Moskva-Bakı münasibətlərində “Lavrov düyünü”
28-07-2017, 09:34
Erməni mənşəli Lavrov vəzifədən getsə...
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Turan”a müsahibəsində artıq Rusiya tərəfində Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr olduğunu etiraf etdiyi barədə məlumatlar olduğunu bildirib. O qeyd edib ki, həmin üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Prezidentlərin görüşündə də bunun müzakirə olunan çox vacib bir məsələ olduğu haqda xəbərlər var:
“Bu məlumatı qəbul edək. Hər halda, mən o adamlardan biriyəm ki, bu məlumatı həqiqətəuyğun məlumat kimi qəbul edirəm. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur. Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur və mən də onun tənqidçilərindən biri idim. Hesab edirəm ki, etnik mənsubiyyət qeyri-balanslaşmış bir mövqeyə gətirib çıxarıb. Təbii ki, bu da öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində böyük bir maneə olub”.
Qeyd edək ki, Sergey Lavrov mənşəcə ermənidir və uşaqlıq dövründə soyadı Kələntəryan olub. Atasının erməni olduğunu Lavrov özü də dəfələrlə dilə gətirib və erməniləri sevdiyini deyib. Qarabağ məsələsi ilə bağlı açıqlamalarında da Ermənistanın xeyrinə olan açıqlamaları dəfələrlə onun dilindən eşitmişik. Məsələn, bir müddət öncə o bəyan etmişdi ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil.
Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. XİN rəhbəri olaraq Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir.
Bəs Sergey Lavrovun erməni mənşəli olması Qarabağ danışıqlarında, Rusiyanın mövqeyində ermənilərin xeyrinə işləyirmi? Bu şəxs nazir vəzifəsindən çıxsa və Qarabağ məsələsindən kənarlaşdırılsa, Qarabağ məsələsi ilə bağlı Rusiyanın mövqeyində az da olsa dəyişiklik yaranarmı?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun erməni mənşəli və həm də Ermənistanın maraqlarından çıxış edən bir şəxs olması şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesinə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərir. Sergey Lavrov tək deyil.
Rusiyanın xarici siyasət idarəsində və digər nüfuzlu dövlət qurumlarında ermənilərin və onların ələ aldığı siyasətçi və məmurların sayı az deyil: “Eyni zamanda Rusiyanın kütləvi informasiya vasitələrində çalışan, Azərbaycan əleyhinə aşkar və gizli təbliğat aparan erməniləri, həmçinin bəzi satqın azərbaycanlıları da bu sıraya qatmaq lazımdır. Bu insanlar istənilən imkandan yararlanaraq Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmağa, Moskva-Bakı münasibətlərini dalana dirəməyə çalışırlar. Lakin məsələnin digər tərəfləri də var. Rusiya dövlətçilik ənənələri olan nəhəng dövlətdir. Bu ölkədə yalnız Rusiya dövlətçiliyinin mövqeyində dayanan və öz ölkələrinin maraqlarını ifadə edən yüksək ranqlı siyasətçilərin, məmurların sayı digərlərindən daha çoxdur. Rusiya prezidentinin də çox güman ki, bu və ya digər proseslər haqqında bir neçə mənbədən informasiya almaq, təhlil etmək, nəticə çıxarmaq imkanları var. Əgər Lavrovun Azərbaycana qarşı qərəzli davranışları rəsmi Moskvanın konkret zaman kəsiyindəki maraqları ilə kəskin ziddiyyət təşkil etsəydi, o zaman yəqin ki, vəzifəsindən azad olunardı. Amma göründüyü kimi, Rusiya xarici işlər nazirinin Moskva-Bakı münasibətlərini pozmağa yönəlmiş səylərinə qarşı ciddi reaksiya nəzərə çarpmır. Ola bilsin ki, hansısa mərhələdən sonra biz Lavrovun neytrallaşdırıldığının şahidi olacağıq. Amma bunun yaxın zamanlarda baş verəcəyi inandırıcı deyil”.
Politoloqun sözlərinə görə, əgər Rusiya və təbii ki, bu ölkənin prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün konkret hərəkətə keçmək istəyərsə bunun qarşısını nəinki Lavrov və Rusiyadakı ermənipərəst dairələr, heç böyük güclər də ala bilməzlər: “Rusiyanın bugünkü strategiyası rus dövlətçiliyinin klassik ənənələrinə söykənir. Diqqət yetirsəniz görərsiniz ki, son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlər Rusiya ilə bağlıdır. Rusiya, rus siyasətçilərinin, politoloqlarının açıqlamaları Azərbaycanın gündəmini az qala zəbt edib. Bu isə ictimai rəyin idarə olunması, yaxud təsir altında saxlanılması üçün sınaqdan keçirilmiş texnologiyalardır”.
Etibar SEYİDAĞA
Musavat.com