgüzar əlaqələrə dair məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, həmin şirkətin sahibləri ilə Rusiyanın Baş prokurorluğunun rəhbərləri arasnda sıx əlaqələr var.
Kamo Avaqumyan (solda) və İqor Çayka
Araşdırmada deyilir ki, “Probiznesbank” lisenziyası ləğv edilənə qədər aktivlərinə görə Rusiyanın 60 ən iri bankından biri idi. 2015-ci ildə Mərkəzi Bank “Probiznesbank”dan 30 milyard dollarlıq aktivlərin çıxarılmasını aşkar edərək onun lisenziyasını ləğv edib. Bankın sahibləri Leontyev və Jeleznyakın barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin qərar çıxarılanda onlar çoxdan okeanın o tayında-ABŞ-da idilər.
“Probiznesbank”ın müştərilərindən biri də “Avilon” şirkətinin həmsahibi Kamo Avaqumyandır. “Avilon” çoxprofilli holdinqdir, holdinqə daxil olan şirkətlər Rusiya dövlətindən daim pul alırlar. Məsələn, belə firmalardan biri “Solt” 2016-cı ildə “Rostex” dövlət korporasiyasına “Mercedes” və “Maybach” avtomobillərinin lizinq yolu ilə satılmasına dair üçillik müqavilə bağlayıb. Müqavilənin həcmi 900 milyard rubla yaxındır.
"Probiznesbank"ın keçmiş prezidenti Leontyev
“Avilon”un digər bölməsi-“Avilon AQ” avtodiler şirkəti uzun illərdir demək olar ki, Rusiyanın bütün üc strukturlarına avtomobillər satır. Məsələn, son 6 ildə şirkət Baş prokurorluğa avtomobil satmaq üçün 700 milyon rublluq müqavilə bağlayıb.
Avaqumyanın özü barədə çox az məlumat var. Məlum olan budur ki, vətəni Ermənistanda o, xeyriyyəçiliklə məşğul olur. Erməni KİV-lərinin məlumatına görə Avaqumyanın oğlunun Moskvadakı toyuna hətta prezident Serj Sərkisyan özü gəlmişdi. Avaqumyan 2008-ci ildən etibarən Ermənistan Baş prokurorluğunun Rusiyadakı rəsmi nümayəndəsidir, ancaq buna görə heçbir maaş-filan almır. Səlahiyyəti də yoxdur və “ictimai əsasla” işləyir, əvəzində hər iki ölkənin prokurorluq nümayəndələri ilə şəxsən təmas qura bilir.
Bir çox illər ərzində Avaqumyan şəxsən və “Avilon” şirkəti öz dollarlarını və avrolarını “Probiznesbank”a yatırırdılar, buna görə ildə 10-12 faiz gəlir götürürdülər. Pullar isə bankın özündə deyil, Rusiya və offşor şirkətlərdə saxlanılırdı. Bu, bankirlərə pulları qeyri-leqal şəkildə dövr elətdirməyə, müştərilərə isə yüksək gəlir gətirməyə imkan verirdi.
"Probiznesbank"ın idarə heyətinin keçmiş sədri Jeleznyak
Avaqumyan özü Nyu-York məhkəməsinə deyib ki, milyonlarla dolları nəğd şəkildə Leontyevin və Jeleznyakın adamlarına çantalarda verirdi, əvəzində onlar oğlu Karenin adına rəsmiləşdirilmiş veksellər təqdim edirdilər. Bir il sonra veksel geri qaytarılırdı, dollarla dolu çantalar isə bir az ağırlaşaraq Avaqumyana qayıdırdı. 2005-ci ilə qədər Avaqumyan bankirlərlə bu qayda ilə problemsiz işləyib, ancaq bankın lisenziyası alınanda veksellər üzrə ödəmələr dayanır. Nəticədə bankirlər Avaqumyana və şirkətinə 100 milyon dollar borclu qalırlar. Və beləcə onların arasında məhkəmə çəkişməsi başlayır.
“Avilon” şirkətinin digər şəriki ABŞ vətəndaşı pasportunu daşıyan Aleksandr Varşavskidir. Bankirlər deyir ki, məhz Avaqumyan onların barəsində cinayət işinin qaldırılmasını təşkil edib. Borc məsələsi ilə bağlı Varşavski 2015-ci ilin avqustunda Londonda Leontyev və Jeleznyakla görüşüb. Həmin söhbətin məhkəməyə təqdim edilmiş lent yazısına əsasən Varşavski deyir ki, borcun qaytarılması qrafiki olmadan Rusiyaya geri qayıtsa onun başını üzərlər. Çünki həmin pullarla bağlı Avaqumyanın “çox nüfuzlu adamların” qarşısında öhdəliyi var.
“Siz deyirsiniz ki, arxanızda çox qüdrətli adamlar dayanıb, yüksək rütbəli prokurorlar, baş prokuror Çaykanın oğlu. Əladır”-Leontyev əvvəlki söhbətlərinə eyhamla ona cavab verir.
Diana Karapetyanın adına borc sənədi
Borclara dair məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, “Probiznesbank” Avaqumyanın oğlu Karenlə yanaşı Rusiya Baş prokurorunun müavini Saak Karapetyanın qızı Diana Karapetyanın adına da milyonlarla dollarlıq veksellər verib. Həmin Diana Karapetyanın 32 yaşı var, Londonda yaşayır. Sosial şəbəkədə atasının digər gənc qohumları ilə dostluq edir, zarafatla bu erməni törəmələri özlərini hətta “K-klan” adlandırır. Karapetyanın anası Rusiyada tikinti, daşınmaz əmlak və ticarət biznesi ilə məşğul olan şirkətlərin sahibidir. Atası Saak Karapetyan prokurorluq orqanlarında 80-ci illərdən işləyir və Çayka hansı vəzifəyə getsə onu da özüylə dartıb aparıb.
Avaqumyanın vasitəsilə “Probiznesbank”a nəğd pul yatıranlardan biri də Rusiya İstintaq Komitəsinin Baş təchizat İdarəsinin keçmiş rəis müavini Boris Zuyev olub. Londonda Leontyevlə borc məsələsinə görə danışıqlarda iştirak edənlərdən biri də odur. Zuyev İstintaq Komitəsinin təchizat idarəsində işləyəndə “Avilon” şirkəti Komitənin müstəntiqləri üçün avtomobillərin əsas təchizatçısı idi, 2007-2010-cu illərdə Komitəyə 700 milyon rublluq avtomobil satmışdı.
Kamo Avaqumyan və Boris Zuyev
Avaqumyanın baş prokurorun oğlu ilə şərik olması isə ayrı məsələdir. 2014-cü ilin mayında Artyom Çayka və baş prokurorun müavininin keçmiş arvadı Olqa Lopatina Yunanıstanın Halkidiki yarımadasında dəbdəbəli “Pomegranate Wellness Spa” otelinin lentini kəsdilər. Bu otelin 42.5 faizi Kipr şirkəti “Aminesa Holdings”ə məxsusdur. Avaqumyan həmin şirkətin səhmlərinin yarısının sahibidir, yaxud oteldə 21.25 faizlik payı var. Çayka və Lopatina da eyni həcmdə paketə malikdir.
Avaqumyanın digər partnyoru Rusiyanın ən varlı ermənisi, “Taşir” qrupunun prezidenti Samvel Karapetyandır. Avaqumyanın böyük oğlu isə hazırda Rusiya Baş prokurorluğunda özünə karyera qurur. Ötən il, cəmi 30 yaşında Gerorgi Avaqumyan Baş prokurorluğun qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin olunub.
Avaqumyanın əlaqələri isə təkcə Baş prokurorluqla bitmir, özünün dediyi kimi onun şirkəti FTX-yə, DİN-ə, “Rosneft”ə, “Qazprom”a da maşınlar satır...