Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL

28-07-2017, 10:41           

Tarixçi alim Ramin Əlizadə akademik, deputat Nizami Cəfərova cavab məqaləsi yazıb.
Ramin Əlizadənin Modern.az saytına göndərdiyi yazını təqdim edirik.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, Turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaradılmış Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərovun Azərbaycan türklərinin tarixi ilə bağlı yeni araşdırması bir çox ziddiyyətli məqamları ilə diqqəti cəlb edir.
O, Azərbaycanda Atatürk Mərkəzinin “Bülleten”ində (2017-ci il, 1(61)) yayınlanmış “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı” adlı yazısında türklərin gəlmə etnos olmasını qeyd edir. Azərbaycan toponiminin və buradakı türk əhalisinin mənşəyi ilə bağlı N. Cəfərov üç mühüm “kəşf”ini ortaya qoyur:
I kəşf – “Azərbaycan toponimi yunan mənşəli Atropatena sözündən törəyib” (səh. 39);
II kəşf – “E.ə. IV minlliyin sonu – III minilliyin əvvəllərinədək türklər monqollar və tunqus-mancurlarla birlikdə Altay birliyində olublar” (səh. 40);
III kəşf – “Qafqaz dağlarını aşıb keçən hun (get-gedə daha çox qıpçaq) türkləri nə qədər Cənuba ensələr də, onların məskunlaşdıqları əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya) idi” (səh. 43).
Qeyd edək ki, hələ XVIII-XIX əsrlərdə Qərbi Avropada, sonradan isə Çar Rusiyasında bütün Qafqaza, eləcə də Azərbaycana türk boylarının ilk gəlişi XI əsrin ortalarında Orta Asiyadan oğuzların axınları ilə əlaqələndirilirdi. Rus şovinizminin tüğyan etdiyi keçmiş Sovetlər Birliyində türk tayfalarının Azərbaycana gəlmə olması ilə bağlı qərəzli konsepsiya işlənib hazırlandı. Bu konsepsiyadan kənara çıxmaq olmazdı. Hətta Cənubi Qafqazda türk varlığını aradan çıxarmaq üçün gürcü əsilli sovet rəhbəri İ.V.Stalin köçürmə planı da hazırladıb.
Uzun illər Şərqi Avropa, Qara dəniz hövzəsi və Qafqazlarda qədim türk mədəniyyətinin izlərini itirmək sovet tarixçilərinin qarşısında prioritet mövzular kimi qoyulub, nəticədə onların “gərgin əməyi” nəticəsində bir çox yerli xalq ya slavyan, ya Qafqaz-iber, ya da İran mənşəli sayılıb.
Tarix elminin sovet ideologiyasına xidmət etdiyi dövrün ümumi mənzərəsi bu cür idi. İlk dəfə L.N.Qumilyov bu təbliğata qarşı çıxdı. Lakin onun bəhrələndiyi mənbələr iki qrupa ayrılırdı: birincisi, əsasən Çin yazılı qaynaqları, ikincisi isə Mərkəzi Asiyanın epiqrafikası və arxeologiyası ilə bağlı qaynaqlar. Lakin onun mövqeyində çatışmayan istiqamət Ön Asiyanın qədim yazılı mətnlərində türklərlə bağlı erkən məlumatları tədqiqata cəlb etməməsi olmuşdur. Hətta L.N.Qumilyov türklərin Qərb dünyası ilə ilk təmasını təbii-tarixi prosesin (passionarlığın) nəticəsi hesab edirdi.
Şübhəsiz ki, akademik N.Cəfərovun yazdıqlarından da göründüyü kimi o, Azərbaycan coğrafiyasında türk boylarının erkən tarixi ilə bağlı irəli sürdüyü fikirlərində L.N.Qumilyovun passionarlıq nəzəriyyəsinə əsaslanır.
Bu nəzəriyyə isə öz növbəsində türklərin Xəzər ətrafı bölgələrdə, əsasən də Qafqazlarda sonradan məskunlaşmasını sübut etməyə xidmət edirdi. L.N.Qumilyovun “Xəzərətrafı minilliklər” adlı əsərinin 200-cü səhifəsində oğuzların Ural hövzəsində, tayqa və çöllə (Böyük Çöl nəzərdə tutulur – R.Əlizadə) sərhəddə yaşadığı qeyd edilir. Həmin əsərin 202-ci səhifəsində oğuzların mənşəyi ilə bağlı heç bir ciddi dəlil olmadan belə bir fikir irəli sürür: “Quzlar (yəni oğuzlar – R.Əlizadə) qədim turanlıların, sarmatların və alanların varisləridir” (s.202). Məlumdur ki, alanlar müasir osetinlərin əcdadıdır.
Bu etnos isə İran dil qrupuna daxildir. Elə təkcə bu fakt L.N.Qumilyovun oğuzlar barəsində yanlış mövqeyini ortaya qoyur. Nəticədə, o, ciddi elmi dəlillərə söykənməyən dili, dini dünyagörüşü, maddi-mədəni irsi bir-birinə uyğun gəlməyən müxtəlif mənşəli tayfaların birləşdirilməsinə və super etnosun ortaya çıxmasına yönəlmiş qondarma bir konsepsiya ortaya qoymuşdur. E.ə. VIII əsrin əvvəllərindən Urartu mixi yazılı qaynaqlarında, e.ə. VII əsrin birinci rübündən etibarən Aşşur kitabələrində İç Oğuz elindən müvafiq olaraq, İşquq Eli və İşquz Eli kimi bəhs olunmuşdur. Diqqəti cəlb edən məqam isə odur ki, hər iki qaynaqda oğuzların Azərbaycanın əsas əhalisi olmasından bəhs edilir. Urartu çarı I Argiştinin dövrünə aid Hor-hor kitabəsinin V sütunu üzərində İşqi(u)g-ili adlı ölkədən, yəni İç Oğuz Elindən bəhs edilir. Yunan əlifbasında “ş” hərfi olmadığı üçün ellinizm dövründə bu tayfanın adı “skith” (yəni iskit – R.Əlizadə) kimi geniş yayılmış və sonrakı dövrə aid əsərlərdə məhz bu cür əks olunmuşdur. Digər tərəfdən V.V.Bartold, V.M.Jirmunski və A.Y.Yakubovski kimi dünya şöhrətli alimlər Erkən Orta çağda “Kitabi Dədə Qorqud” dastanının məhz Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda formalaşdığını qeyd ediblər.
Müasir Azərbaycan Respublikasının xəritəsində dövlətimizin əhatə olunduğu bütün sərhədlər tarixi Azərbaycan torpaqlarıdır. Bunu Azərbaycan tarixinin şüarı kimi başa düşmək lazımdır. Tarix elmi ciddi qaynaqlar əsasında tədqiq olunduqda dost, həmsərhəd dövlət düşmənə çevrilmir, əksinə düşməni tanımaq potensialı yaradır. Mənə elə gəlir ki, müasir Azərbaycan Respublikası özünün xarici siyasətində bütün qüvvəsini məhz gələcəkdə ərazi bütövlüyünə, müstəqilliyə əngəl yarada biləcək təhlükələrə qarşı səfərbər etməlidir. Akademik N.Cəfərov yazısının 42-ci səhifəsində qeyd edir ki, Azərbaycana gələn ilk türklər “eramızın ilk əsrlərində Altaylardan Qərbi Avropaya yürüş edən hunlar idilər”.
Hətta bu barədə yazısının 2-ci yarımbaşlığını “Azərbaycanın türkləşməsi” adlandırır. Sual olunur, bəs görəsən türklər gələnədək Azərbaycanın yerli xalqı hansı dil ailəsinə, etnik kökənə mənsub idi?
Görkəmli türkoloq L.Rasonyi Atatürkün xatirəsinə ithaf etdiyi “Tarixdə Türklük” adlı məşhur əsərində türkologiyanın demək olar ki, bütün sahələrinə nəzər yetirir. Onun türklərin ana yurdu ilə bağlı fikirləri xüsusilə maraqlıdır. L.Rasonyinin əsərinin giriş hissəsi bu sözlərlə başlayır: “Batılı millətlərin ortaya çıxmasından daha öncə türklük, dünyamızın ən böyük səhnəsini təşkil edən Avrasiyanın hər çağında və hər bucağında böyük rol oynamışdır” (s.1). Türklərin mənsub olduğu irq avropoid, tipin adı isə turani tipidir. Bu tip Uzaq Şərq və Sibirdən Mərkəzi Avropaya qədər, cənubda Hindistana, İrana və Balkanlaradək geniş yayılmışdır. Türklərin monqoloid olmamasına münasibət bildirən L.Rasonyi qeyd edir ki, türklərin arasında qərbdən şərqə doğru getdikcə bu irqin (monqoloid irqi nəzərdə tutulur – R.Əlizadə) xüsusiyyətlərinə sahib olan qruplara rast gəlinir. Azərbaycanın qədim yerli türk tayfaları hurrilər, qutilər, lullubilər, turukkilər, şubarlar, etiular (utilər), albanlar, qarqarlar və s. olmuşdur. Onların ən çox qarışdığı tiplər Mesopotamiya və Aralıq dənizi tipləridir. Orta Asiya türklərinin isə daha çox monqoloidlərlə yaxın coğrafiyanı paylaşmasını xüsusilə qeyd etmək olar. Buna görə Qafqazda, eləcə də Azərbaycan ərazisində yaşayan qədim türk tayfalarında monqoloid irqinə məxsus olan göstəriciləri müəyyənləşdirmək məntiqsiz bir cəhddir. Amma Orta Asiya türklərində monqoloidlərə xas olan əlamətləri müəyyənləşdirmək təbii haldır. Hətta iskitlər kranioloji göstəricilərinə görə və Hippokratın qeydlərinə əsasən turani tipinə aid edilir (Wiesner J. Kimmerien und Skythen im Lichte neuer Indogermanen. Forschung. Forschungen und Fortschritte, 1943, s.215).
E.ə. XXIII əsrdə Akkad hökmdarı Naram-Suenin hücumuna məruz qalan ölkələr içərisində Türk dövlətindən bəhs olunur. E.ə. XVIII əsrin əvvəllərində Aşşur hökmdarı I Şamşi-Adadın və oğlu İşme-Dağanın Cənubi Azərbaycana hücumlarının qarşısını turukki (türk) tayfaları aldılar. Turukkilər Babilistan hökmdarı Hammurapinin ordusunu da darmadağın etdilər.
Akademik N.Cəfərov Atropatena adının yunan mənşəli olmasını qeyd edir. Buradan belə nəticə çıxır ki, Atropat yunandırsa onun mənsub olduğu etnos da yunan mənşəlidir. Azərbaycanda sovet tarix məktəbinin “sütunları”ndan sayılan İqrar Əliyevin “Atropatena tarixinin oçerki” kitabında Atropatena adının İran mənşəli olması barədə dəstəklədiyi konsepsiya bundan daha cəlbedici görünür. Qaldı ki, Atropatena adına, qeyd edək ki, bu adın ortaya çıxdığı vaxtdan (e.ə. IV əsrin ikinci yarısı) dörd əsr əvvəl, yəni e.ə. VIII əsrin ikinci yarısında Aşşur mixi yazılı qaynaqlarında Urmiya ətrafında Az(e)ri ölkəsindən bəhs olunur. Ən azından bunu diqqətdən kənarda qoymaq olmaz. Epiqrafik qaynaqları diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, Az(e)ri ölkəsi coğrafi baxımdan turukkilərin yaşadığı ərazi ilə üst-üstə düşür. Həm Ön Asiyanın qədim tarixində türklərin mühüm rol oynaması, həm də Atropatena adından xeyli əvvəl Az(e)ri (və ya Azəri) toponiminin yazılı qaynaqlarda əks olunması indiyədək Azərbaycan türklərinin genezisi ilə bağlı problemə yenidən nəzər yetirməyin vaxtı çatdığını sübut edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.