QAÇ, MİXAİL, QAÇ! Poroşenko və Saakaşvili arasındakı körpülər niyə yandı? - TƏHLİL
29-07-2017, 00:05
Prezident Pyotr Poroşenko öz fərmanı ilə Gürcüstanın qalmaqallı keçmiş prezidenti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Sensasiyalı qərarın formal səbəbi kimi Saakaşvilinin vətəndaşlığının rəsmiləşdirilməsi zamanı verdiyi guya səhv məlumatlar göstərilir.
Bu qərardan sonra siyasətçini nələr gözləyir və Ukrayna hakimiyyəti niyə bu dərəcədə radikal addım atdı?
Publika.az bu barədə təhlil yazısını oxuculara təqdim edir.
2 İLLİK VƏTƏNDAŞLIQ
Mixail Saakaşvili Ukrayna vətəndaşı olaraq 2 ildən bir az artıq vaxt qala bildi. Gürcüstanın sabiq prezidentinə vətəndaşlığın verilməsi haqqında fərman 2015-ci il mayın 29-da Poroşenko tərəfindən imzalanıb. Elə ertəsi gün isə legioner Odessa vilayət administrasiyasının rəhbəri təyin olunub. Qeyd etmək lazımdır ki, müvafiq qərarı Ukrayna lideri qəfil qəbul etməyib: Saakaşvili 2015-ci ilin fevralından Poroşenkonun ştatdankənar müşaviri idi və yerli siyasi landşaftın öyrənilməsi ilə ciddi məşğul olurdu.
Qubernator təyin olunandan sonra az qala onu Ukraynanın baş naziri vəzifəsinə də layiq görürdülər. Saakaşvili özü isə bu barədə bir qədər səmimi görsənmirdi.
"Ukraynanın baş naziri? Səfehlikdir, mənim Ukraynada siyasi ambisiyalarım yoxdur. Odessada missiyamı başa vurandan sonra böyük məmnuniyyətlə doğma Gürcüstana geri qayıdacağam və orada öz fəaliyyətimi davam etdirəcəyəm", - deyə Saakaşvili çıxışlarında bildirirdi.
Reallıqda bu missiya necə cərəyan etdi, hamıya məlumdur. O, Ukraynada partiya yaradaraq, birbaşa prezidentin üstünə getməyə çalışırdı. Saakaşvilinin hətta Ukrayna ölçülərinə görə ekstravaqant hərəkətlərinə rəsmi Kiyev uzun müddət dözə bilmədi: Poroşenkonun ünvanına ötən ilin noyabrından başlanan fərdi hücumlar prezidentə sərt tədbir görməkdən başqa əlac buraxmadı.
Saakaşvili növbəti seçkiləri hədəf seçməklə, öz siyasi partiyasını qurmağa çalışırdı. Hələ ilin əvvəlində o, nikbin görünürdü: Ədliyyə Nazirliyi onun “Yeni qüvvələr hərəkatı” adlı partiyasını rəsmən qeydiyyata alıb və ictimaiyyətə pafosla "gənc və perspektivli" komandanın özəyini təqdim edib. "Bu, sanki, ölkənin prinsipial yeni siyasi sinfinin formalaşmasına doğru atılan bir addımdır", - deyə, istefada olan qubernator nazirliyin qərarını təqdir edirdi. Rəsmi Kiyev təhlükəni gec də olsa görəcəkdi...
POROŞENKODAN 50 AVRO TƏZMİNAT İSTƏDİ
Amma yay aylarına yaxın legioner siyasətçinin işlərində nəsə düzgün getmədi. Əvvəlcə Saakaşvili "sən alçaq və əclafın birisən!" üslubu ilə ədliyyə naziri ilə növbəti qalmaqala girdi. Qəzəbə səbəb o oldu ki, qurum siyasi qüvvəni "Mixail Saakaşvilinin Bloku" adı ilə qeydə alıb. Sonra iyunda Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində gürcü legionerinin özünüreklam çıxışları onun üzərinə yumurtaların atılması ilə nəticələndi. Bu hadisə Saakaşvilinin yüksək ambisiyalarını söndürmədi və o, növbəti turunu “müqəddəs yer” - Vinnisk vilayətinə etdi. Bu region Poroşenko və onun komandasının toxunulmaz mülkü sayılır. Nəticə təbii ki, gözlənilən idi: az adamla qarşılanan görüş və yumurta atəşi. Bundan sonra qaçaq eks-prezident öz qəlbinin bütün genişliyini nümayiş etdirdi: futbolkasının kirlənməsinə görə, Poroşenkoya 50 avroluq hesab göndərdi...
Görünür, avantürist legionerin Vinnisk səfəri Ukrayna liderinin səbir kasasına yığılan son damla oldu. Poroşenko nəhayət anladı ki, Saakaşvili üçün tabu və sərhəd anlayışları yoxdur. Üstəlik, anladı ki, Saakaşvili tarana (va-bank) getməyi seçib. "Biz ümumi səfərbərlik elan edirik və birgə fəaliyyət qərargahlarımızın yaradılmasına başlayırıq. Qanuna görə, bu parlament ölkəni daha 2 il idarə etməlidir. Amma buna vaxt yoxdur! Ukrayna xalqı ilə oyunlar başa çatmalıdır!”, - deyə Saakaşvili iyulun 20-də çıxış edib və vurğulayıb ki, onun məqsədi bu “oğru oliqarxiya hakimiyyəti”ni tamam məhv etməkdir.
Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi məlumatını bayağı hesab etmək olmaz. Məlumatın ilkin mənbəyi olaraq, nədənsə baş fiqurant kimi daha bir qalmaqallı personaj, Radikal partiyasından olan millət vəkili İqor Mosiyçuk oldu. "Poroşenko nəhayət, öz səhvlərini etiraf etməyə başlayıb. O, qanunsuz yolla ona vətəndaşlıq vermişdi və indi öz səhvlərini düzəldir, əlvida Mişka, əlvida", - deyə Mosiyçuk ilk olaraq məlumatı ictimaiyyətə bildirib.
Bu informasiya əməlli-başlı coşandan sonra, Ukrayna Dövlət Miqrasiya Xidməti xəbəri rəsmi olaraq təsdiq etdi. İdarədən problemin konkret olaraq nədən ibarət olduğuna aydınlıq gətiriblər: Ukrayna vətəndaşlığı almaq üçün təqdim edilən sənədlərdə Saakaşvili vurğulamamışdı ki, o, istintaq altındadır. Halbuki, Gürcüstan ərazisində o, əslində qiyabi həbs edilib. Yeri gəlmişkən, rəsmi media bundan sonra da sənədlə bağlı dolğun məlumat yaymaqda ehtiyatlı davrandı və müvafiq fərmanı gözlədi. Lakin aydındır ki, belə bir sənədi prezident administrasiyası ümumiyyətlə açıqlamaq niyyətində deyil. Çünki məlumat məxfi saxlanılır, xüsusilə fərdi məlumatların qorunması haqqında qanunvericiliyə müvafiq olaraq dərc olunmayacaq.
Qeyd etmək lazımdır ki, qanuna görə bu cür qərarları Ukrayna dövlət başçısı təkbaşına qəbul etmir. Əvvəlcə miqrasiya xidməti öz fikirlərini söyləyir, bunun əsasında vətəndaşlıq məsələləri üzrə Ukrayna prezidenti yanında xüsusi komissiya yaradılır. Prezident yalnız yekun qərar verir. Beləliklə, iş el qurulub ki, Poroşenko öz yaxasını məsuliyyətdən qaçıra bilər. Əgər Saakaşvili Avropa məhkəməsinə üz tutarsa, Kiyev öz qərarını ciddi arqumentlərlə müdafiə etməli olacaq. Bunu bacaracaqmı, zaman göstərəcək.
Hələlik isə təqib olunan siyasətçi və onun silahdaşları sadəcə aqressiv fikirlərlə kifayətlənirlər. Saakaşvili bildirib ki, Ukraynaya qayıtmaq üçün "qanuni hüquqlara" nail olacaq. Eyni zamanda bildirib ki, Poroşenko "həddini aşıb" və onu "qaçılmaz məğlubiyyət" gözləyir. Aydındır ki, bu məsələdə də Saakaşvili Rusiyanı günahlandırdı. Eks-prezident hesab edir ki, baş verənlər Ukrayna liderinin Gürcüstana səfərindan sonra oldu: "Poroşenko Gürcüstana ölkələr arasında əlaqə yaratmaq üçün getməmişdi, bu səfər, 2 oliqarxiya rejiminin - Poroşenkonun Ukraynası ilə Rusiyameylli Gürcüstanın növbəti sövdələşməsi idi. Və onlar uydurublar ki, guya Gürcüstan tərəfi haqqımda Ukrayna Baş Prokurorluğuna yeni sübutlar verib. Bu, növbəti yalandır", - deyə Saakaşvili olanları şərh edir.
Yeri gəlmişkən, bu ritorikaya artıq hamı o qədər öyrəşib ki, heç kim ona xüsusi diqqət yetirmir. Buna sübut kimi dünən, iyulun 27-də Kiyevin mərkəzinə Saakaşvilinin müdafiəsilə bağlı cəmi bir neçə yüz tərəfdarının çıxmasını göstərmək olar. Bir sözlə, ukraynada növbəti “Maydan” düzənləmək cəhdləri uğursuzluğa düçar olur.
ABŞ-ın YENİ MƏSİHİ?
İndi iki əsas məsələ gündəmdədir - Poroşenko niyə bu addımı atdı və onun gürcü rəqibinin taleyi bundan sonra necə olacaq? Məlumdur ki, iki ölkənin, ABŞ və Hollandiyanın (arvadı - Sandra Rulofs Niderlandlıdır) eks-prezidentə sığınacaq verməsində problem olmayacaq. Təsadüfi deyil ki, bir çox ssenarilər məhz orada hazırlanır. Bəs ABŞ Ukraynada növbəti uğursuzluğunu yeni məsihi Saakaşvili ilə qələbəyə apara biləcəkmi? Proqnozlaşdırılır ki, ABŞ Ukraynadakı növbəti seçkilərdə güclü fiqur kimi İqor Kolomoyskini seçəcək...
İstənilən halda hələlik Saakaşvilinin Ukraynaya dönüşü mümkün deyil.
Nəzəri cəhətdən Saakaşvili Ukraynaya həqiqətən də qayıda bilər, axı vətəndaşlığından məhrum edilməsi onun ölkəyə girməsini qadağan etmir. Lakin bu, şübhəsiz, nazik buz üzərində gəzmək olardı: Poroşenko keçmiş dostunu bir anın içində dəmir barmaqlıqlar arasına göndərə bilər, yaxud onun Gürcüstana təhvil verilməsini təmin edə bilər. Məlum, rəsmi Tiflis tərəfindən onların dostluğu zamanı rədd edilən bir neçə müvafiq müraciət olunmuşdu. İndi vəziyyət əsaslı şəkildə dəyişib və təqib olunan siyasətçi "Borispol" hava limanından elə ilk reyslə Tiflisə göndərilə bilər. Bəzi ukraynalı deputatlar bu ssenarini artıq təklif ediblər, əgər məşhur legioner qayıdarsa... Bütün bunları nəzərə alanda, artıq heç bir siyasi qüvvəyə lazım olmayan siyasətçiyə məşhur filmdəki sözləri demək qalır: qaç, Mixail, qaç!